Co Bayden və Angela Merkel

Bayden Merkel "Şimal axını" ilə bağlı razılığa gəldilər

24
Rusiya hər zaman enerji resurslarından siyasi təzyiq mexanizmi kimi istifadə etməsi barədə ittihamları qətiyyətli şəkildə rədd edib, bu, heç vaxt olmayıb, bundan sonra da olmayacaq.

BAKI, 22 iyul — Sputnik. Rusiya Ukraynanı "Şimal axını – 2" ilə şantaj etməyə hazırlaşmır, bu, Kiyevə qarşı təzyiq aləti deyil, söhbət yalnız kommersiya məqsədindən gedir, – deyə Kremldən bildirilib. Hamının ABŞ və Almaniya razılaşmasının detallarını gözlədiyi bir vaxtda Ukrayna rəhbərliyi Vaşinqtonun "sağlam məntiqinə" ümid edirdi, çünki Kiyev inandırmağa çalışırdı ki, sözügedən boru kəməri yalnız Ukraynanı deyil, bütün dünyanı təhdid edir. Doğrudanmı boru kəmərinin tikintisi ilə bağlı epopeya başa çatmaq üzrədir? RİA Novosti bu suala cavab axtarıb.

Qeyri-müəyyən razılaşmalar

"Rusiya hər zaman enerji resurslarından siyasi təzyiq mexanizmi kimi istifadə etməsi barədə ittihamları qətiyyətli şəkildə rədd edib, bu, heç vaxt olmayıb, bundan sonra da olmayacaq. Bütün bunlar kommersiya razılaşmasının və kommersiya məqsədyönlülüyünün predmetidir", – deyə Dmitri Peskov növbəti dəfə məsələyə aydınlıq gətirib.

Bir qədər əvvəl Vaşinqton Almaniya ilə razılaşmanın bəzi detallarını açıqlayıb. Bundan bir həftə əvvəl isə Angela Merkel Ağ Evə baş çəkib. Daha sonra ABŞ Dövlət Departamentindən də bildirildiyi kimi, almanlar ağlabatan təkliflər irəli sürüblər.

Amerikalıların fikrincə, ümumi məqsədə nail olmaq yolunda inkişaf var və bu, Rusiyaya enerji axınlarından siyasi silah kimi istifadəyə imkan vermir. Vaşinqtonun bu məsələdə Polşa və Ukrayna ilə məsləhətləşmələr apardığı da məlumdur.

ABŞ artıq 98 faizi inşa olunmuş boru kəmərinin tikintisinin başa çatmasına mane olmayacaq. Digər tərəfdən, əgər Rusiya boru kəmərindən sui-istifadəyə cəhd göstərsə, Almaniya buna qarşı tədbir görmək məcburiyyətindədir. Əvvəllər bu ölkə Moskva əleyhinə birtərəfli hərəkətlərdən də imtina etmişdi. Yeri gəlmişkən, elə indi də bundan məmnun deyil.

Berlin, belə demək mümkündürsə, "Yaşıl fond"a investisiya yönəltməyə razılıq vermişdi. Həmin fond sayəsində Ukraynanın ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçidi təmin olunacaq. Söhbət ən az bir milyard dollardan gedir ki, 175 milyon dollarlıq ilkin investisiyanı da Almaniya yatıracaq. Bundan başqa, Kiyevə energetika layihələri üzrə mütəxəssislər və onlarla birlikdə 70 milyon dollar da göndəriləcək.

Bununla yanaşı, Berlindən Rusiya ilə Ukrayna arasındakı təbii qaz tranziti ilə bağlı razılaşmanın ən az 10 il də uzadılmasına (müddət 2024-cü ildə başa çatır) həmrəylik göstərməsi tələb olunur. İyulun 21-də axşam saatlarında Merkellə Putin arasında baş tutan telefon danışığında "Qazprom"la Ukraynanın "Naftoqaz" şirkəti arasında razılaşmaya ayrıca toxunulub. Nəticədə Moskva və Berlinin "kəmərin tikintisinin bu yaxınlarda başa çatacağından razı qaldıqları" ifadə olunub.

Əleyhinə çıxanlar

Vladimir Zelenski bəyan edib ki, "Şimal axını–2"-nin taleyi ABŞ-ın əlindədir, Avropa İttifaqı isə vahid cəbhədə birləşməlidir. O, Merkellə iyulun 12-də Almaniya paytaxtında görüşüb və onu layihənin bağlanmasına inandırmağa çalışıb. Ancaq Merkel razılıq verməyib.

"Tərbiyəli xanım (orijinalda daha kobud ifadədən istifadə olunub - red.) xətrinə dəyməmək üçün onu nəzakətli şəkildə başından eləyib", – Ukrayna Radasının "Həyat uğrunda müxalifət platforması"ndan olan deputatı Vadim Rabinoviç onların görüşünü belə şərh edib.

Kiyevdə Merkeli "Ukraynanın maraqlarından əl çəkməkdə" ittiham ediblər, ancaq bu, bir işə yaramayıb. Üstəlik, "Politico" nəşrinin də yazdığı kimi, Vaşinqton Kiyevdən səsini kəsməsini xahiş edib. Çünki tərəfdaşların planlarına ictimai şəkildə qarşı çıxmaq Amerika-Ukrayna münasibətlərinə zərər verə bilər.

Konqresmenlər də Baydenin qərarına qarşı öz narazılıqlarını bildiriblər. Texasdan olan respublikaçı senator Ted Kruz bu razılaşmanı "ABŞ və müttəfiqləri üçün fəlakət, Putinin gələcək geosiyasi qələbəsi" adlandırıb.

"Ukraynanı və Avropa energetikasını Putinə peşkəş verirlər", – deyə Nümayəndələr Palatasından respublikaçı Stiv Uomak bəyan edib. Başqa bir respublikaçı Cim Rişin sözlərinə görə, avqustun 11-də Avropanın enerji təhlükəsizliyinin qorunması haqqında qanuna dair hesabat (PEESA) açıqlanacaq və onda Ağ Ev "sanksiyalardan imtina etməyin niyə ABŞ-ın milli marağında olduğunu yazılı şəkildə əsaslandırmaqdan" boyun qaçıra bilməyəcək.

Bununla belə, Amerika hakimiyyəti vurğulayıb ki, PEESA çərçivəsində sanksiya tətbiq etmək hüququnu özündə saxlayır.

Gərəksiz müqavimət

Ukraynalı iqtisadçı ekspert Aleksandr Oxrimenko belə hesab edir ki, Kiyevin nəhəng investisiyalar gözləməyinə dəyməz, Rusiyaya təsir göstərmək isə alınmayacaq.

"Razılaşma tamamilə çərçivə xarakteri daşıyır: enerji təhlükəsizliyi barədə ümumi müddəalar, enerji şantajının yolverilməzliyi və s. Orada Ukraynanın adı çəkilsə belə, bu, dolayı yolla baş verir", – o, RİA Novosti-yə müsahibəsində bildirib.

Alman politoloq Aleksandr Rar da eyni fikri paylaşır.

"Kiyevin də reaksiyasından göründüyü kimi onlar pul gözləyirlər. Ancaq indi vəziyyət başqadır, yalnız Rusiyaya qarşı çıxdığına görə bu pul Ukraynaya bağışlanmayacaq. Alternativ variant alman şirkətlərini Ukrayna ilə biznes qurmağa çağırmaqdır, ancaq bunun üçün şərtlər hələ formalaşmayıb: hüquqi sistemdə, fərdi mülkiyyətlə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir", – deyə Rar vurğulayır.

Eyni şey amerikalılara da aiddir. Onlar öz mayeləşdirilmiş qazını Almaniya və Aİ ölkələrinə satmağa xüsusi maraq göstərmir, eyni zamanda "Ukraynanın inkişafına investisiya qoymaq istəmirlər", – deyə Rar bildirir. Bunu Amerika siyasətinin məğlubiyyəti və ya sağlam məntiqin qələbəsi kimi də qiymətləndirmək olar. Bayden iki "pis"in arasından seçim etməli oldu. Aydın məsələdir ki, təzyiqdən imtina etmək istəmirdi, ancaq yekunda əsas tərəfdaşlardan biri ilə dalaşmamaq arzusu üstün gəldi", – deyə Beynəlxalq Məsələlər üzrə Rusiya Şurasının baş direktoru Andrey Kortunov vurğulayır.

"Bu, Almaniyanın qələbəsidir. Merkel güzəştə getmədi və faktiki olaraq almanlar deyil, amerikalılar öz planlarından imtina etməli oldular", – deyə Kortunov qeyd edir.

"Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqatlar Mərkəzinin beynəlxalq əlaqələr departamentinin dosenti Tatyana Romanova belə hesab edir ki, layihənin tikintisinə mane olmaq faydasız idi, bununla belə, tezliklə yeni təhdidlər ortaya çıxacaq.

"Böyük ehtimalla boru kəməri istismara veriləcək, ancaq 2030-2035-ci illərə kimi yəni bərpa olunan enerji növlərinin üstünlük təşkil edəcəyi vaxt problem Amerikanın təzyiqində deyil, Aİ-nin enerji balansının dəyişməsində özünü göstərəcək", – deyə Romanova qeyd edir.

Beləliklə, uzunmüddətli peripetiyalardan sonra "Şimal axını-2" yekunlaşmaq üzrədir. Almaniya bu boru kəməri uğrunda xeyli müddət mübarizə apardı və hətta Merkelin gedişindən sonra belə, ölkə çətin ki, sözügedən layihədən imtina etsin. O ki qaldı yaşıl enerjiyə, onsuz da qazsız keçinmək mümkün deyil. Deməli, bu həddən artıq bahalı və çoxdan gözlənilən layihənin şansı var.

Eləcə də oxuyun:

24
Teqlər:
Angela Merkel, Co Bayden, 'Şimal axını-2'
ABŞ Dövlət Departamenti

Atəşkəsin pozulmasına beynəlxalq reaksiya: Dövlət Departamenti Kəlbəcər barədə

5478
(Yenilənib 13:04 29.07.2021)
ABŞ Ermənistan və Azərbaycanı münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında ən qısa zamanda substantiv müzakirələrə qayıtmağa çağırır.

BAKI, 29 iyul — Sputnik. Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca gərginliyin artmasını pisləyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi sözçüsü Ned Prays bildirib.

O bildirib ki, ABŞ Ermənistan və Azərbaycanı vəziyyəti gərginləşdirməmək üçün dərhal addımlar ataraq atəşkəslə bağlı öhdəliklərini yerinə yetirməyə çağırır.

"Ermənistan-Azərbaycan sərhədində davam edən gərginlik, yalnız həll olunmamış bütün məsələləri əhatə edən hərtərəfli həll yolunun iki ölkə arasındakı münasibətləri normallaşdıra biləcəyini və bölgə xalqlarının birlikdə sülh şəraitində yaşamasını təmin edə biləcəyini göstərir. ABŞ Ermənistan və Azərbaycanı münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında ən qısa zamanda substantiv müzakirələrə qayıtmağa çağırır", - deyə Ned Prays bildirib.

Moskvanın reaksiyası

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təcili toplantı keçirib. İclasda Rusiyanın sosial-iqtisadi inkişafı ilə yanaşı, Əfqanıstan, eləcə də Azərbaycanla Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub.

Putinin sözçüsü Dmitri Peskov bildirib ki, iclasda Federasiya Şurasının spikeri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Kreml administrasiyasının rəhbəri Anton Vayno, TŞ katibi Nikolay Patruşev, DİN rəhbəri Vladimir Kolokoltsev, FTB direktoru Aleksandr Bortnikov, XKX rəhbəri Sergey Narışkin, prezidentin xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.

"İclas zamanı iştirakçılar Rusiyanın sosial-iqtisadiu inkişafının cari məsələlərini müzakirə ediblər. Həmçinin beynəlxalq gündəmin aktual məsələləri, o cümlədən Əfqanıstanda və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə də toxunulub"

Ankaranın reaksiyası

"Ermənistan tərəfindən Azərbaycanın sərhəd rayonlarının atəşə tutulması regionun təhlükəsizliyi üçün təhdiddir. Bunu Türkiyə Parlamentinin sədri Mustafa Şəntop bildirib.

Türkiyə Parlamentinin spikeri hesab edir ki, Ermənistan tərəfindən təxribatlar regional müharibəyə səbəb ola bilər.

Həmçinin oxuyun: 

* MN: Azərbaycan Ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir

* Rusiya Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üçün məlumatlar təklif edir

Putin Azərbaycanla Ermənistan sərhədindəki vəziyyətlə bağlı təcili iclas çağırdı

* MN: Azərbaycan Rusiyanın atəşkəs təşəbbüsünə razılıq verdi, Ermənistan isə...

* Ermənistan atəşkəsi pozmaqla nəyə nail olmaq istəyir? – Arzu Nağıyev şərh edir

5478
Albert Eynşteyn

İlk dəfə: Eynşteynin nəzəriyyəsinin sübutunu gördülər

3599
(Yenilənib 01:08 29.07.2021)
İlk dəfə yaşanan bu hal Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin nəzərdə tutduğu, ancaq indiyədək sübut olunmadığı hadisədir.

BAKI, 29 iyul – Sputnik. Nəhəng qara dəliyin Kainata yaydığı rentgen şüalarını müşahidə edən alimlər qəribə parıltılar seziblər, məlum olub ki, bu, dəliyin o biri tərəfinin əksidir.

İlk dəfə yaşanan bu hal Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin nəzərdə tutduğu, ancaq indiyədək sübut olunmadığı hadisədir. Sputnik Azərbaycan bildirir ki, araşdırma nəticəsi Nature jurnalında dərc edilib.

Stenford Universitetinin astrofiziki Den Uilkins Qalaktikanın mərkəzindəki nəhəng qara dəliyin öyrənilməsi ilə məşğuldur. Bu dəlik bizdən 800 milyon işıq ili aralıda yerləşir. Alim gözlənilməz hal müşahidə edib: rentgen şüaları ilə yanaşı, teleskoplar əsas şüalardan sonra yaranan digər işıq parıltılarını da qeydə alıb, onların parlaqlığı az olsa da, müxtəlif “rənglərdə” olub. Hesablamalara görə, bu işıq əksləri, yaxud da işıq əks-sədası qara dəliyin arxa tərəfinin əks etdirdiyi rentgen şüalarına uyğun gəlir.

“Qara dəliyə düşən istənilən işıq ondan çıxmır, bu səbəbdən də qara dəliyin arxasında olan heç nəyi biz görə bilmərik, - Stenford Universitetinin SLAC tezləşdirici laboratoriyasının və Elementar Hissəciklərin Astrofizikası İnstitutunun elmi işçisi Den Uilkins yazıb. – Bunu görməyimizin səbəbi odur ki, qara dəlik fəzanı əyir, işığı sapdırır və ətrafındakı maqnit sahələrini bürüb-bükür”.

Tədqiqat ilk başdan tacın – bəzi qara dəliklərin malik olduğu elementin - öyrənilməsinə həsr olunmuşdu. Nəhəng qara dəliyin üzərinə düşən material Kainatda ən parlaq arasıkəsilməyən işıq mənbələrini qidalandırır və bu zaman qara dəliyin ətrafında rentgen işığından ibarət tac yaradır.

Mövcud nəzəriyyəyə görə, bu elementin formalaşması qazın qara dəliyə keçməsi və orada milyon dərəcəyədək qızması ilə yaranır. Belə temperaturda elektronlar atomlardan ayrılır, maqnitlənmiş plazma yaradır. Qara dəliyin super sürətlə fırlanmasının təsiri ilə maqnit sahəsi qara dəliyin üzərində əyilməyə başlayır, sonra öz ətrafında elə sürətlə dönür ki, nəticədə tamamilə dağılır. Bu hal Günəşin ətrafında baş verənlərə bənzəyir. Buna görə də alimlər bu hadisəni Günəşdəkinə bənzədərək qara dəlik tacı adlandırırlar.

“Bu, maqnit sahəsidir, qara dəliyə yaxın və onunla bağlı olan sahə ətrafındakı hər şeyi qızdırır və belə yüksək enerjiyə malik elektronları əmələ gətirir, onlar isə rentgen şüalarını yaradır, - Uilkins izah edib. Bir neçə il ərzində mən nəzəri cəhətdən bu prosesi düşünürdüm, ona görə də teleskopda bunu görən kimi mənşəyinin nəyə bağlı olduğunu anladım”.

“Əlli il əvvəl, astrofiziklər maqnit sahəsinin özünü qara dəliyin yanında necə apardığını düşünməyə başlayarkən, heç bilməzdilər ki, bu hadisəni birbaşa müşahidə etmək üçün metodlarımız peyda ola bilər və Eynşteynin ümumi nisbilik nəzəriyyəsini gerçəklikdə görə bilərik”, - tədqiqatın digər müəllifi, Stenford Universitetinin professoru Rocer Blandford deyib.

Müəlliflər qara dəliklərin tacını öyrənməyə davam edəcəklər. Bu prosesdə onlar Avropa Kosmik Agentliyinin 2031-ci ildə buraxmağı planlaşdırdığı “Afina” kosmik teleskopuna böyük ümid bəsləyirlər.

Eləcə də oxuyun:

3599
Teqlər:
Albert Eynşteyn, Stenford Universiteti, alim, işıq, şüa, rentgen, qara dəlik, kosmos
Bakıda vəziyyət, arxiv şəkli

Avtomobillərin arxa şüşəsinə şüarların vurulması qanunsuzdur