ABŞ və Avropa ittifaqının bayraqları, arxiv şəkli

ABŞ-la Avropa İttifaqı arasında yeni casus qalmaqalı

22
(Yenilənib 20:05 31.05.2021)
Almaniyanın Süddeutsche Zeitung qəzeti ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (MTA) Danimarkanın köməyi ilə 2012-2014-cü illərdə bir sıra avropalı siyasətçiləri izləməsi barədə xəbəri ilə aləmi bir-birinə vurub.

BAKI, 31 may — Sputnik. Almaniya və Danimarka KİV-lərinin məlumatına görə, Amerikanın xüsusi xidmət orqanları Danimarkanın informasiya kabellərindən İsveç, Norveç, Fransa və Almaniyanın vəzifəli şəxslərini izləmək üçün istifadə edirmiş.

“Qurbanların” sırasında Almaniya kansleri Angela Merkel, həmin illərdə AFR-in xarici işlər naziri vəzifəsini tutan Frank-Valter Ştaynmayer və Sosial-demokart partiyasından AFR-in kansleri postuna namizəd Peyer Ştaynbrük də var.

“Qamış əməliyyatı”

Süddeutsche Zeitung-un ardınca Danimarka Radiosu (DR) öz mənbələrinə istinadən təfərrüat yayımlayıb. Bunlara görə, 4 haker və Danimarka kəşfiyyatının analitiklərindən ibarət qrup çox məxfi qaydada avropalı siyasətçiləri güdürmüş, əməliyyatın ümumi adı isə “Qamış əməliyyatı” olub.

Qrupun gəldiyi nəticələr “Qamış” (Dunhammer) adlı hesabatda toplanaraq 2015-ci ildə Danimarka kəşfiyyatının rəhbərliyinə təqdim olunub.

Danimarka KİV-in məlumatına görə, məhz bu hesabat qalmaqal yaradaraq 2015-ci ildə Danimarkanın xüsusi xidmət orqanı rəhbərliyinin istefasına səbəb olub.

DR-in məlumatına görə, avropalıların izlənməsi barədə nəticələr Danimarkanın hərbi kəşfiyyat xidmətinin 2012-2014-cü illərdə daxili araşdırması zamanı əldə edilib. Bunlara görə, MTA İsveç, Norveç, Fransa və Almaniyanın vəzifəli şəxslərinin izlənməsində Danimarkanın informasiya kabellərindən istifadə edib.

Süddeutsche Zeitung-un məqaləsinə görə, Danimarkanın xüsusi xidmətləri amerikalılara Kopenhagen yaxınlığındakı xüsusi stansiyaya girişə icazə veriblər, buradan isə dinləmələr həyata keçirilib. Nəşrin məlumatına görə, eləcə də Danimarka XİN, Maliyyə Nazirliyi və hərbi-sənaye kompleksi sahəsində aid bir şirkət də izlənilirmiş.

Avropanın reaksiyası

AFR hökumətindən bildirilib ki, Danimarkadan mümkün izlənmə barədə xəbərləri olmayıb. Xüsusən Merkel bu hadisədən ancaq Süddeutsche Zeitung-un yazdığı məqalədən sonra hali olub. Berlin başqa şərh verməkdən imtina edib.

Vəziyyətə Vaşinqtondan da reaksiya verilməyib: MTA və Milli Kəşfiyyatın direktorunun Vaşinqtondakı ofisi, Danimarkanın hərbi kəşfiyyat xidməti şərh verməkdən imtina ediblər.

Adı siyahıda hallanan Ştaynbrük hadisəni “Siyasi qalmaqal” adlandırıb: “Dost kəşfiyyat xidmətlərinin başqa ölkələrin yüksək səviyyəli məmurlarını izləməsi və məlumatları ələ keçirməsi absurddur”.  

İsveç və Norveçin hökumətləri Danimarkadan 2013-cü ildə şimal krallıqlarının siyasətçilərinin ABŞ-ın milli Təhlükəsizlik Agentliyi tərəfindən izlənməsi haqda bazar günü yayılan məlumatlara görə izahat istəyib.

Fransanın XİN yanında dövlət katiubi Kleman Bon isə ABŞ-ın Avropa siyasətçilərini izləməsi faktını çox ciddi hüsab edərək bildirib ki, “müvafiq məlumatı yoxlamaq lazımdır”.

Maraqlıdır ki, dərc olunan məlumat Aİ-ABŞ arasında iyunun 15-də keçirilməsi planlaşdırılan sammit ərəfəsində yayılıb. Hansı məqsədlə - hələ də bəlli deyil.

Eləcə də oxuyun:

  • Keçmiş ABŞ prezidenti Reyqanın müşaviri Putindən vətəndaşlıq istədi

  • "Moskvaya xəbərdarlıq": Amerikanın gizli saxlanan təyyarəsi havaya qaldırıldı

  • Rusiyada casus qalmaqalı: məlumatları Ukraynaya ötürürmüş - VİDEO

     

22
Amerikalı əsgərlər Əfqanıstandan evə dönürlər

Təkcə ruslar gəlməyəcəklər. Amerikalıları yeni güclü oyunçu sıxışdırır

10
Amerikanın nüfuzunun Yaxın Şərq regionunda tamamilə azaldığını demək düz deyil. ABŞ-ın möhkəmlik ehtiyatı əvvəlki kimi çoxdur. Ekspertlər hegemon dövləti bölgədən sıxışdıracaq qüvvə barədə danışırlar.

BAKI, 15 iyun – Sputnik, Sofya Melniçuk. “Çin Yaxın Şərqə göz dikib”,  “Dörd yüz milyard dollarlıq müqavilə nüfuzu artırır”, “Ruslar və çinlilər bizim naharımızı yeyəcəklər” – Amerika qəzetlərinin manşetlərini belə başlıqlar bəzəyir. Hərbçiləri, əgər güclərini zəiflətsələr, Pekinlə Moskvanın onların yerini zəbt edəcəkləri narahat edir. Narahatlıq üçün əsaslar var: Çin – Yaxın Şərq neftinin əsas alıcısı, bir sıra ölkələrin nəhəng iqtisadi partnyorudur, Rusiya olmadan isə siyasi problemləri həll etmək mümkün deyil. ABŞ-ı gerçəkdən kim sıxışdıra bilər – RİA Novosti-nin məqaləsində.

Kömək vakuumu

Mərkəzi komandanlığın rəhbəri general Frenk Makkenzi bu yaxınlarda Yaxın Şərq turnesində demişdi: “Bizim gedişimizdən sonrakı vakuumu ruslarla çinlilər dolduracaqlar”. Vaşinqton diqqətini Şərqi Asiyaya yönəltmək fikrindədir. Bu, husilərlə mübarizədə Vaşinqtona ümid bağlayan səudilərin maraqlarına ziddir”, Makkenzi qeyd etmişdi.

Generalın fikrincə, Pekinin iqtisadi gücünün yayılması və regionda hərbi bazaların yaradılması üzrə məqsədləri uzunmüddətlidir. Rusiya isə havadan müdafiə sistemləri və digər silahlar satmağa hazırdır.

“Tamamilə razıyam ki, Çin diqqətimizi cəlb etməli olduğumuz təhlükədir, - Makkenzi deyib. – Eyni zamanda biz qlobal dövlətik və qlobal düşünməliyik”. General etiraf edib ki, səfəri zamanı yerlilər ondan tez-tez sual edirmişlər: Ştatlar partnyorluğa sadiq qalacaqlarmı və onun köməyinə ümid etmək olarmı.

Şübhəli partnyorluq

Hərbçiləri, yəqin ki, bu yaxınlarda Çin XİN rəhbəri Van İnin Yaxın Şərq bölgəsinə səfəri narahat edib. Apreldə o, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İran və Türkiyəyə getmişdi. Orada Fələstin-İsrail münaqişəsi, Suriya, Liviya, Yəmən, Körfəz ölkələri arasındakı fikir ayrılıqları barədə danışmışdı.

Nazir hətta konkret təkliflər də vermişdi - əvvəllər belə etməzdi. Məsələn, Çin neft obyektlərinin və dəniz yollarının təhlükəsizliyinin təminatı mexanizmi barədə çoxtərəfli dialoq üçün meydança olmağa hazırdır kimi. Bundan başqa, Van İ ərəb ölkələrinə ÇXR-in daxili işlərinə qarışmadığına və Sinsizyan-Uyğur muxtar vilayətində “antiterror tədbirləri” (Ağ Ev bunu müsəlman xalqlarının genosidi adlandırır) dəstəklədiklərinə görə  təşəkkür edib.

Tehranla 25 il müddətinə neft tədarükü barədə müqavilə imzaladılar. Detallarını bəlli etməsələr də, sənədin qaralamasının hələ ötən il sızdırılması sayəsində bəlli oldu ki, Çin İranın enerji və nəqliyyat infrastrukturuna 400 milyard dollar yatırım etməyə hazırdır.

Müşahidəçilər qeyd edirlər ki, Pekin Yaxın Şərq ölkələri ilə bağlı layihələri açıb-ağartmamağa çalışır. “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində müqavilələri digər regionlarda adətən canfəşanlıqla təqdim edirlər. Ancaq Yaxın Şərq ölkələri ilə qarşılıqlı fəaliyyət barədə sənədlərin əksəriyyəti tam olaraq nə çin, nə ingilis, nə də həmin ölkənin yerli dilində dərc olunur.

Digər kəşflər sırasında üztanıma sistemini də hazırlayan, süni intellekti tədqiq edən Çinin SenseTime şirkətinə Əbu-Dabinin Milli Rifah Fondunun investisiyaları barədə də çox az bir şey məlumdur. Çinlilərlə bu sahədə əməkdaşlıq amerikalıları heç də sevindirmir, onlar qorxurlar ki, Pekin bölgədə “avtoritar alətlər”in yayılması ilə məşğuldur.

Yeri gəlmişkən, İran ÇXR-in regionda əsas partnyoru deyil. Səudiyyə Ərəbistanı və İraq neft tədarükündə, ticari dövriyyənin həcmində, birbaşa sərmayə yatırılması və silah alınmasında Tehranı geridə qoyur. Çin silahının Yaxın Şərqdə satışı ABŞ qədər olmasa da, son illərdə nəzərəçarpacaq dərəcədə artıb.

Təhlükəsizliyə cavabdehlər

Çinlilər artıq ənənəvi amerika bazarlarına çıxıblar. Bunu RİA Novosti ilə söhbətində AİM MTU-nun Kompleks Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin bölmə müdiri Vasili Kaşin deyib. “Səudiyyə Ərəbistanı Çin silahının nəhəng alıcısına çevrildi. İlk növbədə pilotsuz uçuş aparatları aldılar, orada hətta onu yığan zavod layihəsi də işə salındı. Məhdud sayda ballistik raketlərin tədarükü edildi. Artilleriya da, zirehli texnika da satırlar”.

Pekin regionun bir çox ölkələrinin əsas iiqtisadi partnyoru olsa da və Cibutidə bazaya malik olsa da, hərbi planda ABŞ və Rusiya kimi rol oynamır.

Yaxın Şərqlə əməkdaşlıq etmək də Afrika ilə müqayisədə çinlilərə çətindir, - ekspert deyir. “Burada öz mövqelərini sərt müdafiə edə bilərlər. Hətta təcriddə olan İRan da Pekin öhdəliklərini yerinə yetirməyəndə müqavilələri ləğv edirdi”, - Kaşin söyləyir.

Çinin iqtisadi ekspansiyası amerikalıları cırnadır, ancaq onlar nəyisə dəyişmək gücündə deyillər. Bunu Rusiyanın Beynəlxalq işlər üzrə şurasının Yaxın Şərq layihələri üzrə meneceri Ruslan Məmmədov deyir.

“Bu reallıqda, transformasiyaya uğrayan regional və dünya düzənində hər kəs güzəştə getməli olur”, - o, RİA Novosti ilə söhbətində bildirir.

“Yaxın Şərq ölkələri Çini daha çox pozitiv məcrada qəbul edirlər. Orada anlayırlar ki, onillər boyu hegemon Amerika Birləşmiş Ştatları idi, bu, çoxlarının əl-ayağını bağlayırdı: xarici aktor öz siyasətini yürüdürdü, regiondakılar isə məcburən boyun əyirdilər, - Məmmədov deyir. – Qarşı gəlmək cəhdləri uğursuzluğa düçar idi. Bunun nümunəsi kimi İraqı göstərməık olar. Onun ordusu bölgədə ən böyük idi, Amma ABŞ ölkəni xaosa sürüklədi”.

Digər tərəfdən, Pentaqon nümayəndələrinin bəyanatlarını ciddi addımlara çağırışlar kimi nəzərdən keçirmək lazım deyil, üstəlik, amerikalılar Yaxın Şərqdə Rusiya ilə hələ ki əməkdaşlıq edirlər.

MQİMO-nun Perspektiv Amerika Araşdırmaları Mərkəzinin direktoru Maksim Suçkov isə hesab edir ki, Makkenzi təzə bir şey söyləməyib. “Yaxın Şərqdə əvvəlki həcmdə mövcudluq Vaşinqtonu çətinə salırdı, ancaq Barak Obama ilə Donald Trampın bunu optimallaşdırmaq cəhdləri hərbçilərin müqaviməti ilə rastlaşırdı, - o xatırladır. – Burada peşəkar-şəxsi nüans da var: mərkəzi komandanlıq ənənəvi olaraq ABŞ-ın ən iri hərbi əməliyyatlarının episentrində olurdu və onun rəhbərləri daxili liderliyi Sakit Okean komandanlığına verməyi istəməsə də, Çinin qarşısının alınması tədbirləri özü bunu məntiqi cəhətdən labüd edir. Buradan da Yaxın Şərqin əhəmiyyətinin strateji vacib Çin və Rusiya ilə qarşıdurma mövzusu prizmasından rəhbərliyə çatdırılması cəhdləri doğur”.

Reallıqda nə Moskvanın, nə Pekinin “Amerika stilində” dominantlıq eləmək üçün nə ambisiyaları, nə də resursları var, müsahib deyir. “Müasir dünyada bu heç gərək deyil: yəni amerika təcrübəsi göstərir ki, miqyaslı hərbi mövcudluq avtomatik olaraq xarici siyasi uğura çevrilmir”, - Suçkov deyib.

Ekspert dəqiqləşdirir ki, eyni zamanda Amerikanın nüfuzunun regionda tamamilə azaldığını demək düz deyil. ABŞ-ın möhkəmlik ehtiyatı əvvəlki kimi çoxdur. Ona görə də amerikalı hərbçilər özlərinin Vaşinqtondakı auditoriyalarına Rusiya və Çinin onların naharlarını əllərindən aldıqlarını deyəndə yalan danışırlar.

10
Rusiyada miqrantlar, arxiv şəkli

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

6
Putinin yeni qərarı azadlıqdan məhrum edilmə yerindən buraxılan və ya Rusiyanın milli təhlükəsizliyinə təhdid edən şəxslərə şamil edilmir.

BAKI, 15 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslərlə bağlı yeni qərar imzalayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, yuxarıda adı çəkilən şəxslər Rusiyada 30 sentyabra qədər qala biləcəklər.

Belə ki, xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər 30 sentyabr tarixinə qədər Rusiyadan məcburi olaraq çıxarılmayacaqlar.

Qeyd olunur ki, bu qərar azadlıqdan məhrum edilmə yerindən buraxılan və ya Rusiyanın milli təhlükəsizliyinə təhdid edən şəxslərə şamil edilmir.

Putinin imzaladığı qərar iyunun 16-dan qüvvəyə minir.

Yeni qaydalar

Rusiyada işləmək üçün icazə və ya patent almaq istəyən əcnəbilər bundan sonra rus dilində polisə, poliklinikaya müraciət etmək və işə qəbulla bağlı müsahibədən keçmək üçün bu dili kifayət qədər bildiklərini təsdiqləməlidirlər. Bu tələblər, 7 iyun tarixindən qüvvəyə minən və Rusiya Prezidenti tərəfindən imzalanan bu ölkədə yaşayan əcnəbilərin hüquqi statusunu tənzimləyən qanuna edilmiş əlavə və dəyişikliklərdə yer alır.

Hökumətin qərarına əsasən, iş icazəsi və ya patent almaq üçün müraciət edən şəxs xarici dil kimi rus dilindən imtahan verdiyi vaxt sosial-məişət sahəsində ünsiyyət ehtiyacını (işə qəbul, polisə, poliklinikaya müraciət və s.) təmin etməyi bacardığını təsdiqləməlidir.

Bundan başqa, miqrantlar müsahibinin səsləndirdiyi və ya audio məlumat kimi ötürülən informasiyanı şifahi şəkildə qəbul etməyi də bacarmalıdır.

Eləcə də, rus dili imtahanından müvəffəqiyyətlə keçmək üçün bəzi anketləri, formaları doldurmağı bacarmaq tələb olunur.

Rus dili sertifikatının etibarlılıq müddəti, həmçinin Rusiya tarixini və Rusiya Federasiyası qanunvericiliyinin əsaslarını bilmə tarixi sertifikatın verildiyi gündən müəyyənləşdirlir. Rusiya Federasiyasındakı "Xarici Vətəndaşların Hüquqi Statusu haqqında" Federal Qanunun 133-cü maddəsinə əsasən, sertifikatın etibarlılıq müddəti üç ildir.

Rusiyada yaşamaq üçün icazə alanlara sertifikat müddətsiz veriləcək. Yaşayış icazəsi ləğv olunarsa, sertifikatın etibarlılığı da avtomatik olaraq qüvvədən düşəcək.

Bununla belə, Rusiyada yaşamaq üçün icazə almaq istəyənlərin imtahan sualları daha çətin olacaq.

Eləcə də oxuyun:

Azərbaycanlı miqrantlar onlayn icazə ala bilərlər

 

6
Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il

Azərbaycan Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalanıb

2368
(Yenilənib 17:25 15.06.2021)
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalayıblar.

BAKI, 15 iyun - Sputnik. İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

15:34

Ali qonağın Şuşada rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

  • Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il
    © Official website of President of Azerbaijan Republic
1 / 3
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

--------

13:24

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayıb.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Füzulidə görüş

--------

13:09

Azərbaycana rəsmi səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya gedir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Twitter hesabından məlumat verib.

"NATO sammitinin ardından Azərbaycanın tarix və mədəniyyət paytaxtı Şuşaya gedirik. Qarabağ zəfərini taclandıran bu ziyarət Türkiyə-Azərbaycan bağlarını daha da gücləndirəcək və dərinləşdirəcək. Qafqazın tarixi inanc, əzm və cəsarətlə yenidən yazılır", - İ.Kalın qeyd edib.

Şuşada Azərbaycan və Türkiyə dövlət başçılarının təkbətək görüşü, sonra isə Ərdoğanın sözlərinə görə, iki ölkə arasında ən böyük razılaşmanın imzalanması nəzərdə tutulur. Sonra isə KİV-in məlumatına görə, prezidentlər birgə mətbuat konfransı keçirəcəklər. 

Bundan sonra Ərdoğan Şuşada gəzintiyə çıxacaq. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Milli Məclisdə çıxış edəcəyi də gözlənilir. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.

--------

08:02

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

© Photo : AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfəri zamanı

Sputnik Azərbaycan xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

© Photo : AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfəri zamanı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

2368