Müsəlman qadınlar, arxiv şəkli

İdris Bozkurt: "Fitrənin internetlə ödənməsi caizdir"

10
(Yenilənib 23:07 04.05.2021)
"COVID-19 səbəbindən ən yaxın qohumlarımızı belə görə bilmirik. Başqa sözlə, bu günlərdə ehtiyacı olan insanlarla birbaşa əlaqə yaratmaq daha çətindir. Odur ki həmin adamlara zəng vurub bank hesab nömrələrini almaq olar".

BAKI, 5 may — Sputnik. Xəbər verildiyi kimi, Türkiyədə koronavirusla mübarizə tədbirləri çərçivəsində Ramazan ayının sonuna kimi sərt karantin tədbirləri həyata keçirilir. Tam qapanmaya gedən Türkiyədə hətta ərzaq və bir sıra gündəlik tələbat mallarından başqa, digər məhsulların satışı da qadağan olunub.

Bu durumda əhalini bir məsələ narahat edir: Ramazanın sonunda verməli olduqları fitrə zəkatını ehtiyacı olan insanlara necə çatdıracaqlar?

Türkiyə Dini İşlər İdarəsinin Din İşləri üzrə Ali İdarəetmə Heyətinin üzvü İdris Bozkurt məsələyə aydınlıq gətirib. O bildirib ki, fitrə ehtiyacı olan insanlara internet vasitəsilə də çatdırıla bilər.

"COVID-19 səbəbindən ən yaxın qohumlarımızı belə görə bilmirik. Başqa sözlə, bu günlərdə ehtiyacı olan insanlarla birbaşa əlaqə yaratmaq daha çətindir. Odur ki həmin adamlara zəng vurub bank hesab nömrələrini almaq olar . Mobil və ya internet bankçılığı vasitəsilə onların hesabına fitrə məbləğini köçürə bilərsiniz", – deyə o bildirib.

Bozkurt onu da qeyd edib ki, fitrənin məbləği kasıb insanın gündəlik qidasının dəyərində olmalıdır: "Fitrə kasıb, möhtac insanlara ödənilir. Ancaq birinci dərəcəli qohumlara verilə bilməz, çünki biz onsuz da onlara kömək etməliyik. Bizim mal-dövlətimiz həm də onların mal-dövləti sayılır. Başqa sözlə, zəkatımızı, fitrəmizi onlara ödəyə bilmərik".

 

10
Fillər, arxiv şəkli

Nyu-York məhkəməsi filin müraciətinə baxacaq

3
Heyvanların hüquq müdafiəçiləri ümid edirlər ki, Heppi dünyada azadlıq hüququ məhkəmə qaydasında təsbit olunmuş ilk heyvan olacaq.

BAKI, 9 may — Sputnik. ABŞ-ın Nyu-York şəhər məhkəməsində Heppi adlı dişi filin adından irəli sürülmüş iddiaya dair məsələ araşdırılacaq. Sputnik Azərbaycan xəbər verir ki, Bronks heyvanxanasında yaşayan dördayaqlının adından iddianı məhkəməyə "Nonhuman Rights Project" (İnsan olmayan canlıların hüquqları layihəsi) fondu təqdim edib.

Təşkilatın saytında yerləşdirilmiş məlumatda deyilir ki, bu, tarixdə ingilisdilli məhkəmənin insan olmayan canlı adından verilmiş ərizəni araşdıracağı ilk proses olacaq. Qeyd edək ki, adı çəkilən təşkilat artıq 2018-ci ildən bəri Heppinin adından məhkəmələrə rəsmi müraciətlər ünvanlayıb. Lakin məhkəmələr hər dəfə bu ərizələri geri göndərib.

Məsələ bundadır ki, adı çəkilən fil heyvanxanaya 1970-ci ildə yerləşdirilib. Hazırda o sahəsi 0,81 hektar olan bir qahalda saxlanılır. Zoopark işçiləri onu Peqqi adlı digər dişi fildən ayırmalı olublar. Belə ki, onlar tez-tez dalaşıblar.

"Nonhuman Rights Project" isə hesab edir ki, Heppinin ayrıca qahalda saxlanması onun hüquqlarını pozur. Təşkilat fəalları məhkəmənin filin xüsusiləşdirilmiş fil qoruğuna köçürülməsi barədə qərar çıxarmasına nail olmaq istəyirlər. Heyvanların hüquq müdafiəçiləri ümid edirlər ki, Heppi dünyada azadlıq hüququ məhkəmə qaydasında təsbit olunmuş ilk heyvan olacaq.

Xatırladaq ki, bir müddət əvvəl Pakistandakı Kaavan adlı fil dünyada ən tənha fil adlandırılıb. Belə ki, dişi tayı öldükdən sonra həmin fil təklikdə və dar qəfəsdə saxlanıb. Burada onun digər heyvanlarla yanaşı olmasına imkan verilməyib və o heyvanxana ziyarətçiləri qarşısında çıxış etməyə məcbur edilib. Hüquq müdafiəçiləri beş ildən sonra Kaavanın Kambocadakı fil qoruğuna köçürülməsinə nail olublar. Onların qələbəsinə məşhur müğənni Şerin danışıqlarda iştirak etməsi də kömək edib.

3
Əfqanıstanda ABŞ hərbçiləri, arxiv şəkli

WSJ: Avropa ABŞ-dan Əfqanıstandan qoşunların çıxarılmasını ləngitməyi xahiş edir

4
Hazırda ABŞ və radikal "Taliban" hərəkatı arasında Əfqanıstandan amerikalı hərbçilərin çıxarılmasının iyulun əvvəlinə qədər sona çatdırılması imkanlarını müzakirə edirlər.

BAKI, 9 may — Sputnik. ABŞ-ın NATO üzrə müttəfiqləri Əfqanıstandan qoşunların çıxarılmasını ləngitməyi və alyansın digər üzvlərinə bu ölkədən çıxmaq üçün daha çox vaxt verilməsini israrla xahiş edirlər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bəzi ölkələr Əfqanıstandan qüvvələrini vaxtında çıxara bilməyəcəklərini və buna görə də, amerikalı hərbçiləri iyulun 4-dən sonra da Əfqanıstanda saxlamağı xahiş edirlər.

"Wall Street Journal"-da dərc olunmuş yazıda bildirilir ki, bir sıra ölkələr, konkret olaraq Almaniya, qoşunların tam çıxarılmasını iyulun 18-nə qədər təxirə salmağı xahiş ediblər. ABŞ hakim dairələri isə bildiriblər ki, müttəfiqlərin xahişini yerinə yetirmək üçün qoşunların çıxarılması iki həftə və ya daha çox müddətə təxirə salına bilər.

Bir müddət əvvəl "Tolo New" telekanalı adı çəkilməyən mənbəyə istinadən məlumat verib ki, hazırda ABŞ və radikal "Taliban" hərəkatı arasında Əfqanıstandan amerikalı hərbçilərin çıxarılmasının iyulun əvvəlinə qədər sona çatdırılması imkanlarını müzakirə edirlər.

Mənbənin bildirdiyinə görə, vəziyyətin qəlizliyi ondadır ki, uzun illər ərzində Kabul hava limanına təhlükəsizliyi təmin edən Türkiyə də ABŞ və NATO-ya öz qoşunlarını çıxara biləcəyini bildirib. Məlumata görə, türk qoşunlarının çıxarılması mümkünlüyü bir sıra Qərb ölkələrini Əfqanıstanda hətta ixtisar olunmuş tərkibdə diplomatik kontingentin saxlanması planlarına yenidən baxmağa sövq edə bilər. Hava limanında təhlükəsizliyin təmin olunması üçün alternativlərdən biri beynəlxalq muzdluların bu işə cəlb olunmasıdır, lakin onlar çətin ki, nizami qoşunlarsız orada qala bilsinlər.

Xatırladaq ki, ABŞ və NATO üzrə müttəfiqlərinin Əfqanıstanda əməliyyatları 2001-ci ildə başlanıb. Bu əməliyyatlar 11 sentyabr 2001-ci il terror aktına cavab olaraq təşkil olunmuş "Yenilməz azadlıq" kampaniyası çərçivəsində həyata keçirilib.

2014-cü ildə Əfqanıstan, ABŞ və NATO təhlükəsizlik barədə, müttəfiqlərə ölkə ərazisində məhdud sayda hərbçiləri saxlamağa imkan verən razılaşma imzalayıblar.

2020-ci ildə isə son 18 ildən çox müddət ərzində ABŞ və "Taliban" arasında artıq cari ilin may ayında zorakılığa son qoyulması şərti ilə əcnəbi qoşunların ölkədən çıxarılmasını nəzərdə tutan ilk saziş imzalanıb. Hazırda Əfqanıstanda on min nəfərdən bir qədər az sayda NATO və alyansın tərəfdaşı olan ölkələrin hərbçiləri, o cümlədən 2,5 min nəfər ABŞ hərbçisi var. Onların əsas vəzifəsi Əfqanıstan təhlükəsizlik qüvvələrinin öyrədilməsi və hazırlaşdırılmasıdır.

4
Laboratoriyada insan beyni, arxiv şəkli

Alimlər beyin ölçüsü ilə əsnəməyin uzunluğu arasında əlaqəni aşkar ediblər

0
Bioloqların qənaətinə əsasən, beyinin ölçüləri böyük olduqca onun termoliz tələbatı da müvafiq olaraq artır.

BAKI, 9 may — Sputnik. Alimlər müəyyən ediblər ki, əsnəməyin davam etdiyi müddət beyinin ölçüsü və onun soyuma tələbatı ilə birbaşa əlaqədardır. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, filogenetik təhlil əsasında alimlər əsnəməyin uzunluğu ilə beyindəki neyronların sayı arasında dayanıqlı əlaqə olduğunu bildiriblər.

"Communications Biology" saytında dərc olunmuş məlumatda deyilir ki, mütəxəssislər 55 məməli və 46 quş növü üzərində təcrübə apararaq ümumilikdə 1291 əsnəyi tədqiq ediblər.

Bioloqların qənaətinə görə, beyinin ölçüləri böyük olduqca onun termoliz (temperaturun təsisi altında kimyəvi birləşmələrin parçalanması) tələbatı da artır. Halbuki, onun temperaturu qismən neyronların aktivliyi nəticəsində istiliyin ayrılması ilə müəyyən olunur.

Ekspertlər həmçinin müəyyən ediblər ki, bədən ölçüləri daha böyük və bədənin hərarəti daha çox olduğu üçün məməlilər quşlara nisbətən daha uzun əsnəyirlər.

0