* AZƏRBAYCAN *
ABŞ və Çin bayraqları, arxiv şəkli

Vaşinqton Çinlə uzunmüddətli mübarizəyə hazırlaşıb

147
(Yenilənib 17:36 04.06.2021)
Hesabat müəllifləri hesab edirlər ki, Çin hərbi qüdrətini artırmaqda davam edəcək. Çin həmin qüdrətini zaman-zaman nümayiş etdirməyə də çalışacaq.

BAKI, 4 iyun — Sputnik. Amerika Birləşmiş Ştatlarının mübarizə apardığı iki ölkə var – Rusiya və Çin. Amerikada bu iki ölkədən hansını özləri üçün daha təhlükəli sayırlar? Vaşinqtonda Rusiyanı SSRİ-nin varisi kimi qiymətləndirsələr də, bu ölkəni keçmiş sovetlər birliyindən zəif kimi dəyərləndirirlər. Çin Rusiyadan fərqli olaraq həm hərbi, həm də iqtisadi zəmində güclənməkdə davam edir. Əlbəttə, Çin Rusiya kimi qonşu ölkələrin torpaqlarını işğal etmir, ancaq Pekinin artan gücü onu əhatə edən ölkələri, o cümlədən ABŞ-ı ciddi narahat edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Moskvada ABŞ-Çin qarşıdurmasını ciddi izləyir və analiz edirlər: "Bu mənada Rusiyanın məşhur "Valday" diskussiya klubunun ABŞ-Çin münasibətləri barədə hazırladığı son hesabat diqqəti çəkir. Hesabatda qeyd edilir ki, ABŞ-la Çin arasında münasibətlər "soyuq müharibə" illərinin gərginliyini xatırlatmır. "Soyuq müharibə" illərində SSRİ ilə ABŞ arasında münasibətlər gərgin olsa da, hər ikisi müəyyən oyun qaydalarına tabe idi. ABŞ-Çin gərginliyi isə heç bir qaydalara tabe deyil. Hesabatda digər fərqlər də göstərilir:

"Birincisi, Çin keçmiş SSRİ-dən fərqli olaraq ABŞ-la açıq qarşıdurmaya can atmır.

İkincisi, Çin SSRİ-dən fərqli olaraq öz ideologiyasının ixracına çalışmır.

Üçüncüsü, hazırkı mübarizədə ideoloji koalisiyalar yoxdur. Misal üçün, Avropa İttifaqı ABŞ-ı dəstəkləsə də, Çinə qarşı koalisiyada yer almaq istəmir".

Hesabatda ona da diqqət çəkilib ki, ABŞ-la Çin uzun illər möhkəm ticarət tərəfdaşı olublar: "Donald Tramp prezident seçildikdən sonra Vaşinqtonun Çinə siyasəti dəyişdi. ABŞ-ın 2017-ci ildə hazırladığı milli təhlükəsizlik strategiyasında Çindən gələn təhlükənin miqyası artırıldı. Çinin və Rusiyanın siyasəti Amerikanın maraqları və dəyərlərinə tamamilə tərs kimi qiymətləndirildi. Amerikada hesab edirlər ki, Çin regional layihələr və investisiyalar vasitəsilə başqalarını öz təsiri altına salmağa çalışır. Amerikada gəlinən bir başqa qənaət bundan ibarətdir ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından 40 il keçdikdən sonra Çin Amerikanın liderliyinə, təhlükəsizliyinə və iqtisadiyyatına başlıca təhlükədir. Ona görə də bu ölkə hədəf alınmalıdır".

Rusiyalı hesabat müəllifləri Amerikanın Çinə qarşı siyasətini bu şəkildə qiymətləndirirlər: "Amerika Çinə təzyiqi davam etdirəcək. Vaşinqtonun əsas məqsədi ABŞ-ın dünyadakı hegemonluğuna mane olan Çinin təsir imkanlarını minimuma endirməkdir. Amerikanın beynəlxalq aləmə təsir imkanları azalmamalıdır. Buna baxmayaraq, Amerikanın Çinlə rəqabəti açıq qarşıdurmaya və hərbi münaqişəyə çevrilməyəcək".

Hesabat müəllifləri Çinin Amerikaya meydan oxumasını aşağıdakı kimi sıralayıblar:

"Birincisi, Çin bazar iqtisadiyyatına malik dövlətlərlə ədalətsiz rəqabət aparır.

İkincisi, Pekin Amerikanın dəyərlərini aşağılamağa çalışır.

Üçüncüsü, Çin öz ordusunu və hərbi texnikasını gücləndirməklə məşğuldur".

Həqiqətən əgər Çin keçmiş illərdə yalnız iqtisadiyyatını gücləndirməklə məşğul idisə, hazırda hərbi-sənaye kompleksini də sürətlə modernləşdirir. Bunu ilk anlayan Barak Obamanın administrasiyası oldu və müvafiq addımlar atmağa başladı. Hesabat müəllifləri hesab edirlər ki, ABŞ-Çin qarşıdurması uzun illər davam edəcək, nəticə isə bəlli deyil.

Çin keçmiş illərdə xarici siyasətdə ehtiyatlı idi, başqalarının işlərinə qarışmırdı. Başqa sözlə, Çin xarici siyasətdə passiv idi. Ancaq 2000-ci illərdən başlayaraq durum dəyişdi. Çin hazırda ətraf aləmdə hegemonluğunu gücləndirməyə çalışır və azad cəmiyyətlərə müxtəlif təhlükələr yaradır. Bu təhlükəni Amerika ilə yanaşı, Avropa İttifaqı və Çinə qonşu olan Hindistan, Yaponiya və Avstraliya kimi dövlətlər də görür və birgə mübarizə metodları barədə düşünürlər.

Bəs "Valday" klubunun ekspertləri ABŞ-Çin qarşıdurmasının gələcəyini necə görürlər?

Hesabat müəllifləri hesab edirlər ki, Çin hərbi qüdrətini artırmaqda davam edəcək. Çin həmin qüdrətini zaman-zaman nümayiş etdirməyə də çalışacaq. Misal üçün, Çin son bir neçə ildə Hindistanla sərhəddə toqquşmalara şərait yaradıb və nəticədə hər iki tərəfdən itkilər olub. Və ya Çin özünə yaxın adalarda hərbi istehkamlar qurur ki, bu həmin adalara yaxın olan Yaponiyanı ciddi narahat edir. Buna görə də Yaponiya İkinci Dünya müharibəsindən sonra formalaşdırdığı pasifist konstitusiyasında bəzi dəyişikliklər etməyə qərar verib. Həmin dəyişikliklərə görə Yaponiya ordusunu gücləndirmək hüququ əldə edəcək. Halbuki, İkinci Dünya müharibəsindən sonra ABŞ Yaponiyaya böyük ordu saxlamağı qadağan etmişdi. Ancaq hazırda Amerikanın özü Çin təhlükəsi qarşısında Yaponiyanın güclü ordusunun olmasını zəruri sayır.

Rusiyalı müəlliflər adətən ABŞ-Çin qarşıdurmasının baiskarı kimi Vaşinqtonu göstərməyə çalışırlar. Bu belə olsaydı, Çinin siyasətindən yalnız Amerika narazı qalmalıydı. Məsələ burasındadır ki, Çinin siyasətindən narazı qalanların sayı çoxalır. Bu sıraya Çin hakimiyyətinin ölkədəki milli azlıqlara, o cümlədən uyğurlara qarşı yürütdüyü siyasəti də əlavə etmək lazımdır.

Beləliklə, beynəlxalq birlik və ekspert dairələri iki güc – ABŞ-la Çin arasındakı mübarizədə kimin qalib gələcəyini proqnozlaşdırmağa çalışırlar. SSRİ ilə mübarizədə ABŞ qalib gəldi. Çünki ABŞ SSRİ-ni daxildən zəiflətməyə nail oldu. Amerika Çinlə mübarizədə də eyni taktikadan istifadə etməyə çalışır. Ancaq Çinin müqaviməti daha uzun çəkəcək. Kreml bu mübarizədə Amerikanın qalib gəlməsini istəmir. Kreml eyni zamanda Çinin Rusiyadan üstün olmasında da maraqlı deyil.

147
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı sənədi imzalayacaq

3911
(Yenilənib 14:25 23.06.2021)
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bəzi məsələlərlə bağlı Azərbaycanla danışıqlar apardıqlarını təsdiqləyib.

BAKI, 23 iyun — Sputnik. Yaxın vaxtlarda Ermənistan və Rusiya arasında Rusiya sülhməramlılarının Basarkeçərdə (Geğarkunik) Zod-Xəzinavar ərazisində yerləşdirilməsinə dair razılıq əldə olunacaq. Bundan sonra Ermənistan hərbçiləri ön xətdən geri çəkiləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Qraparak" nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, danışıqların aparılması barədə faktı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan da təsdiqləyib: "Azərbaycan tərəfi buna öz razılığını veribmi?" sualına cavab olaraq Davtyan bildirib: "Biz öz ərazimizlə bağlı Azərbaycandan heç nə soruşmamalıyıq. Lakin bəzi məsələlərlə bağlı onlarla da danışıqlar aparılır. Ehtiyac olduqda biz Rusiya ilə əməkdaşlıq edirik".

Nəşr, həmçinin iddia edib ki, Nikol Paşinyan yəqin ki, sentyabrda faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq müqaviləni imzalayacaq.

Xatırladaq ki, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

3911
Xorvatiya-Şotlandiya matçında oyun məqamı

Xorvatiya millisi şotlandiyalılara qalib gələrək AVRO-2020 pley-off mərhələsinə çıxdı

316
(Yenilənib 01:35 23.06.2021)
Futbol üzrə Xorvatiya yığma komandası Şotlandiya millisi üzərində Avropa çempionatının qrup mərhələsində qələbə çalaraq 1/8 final mərhələsinə yüksəlib.

"D" qrupunun son turunda Qlazqoda keçirilən qarşılaşma 3:1 hesabı ilə xorvatların xeyrinə başa çatıb. Qalib komandanın heyətində qolları Moskvanın MOİK komandasının oyunçusu Nikola Vlaşiç (17-ci dəqiqə), Luka Modriç (62) və İvan Pereşiç (77) vurublar.

Şotlandiyalıların heyətində Kallum Makqreqor rəqib komandanın qapısına yol tapıb (42).

Stadionda oyuna 9896 azarkeş tamaşa edib.

"D" qrupunun digər oyununda Londonda İngiltərə-Çexiya oyunu 1:0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb.

Beləliklə, İngiltərə yığması 7 xalla qrupun lideri olaraq çempionatın 1/8 finalına yüksəlib. Pley-off mərhələsində onun rəqibi "F" qrupunda ikinci yeri tutmuş komanda olacaq.

Xorvatiya millisi 4 xalla öz qrupunda ikinci yerdə qərarlaşıb və 1/8 finalda "E" qrupunda ikinci yeri tutmuş komanda ilə üz-üzə gələcək.

Çexiya millisi son oyunda məğlubiyyətə baxmayaraq qrupda üçüncü yerdən pley-off mərhələsinə adlaya bilib.

Qrupun autsayderi olan Şotlandiya millisi isə üç turda 1 xal toplayaraq turnirdə çıxışlarını başa vurub.

İngiltərə, Xorvatiya və Çexiya komandalarının 1/8 finaldakı rəqibləri çərşənbə günü müəyyən olunacaq.

316
Футболисты сборной Швеции

İsveç millisi Polşa yığmasına qalib gələrək AVRO-2020 pley-off mərhələsinə çıxıb

0
(Yenilənib 22:15 23.06.2021)
İsveçlilər "E" qrupunda İspaniya, Polşa və Slovakiya komandalarını geridə qoyaraq birinci yeri tutublar.

Futbol üzrə İsveç milli komandası Polşa millsini məğlub edərək Avropa çempionatının qrup mərhələsində "E" qrupunda birinci yeri tutub.

Sankt-Peterburqda keçirilən qarşılaşma 3:2 hesabı ilə skandinaviyalıların xeyrinə başa çatıb.

İsveç komandasında qolları Emil Forsberq (2 və 59-cu dəqiqələrdə) və Biktor Klasson (90+4) vurublar. Polşa komandasında isə Robert Levandovski rəqib qapısının torunu iki dəfə silkələyib (61,84).

Stadionda oyuna 14252 azarkeş tamaşa edib.

Beləliklə, İsveç millisi qrupda 7 xal toplayaraq birinci yerdən 1/8 finala çıxıb. Hesabında 1 xal olan Polşa yığması isə qrupda son yerdə qərarlaşaraq turnirdə çıxışlarını başa vurub.

0