Əfqanıstan ordusunun əsgərləri

Taliblər xüsusi təyinatlıları məhbusları sərbəst buraxdılar

28
(Yenilənib 17:35 22.08.2021)
Əfqanıstanın keçmiş hakimiyyət orqanlarının bəzi yüksək rütbəli nümayəndələrinin Taliban tərəfdarları tərəfindən saxlanıldığı və ya Taliban ölkəyə nəzarət qurduqdan sonra yoxa çıxdığı məlum olub.

BAKI, 22 avqust - Sputnik. Taliban* Əfqanıstanın qərbindəki Herat vilayətində saxlanılan xüsusi təyinatlı döyüşçüləri azad edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı radikal Taliban* hərəkatının nümayəndəsinə istinadən məlumat yayıb. Mənbənin bildirdiyinə görə, hakimiyyətin ələ keçirilməsi və keçmiş prezident Əşrəf Qəninin ölkədən qaçmasından sonra həbsdə olan 145 xüsusi təyinatlı sərbəst buraxılıb.

Avqustun 17-də Taliban keçmiş dövlət məmurları üçün ümumi amnistiya elan edib və onları dövlət idarələrinə işlərinə qayıtmağa çağırıb. Eyni zamanda, Əfqanıstanın keçmiş hakimiyyət orqanlarının bəzi yüksək rütbəli nümayəndələrinin Taliban tərəfdarları tərəfindən saxlanıldığı və ya Taliban ölkəyə nəzarət qurduqdan sonra yoxa çıxdığı məlum olub.

Taliban lideri Heybətulla Axundzadə isə Əfqanıstanın cənubunda yerləşən Gilmənd əyalətinin inzibati mərkəzi olan Ləşkərgahda 350 məhbusun azad edilməsi barədə əmr verib.

Yerli KİV-in məlumatına görə, taliblər Əfqanıstanın qəbindəki Fərahda 340 siyasi məhbusu, Uruzqan əyalətində isə 40 məhbusu sərbəst buraxıblar.

* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb.

Eləcə də oxuyun:

28
Teqlər:
Əfqanıstan, Taliban, xüsusi təyinatlılar
Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna dair müzakirələr

Bakıda Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna dair müzakirələr aparılıb

0
(Yenilənib 21:06 25.09.2021)
Cavid Qurbanov birgə fəaliyyət əsasında bu il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları sahəsində artıma nail olunduğunu diqqətə çatdırıb.

BAKI, 25 sentyabr — Sputnik. Bakıda "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" (BTNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı keçirilib. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev çıxış edərək bildirib ki, qonşu tranzit dəhlizlərin yaratdığı rəqabət şəraitində Orta Dəhlizə tranzit yüklərinin cəlb edilməsi üçün dəhlizin səmərəliliyi, daşımaların müntəzəmliyi, tariflərin optimallaşdırılması və ən əsası dəhliz boyu yerləşən ölkələrin tranzit yüklərinə münasibətdə tənzimləmə və gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması vacibdir.

Qeyd olunub ki, tranzit daşımalarında şəffaflığın və nəqliyyat prosesinin iştirakçıları arasında bərabər şərtlərin təmin edilməsi üçün ən vacib alət Orta Dəhlizin rəqəmsallaşdırılmasıdır.

Bildirilib ki, tariflərin optimallaşdırılması, daşıyıcıların və dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin edilməsi, tranzit prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, sayının və müddətinin azaldılması ilə məşğul olan kollegial icra orqanı – Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Beynəlxalq Assosiasiya ilə sıx əməkdaşlığı Orta Dəhlizin rəqabətqabiliyyətliliyinin artırılmasına töhfə verəcək.

"Qazaxıstan Dəmir Yolu" Milli Şirkəti SC, "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin sədri Nurlan Sauranbayevin sədrliyi ilə keçən tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri David Peradze, "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin baş katibi Rahmetulla Kudaybergenov, Türkiyə Dövlət Dəmir Yollarının baş direktoru Hasan Pezük, "Aktau Beynəlxalq Dəniz Ticarət limanı" SC-nin sədri Abay Turikpembayev, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov və "Port Kurık" SC-nin sədri Serik Axmetov iştirak ediblər.

Pandemiya şəraitində mövcud vəziyyəti səciyyələndirən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov birgə fəaliyyət əsasında bu il Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaları sahəsində artıma nail olunduğunu diqqətə çatdırıb. O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsi nəticəsində ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin uğurlu təşviqinə geniş imkanlar açılıb. Azərbaycan regionda bir sıra vacib beynəlxalq layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin təşəbbüskarıdır. Ölkəmiz beynəlxalq daşımalara, multimodal infrastrukturun genişləndirilməsinə əhəmiyyətli təsir göstərən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində aktiv rol oynayır. Cavid Qurbanov görüşün əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində faydalı olacağına, təklif və tövsiyələrin dəmir yolu sahəsində tətbiqinin iştirakçı ölkələrin iqtisadiyyatına əhəmiyyətli təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.

İki gün davam edən toplantıda "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyi İdarə Heyətinin tərkibinin və 2019-cu il üçün maliyyə-təsərrüfat fəaliyyətinə dair audit hesabatının təsdiqi; BTNM BA HŞB-nin Nizamnaməsinə dəyişikliklərin və əlavələrin edilməsi; Assosiasiyanın intellektual mülkiyyət hüququnun (loqotipi və adının) Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatının Beynəlxalq bürosunda müdafiəsi; Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunda birgə müəssisənin yaradılması; Orta Dəhlizin (Middle Corridor) 2025-ci ilə qədər inkişaf strategiyasının işlənib hazırlanması və Avropa İttifaqında mövcudluğunun genişləndirilməsi və digər məsələlər müzakirə olunub.

Müzakirələrdə Beynəlxalq Transxəzər Nəqliyyat Dəhlizinin potensialından səmərəli istifadə edilməsi, bu marşruta daha çox yük axınının cəlb olunmasının zəruriliyi vurğulanıb.

Müzakirələrdən sonra "Qazaxıstan Dəmir Yolu" Milli Şirkəti SC-nin Mərkəzi Asiya regionundakı nümayəndəliyi rəhbərinin müavini Haydar Abdikerimov "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin baş katibi, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov BTNM-in inkişafı üzrə İşçi Qrupunun rəhbəri təyin olunub.

Eyni zamanda, "Pasifik Eurasiya Lojistik Diş Ticarət A. Ş." (Türkiyə) şirkəti quruma assosiativ üzv qismində qəbul olunub.

Yığıncağın sonunda müvafiq protokol imzalanıb.

Qeyd edək ki, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə "Şixezi (Çin)-Dostık-Aktau-Ələt limanı" istiqamətində hərəkət edən ilk "Nomad ekspress" sınaq konteyner qatarı 2015-ci il avqustun 3-də yola salınıb.

Həmçinin oxuyun:

Xəzərdə əməkdaşlıq məsələsi: qarşılıqlı investisiyalar, tranzit və "yaşıl enerji"

0
Teqlər:
Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumu
AŞPA-nın iclası, arxiv şəkli

Deputatlarımız AŞPA-nın payiz sessiyasında iştirak edəcəklər

6
(Yenilənib 20:25 25.09.2021)
Sessiyada, həmçinin Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri ilə bağlı məsələ müzakirə olunacaq.

BAKI, 25 sentyabr — Sputnik. Milli Məclisin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında iştirak etmək üçün sentyabrın 25-də Fransanın Strasburq şəhərinə səfər edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, nümayəndə heyətinin tərkibinə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və üzvləri - deputatlar Erkin Qədirli, Tural Gəncəliyev, Rafael Hüseynov, Niqar Arpadarai və Kamal Cəfərov daxildirlər.

Tədbirdə AŞPA-nın Büro və Daimi komitəsinin hesabatları təqdim olunacaq, Bolqarıstanda və Moldovada keçirilmiş parlament seçkilərinin nəticələri barədə məlumat veriləcək. Toplantıda sosial-iqtisadi bərabərlik, gender bərabərliyi, iqlim dəyişikliyi ilə bağlı tədbirlər, ətraf mühit və insan hüquqları və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Sessiyada, həmçinin Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri ilə bağlı məsələ müzakirə olunacaq.

Tədbirdə nümayəndə heyətimizin üzvü Kamal Cəfərov Genişləndirilmiş əməkdaşlığa və elektron sübutların açıqlanmasına dair Kibercinayətkarlıq Konvensiyasına 2-ci Əlavə Protokol layihəsini təqdim edəcək.

Payız sessiyası çərçivəsində qurumun komitələrinin və siyasi qruplarının iclasları da keçiriləcək. AŞPA-da nümayəndə heyətimizin üzvləri sessiyada müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq, rəy və təkliflərini verəcəklər. Səfər oktyabrın 2-də başa çatacaq.

6
Teqlər:
AŞPA