Yerevan, arxiv şəkli

Ermənistan hökumətində yarpaq tökümü: bir-birinin ardınca ərizə yazdılar

868
(Yenilənib 16:25 28.05.2021)
Diplomatlardan savayı, qəzet yazır ki, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Xidmətinin bəzi əməkdaşları da istefa etmək qərarına gəliblər.

BAKI, 28 may - Sputnik. Ermənistanın xarici işlər nazirinin müavinləri qurumun rəhbəri vəzifəsini icra edən Ara Ayvazyanın istefasından sonra işdən getmək barədə ərizə yazıblar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Ermənistanın "Joxovurd" (Xalq) qəzeti yazıb.

Cümə axşamı Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan bildirmişdi ki, Ara Ayvazyan istefa ərizəsi yazıb, ancaq səbəbini açıqlamamışdı. 

"XİN başçısının istefasından sonra nazirin müavinləri də getmək barədə ərizə yazıblar, tezliklə bu barədə məlumat veriləcək", - məlumatda deyilir.

 

Qəzetin yazdığına görə, cümə axşamı Ayvazyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı qüvvələrin Ermənistan-Azərbaycan sərhədindən çəkilməsi və orada büynəlxalq müşahidəçilərin yerləşdirilməsi barədə bəyanatla çıxış etməməyə çağırıb. Paşinyan isə öz bildiyini edib, bundan sonra Ayvazyan istefa verib.

Diplomatlardan savayı, qəzet yazır ki, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Xidmətinin bəzi əməkdaşları da istefa etmək qərarına gəliblər.

Sərhəddə nə baş verir?

Qeyd edək ki, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

Bu gün isə Azərbaycan Müdafiə Nazirliyi mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimizin Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalması barədə məlumat yayıb.

Məlumata görə, atəş nəticəsində hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı üçün heç bir təhlükə yoxdur.
Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.
"Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan sahəsində vəziyyətin nisbi gərginləşdirilməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Ermənistan tərəfini təxribatlar törətməkdən, vəziyyətin gərginləşməsinə səbəb olacaq digər addımlardan çəkinməyə və məsuliyyətli davranmağa çağırırıq", - Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

Eləcə də oxuyun:

  • Naxçıvan istiqamətindəki mövqelərimiz atəşə tutulub, əsgərimiz yaralanıb

  •  Paşinyan Azərbaycanla sərhədə gəldi: KTMT-nın nüfuzunu yüksəltmək üçün hər şeyi etməliyik

     

868
Teqlər:
Milli Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi, istefa, XİN, hökumət, Ermənistan
İranlı qadın bayraqlarla, arxiv şəkli

İranda prezident seçkisi keçirilir

12
(Yenilənib 10:38 18.06.2021)
İranlılar sayca 13-cü prezidentlərini seçəcəklər. Ölkənin 80 milyonluq əhalisinin 59 milyon 310 min 307 nəfəri səsvermə hüququna malikdir.

BAKI, 18 iyun - Sputnik. Bu gün İranda prezident seçkisi keçirilir. Artıq əsas namizədlərdən biri - İbrahim Rəisi seçkidə səs verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Rəisi Tehranın cənubundakı Rey rayonunda, Ərşad məscidindəki məntəqədə səs verib.

"Ümid edirəm ki, seçki nəticəsində xalqın problemlərini həll edə biləcək hökumət formalaşdırılacaq", - Rəisi deyib və hər kəsi seçkidə iştiraka səsləyib.

İranda prezident seçkisi

İranlılar sayca 13-cü prezidentlərini seçəcəklər. Seçki məntəqələri yerli vaxtla saat 7:00-da açılıb. İctimai Rəyin Sorğusu üzrə Tələbə Mərkəzinin məlumatına görə, seçkiyə qatılmaq istəyənlərin 63%-i Rəisiyə səs verməyə hazırdır. Rəisinin digər rəqibi Qəbul edilən qərarların məqsədəuyğunluğu Şurasının katibi Möhsin Rezaiyə isə seçicilərin 9%-i etimad göstərir. Digər namizədlər parlament sədrinin müavini Əmirhüseyn Qazizadə Haşimi və keçmiş Mərkəzi Bank rəhbəri Əbdülnasir Himmətidir.

Seçkini işıqlandırmaq üçün İrana 38 ölkədən 226 beynəlxalq medianı təmsil edən 500 jurnalist səfər edib.

İranın 80 milyonluq əhalisinin 59 milyon 310 min 307 nəfəri səsvermə hüququna malikdir. Səsvermə hüququna malik olanlardan 29 milyon 980 min 38 nəfəri kişi, 29 milyon 330 min 269 nəfəri isə qadındır.

1 milyon 392 min 148 nəfər prezident seçkisində ilk dəfə səsvermədə iştirak edəcək.

İİR vətəndaşları Azərbaycanda harada səs verə bilərlər

Cümə günü, səhər saat 10:00-dan etibarən İranın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə iki seçki məntəqəsində səsvermə başlayıb - Bakıda və Naxçıvanda.

Bakıda iranlılar İİR səfirliyinin Xətai rayonu, 8 Noyabr prospekti, ev 14 ünvanında yerləşən Təhsil kompleksinin binasındakı seçki məntəqəsində səs verə bilərlər. 

Burada ilk olaraq İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi səs verib. 

Naxçıvanda isə seçki məntəqəsi Atatürk prospekti, 13 ünvanında yerləşən İran konsulluğunun binasında açılıb.

12
Teqlər:
prezident seçkisi, İran
İstanbul şşəhərinə mənzərə, arxiv şəkli

Azərbaycanlıların xaricdə mənzil sevdası

693
(Yenilənib 08:58 18.06.2021)
May ayında Türkiyənin əmlak bazarı azərbaycanlılar üçün xüsusilə cəzbedici olub. Ekspert bunun əsas səbəblərini xırdalayıb.

BAKI, 18 iyun — Sputnik. Yerli əmlak bazarında son bir ildə yaşanan durğunluq qismən aradan qalxmağa başlayıb. Son günlərdə mənzil bazarında müəyyən qədər canlanma nəzərə çarpır. Maraqlıdır ki, Azərbaycan vətəndaşları Türkiyədə mənzil almağa üstünlük verməyə başlayıb.

Statistika nə deyir

Bu ilin may ayı ərzində Azərbaycan vətəndaşları Türkiyədə 47 daşınmaz əmlaka sahib olublar. Türkiyə Statistika İdarəsinin məlumatına görə, azərbaycanlılar sayca Türkiyədə ev alan xaricilərin sırasında 9-cu yerdə qərarlaşıb.

Ötən ilin müvafiq dövründə azərbaycanlılar Türkiyədən 42 mənzil alıblar.

Maraqlıdır, azərbaycanlıların Türkiyə bazarına axın etməsinin əsas səbəbi nədir və qardaş ölkədə mənzil sahibi olanlar əsasən əhalinin hansı təbəqəsini təşkil edir?

Məsələyə ekspert yanaşması

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, pandemiyadan öncə də azərbaycanlılar xarici ölkələr içində ən çox Türkiyədə ev alırdılar. Lakin pandemiya dövründə sərhədlər bağlı qaldığı üçün vətəndaşlarımız nəinki ölkədən, heç şəhərdən də çıxa bilmədilər. Belə olan halda xarici ölkələrdə mülkü, əmlakı olan şəxslər arasında ajiotaj yarandı. Prosesin nə zamanadək davam edəcəyi bilinmirdi. Əmlak da vətəndaşlarımız üçün əlçatan deyildi. Odur ki, xaricdə əmlak almaqla bağlı adamlarda qorxu yarandı.

"Çoxları özləri ora gedə bilməsələr də, həmin dövrdə oradakı əmlaklarını satdırmağa çalışdılar. Lakin göründüyü kimi artıq xarici bazara - Türkiyənin mənzil bazarına axın var. Bu mənzillərin əksəriyyətini də Türkiyədə yaşayan, işləyən vətəndaşlarımız alıb. Bundan başqa, övladı orada təhsil alanlar, burada evi, hər şeyi olub orada işləyənlər də Türkiyənin mənzil bazarına axın edir. Övladları Türkiyədə oxuyan imkanlı adamlar düşünürlər ki, orada kirayədə qalmaqdansa, ev alsalar daha yaxşı olar. Bakıda da belədir. Rayonlarda yaşayan imkanlı şəxslər övladı Bakıda oxuduğu üçün ona buradan ev alırlar. Beləcə, gənclər kirayə pulundan azad olurlar, sonra da mənzil onlara qalır. Lazım olanda isə onu istədikləri bazar qiymətinə sata, qoyduqları pulu artıqlaması ilə götürə bilirlər".

Ekspertin sözlərinə görə, Türkiyə xarici vətəndaşların daha asan şəkildə orada ev sahibi ola bilməsi üçün bir sıra qanunları dəyişib: "Əvvəllər xarici ölkə vətəndaşının Türkiyədə əmlak alması qaydaları çox çətin idi. Torpaq sahəsini isə ancaq Türkiyə vətəndaşı ala bilərdi. Lakin qanunlara dəyişiklikdən sonra Tükiyənin daşınmaz əmlak bazarına milyardlarla axın gəldi ki, bu axının böyük qisminin də biz daha çox ərəb ölkələrindən olduğunu görə bilərik. Türkiyə bir dövlət kimi bu vəziyyətdən çox bəhrələndi".

Fərzəliyev Türkiyənin Statistika Komitəsinin xarici ölkə vətəndaşlarınını əldə etdiyi mənzillərlə bağlı statistikanı şəffaf saxladığını qeyd edib. Lakin Rusiya ilə bağlı bunu deməyin çətin olduğunu bildirib.

"Çünki Rusiyada belə statistika yoxdur. Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır və onların böyük hissəsinin orada evləri var. 2015-2016-cı illərdə devalvasiya baş verdiyi dövrdə Rusiyada maraqlı hadisə baş verdi. Dollar qalxsa da, evlərin qiyməti qalxmadı, elə əvvəlki həddə qaldı", - deyə o, əlavə edib.

Ekspert bildirir ki, 2016-cı ildə Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti Azərbaycandakı evlərini sataraq dollara çevirib ora aparıblar. Sonra da Rusiyada həmin dollarlara yaxşı evlər alıbar.

Prosesin Azərbaycandakı daşınmaz əmlak bazarına təsiri

Pandemiya dövründə Azərbaycanda mənzillərin qiymətində enmə olmayıb. Ekspertin fikrincə, əksinə qiymət artımı müşahidə olunub ki, bu da tikinti materialları bazarındakı qiymət artımı ilə əlaqədardır.

"Son 1-1,5 il ərzində tikinti materiallarının qiymətində təqribən 30-40 faiz artım olub. Taxtanın qiymətində isə kifayət qədər yüksək artım baş verib. Tikintinin maya dəyərinin artması satışa təsirsiz ötüşməyə bilməz", - deyə Fərzəliyevin sözlərinə görə, pandemiya dövründə bina evlərinə tələbat azalıb. Satılan evlərin əksəriyyəti isə ipoteka ilə satılıb. Ötən ilin may ayında əksəriyyət karantin vəziyyəti ilə əlaqədar olaraq həyət evi alıb. Nəticədə həyətyanı sahələrin, bağ evlərinin qiyməti və kirayə haqqı artıb. Lakin artıq rayonlara gediş-gəliş açıldığı üçün Bakıda həyət evlərinə deyil, rayonlarda mənzil bazarına axının çoxaldığı görünür. Baxmayaraq ki, ötən il bölgələrdə mənzil bazarında 70 faizədək çökmə baş verib.

Əmlak bazarına nəzər saldıqda, paytaxtda mərkəz ətrafında 1 otaqlı evlərin qiyməti 36-105 min manat, 2 otaqlıların qiyməti 63-136 min manat, 3 otaqlıların qiyməti isə yerindən asılı olaraq 235 min manatadək dəyişir.

Qonşu ölkə Türkiyədə vəziyyət necədir?

Pandemiya ilində daşınmaz əmlak bazarında ən çox qiymət artımı olan ölkə Türkiyə olub. Türkiyədə son bir ildə mənzillərin qiymətində 30 faizədək artım olub. Mənzil qiymətlərinin artımına görə, Türkiyədən sonrakı yerdə Yeni Zelandiya və Lüksemburq dayanıb. Bundan başqa, Türkiyədə əcnəbilərə daşınmaz əmlak satışının kəmiyyətində də artım olub - son 4 ayda 19 faizədək.

Türkiyədə 100 kvadratmetrlik 3 otaqlı evlərin qiyməti təxminən 130-145 min Türk Lirəsi arasında dəyişir.

693
Bakıya Xəzərdən mənzərə

Azərbaycan Rusiya XİN nümayəndələri məsləhətləşmə keçiriblər

0
Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası ilə bağlı məsələlər, dövlət başçıları səviyyəsində növbəti Xəzər Zirvə Toplantısına hazırlıqla əlaqədar tədbirlər müzakirə edilib.

BAKI, 18 iyun — Sputnik. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Məsləhətləşmələrdə Azərbaycan tərəfini Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Rusiya tərəfini isə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya Federasiyası Prezidentinin MDB üzv dövlətləri ilə Rusiya Federasiyasının dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi Mixail Petrakov təmsil edib.

Görüşdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası ilə bağlı məsələlər, dövlət başçıları səviyyəsində növbəti Xəzər Zirvə Toplantısına hazırlıqla əlaqədar tədbirlər müzakirə edilib, eləcə də Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri danışıqların mövzusu olub.

Görüşdə, həmçinin Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclasının keçirilməsi və gündəliyinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Eləcə də oxuyun:

0
Teqlər:
Azərbaycan XİN, Rusiya XİN, məsləhətləşmə, Xəzər dənizi