İranda övladına azərbaycanlı adı qoymaq istəyən ata 9 aydan sonra buna nail olub

© pixabay / christianabellaНоворожденный ребенок, фото из архива
Новорожденный ребенок, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.04.2021
Abunə olmaq
Müvafiq dövlət idarəsi uzun müddətdən sonra "Ayıl" adlı körpənin sənədini vermək məcburiyyətində qalıb.

BAKI, 7 aprel — Sputnik. İranın Ərdəbil şəhərində yaşayan azərbaycanlı Səccad Colaninin yeni doğulmuş qızına azərbaycanlı adı qoymaq üçün apardığı mübarizə 9 aydan sonra uğurla nəticələnib. "CNN Türk"ün xəbərinə görə, gözdən əlil küçə musiqiçisi Colani qızı dünyaya gələndən sonra Ərdəbil şəhərindəki müvafiq idarəyə müraciət edərək ona Azərbaycan dilində "oyanmaq", "ayağa qalxmaq" mənasını verən "Ayıl" adını qoymaq istədiyini bildirsə də, buna icazə verilməyib və körpəyə doğum haqqında şəhadətnamə ala bilməyib. Ancaq Colani mübarizəsini davam etdirib.

"Təxminən üç həftə əvvəl idarəyə getdim və səlahiyyətli şəxslərə dedim ki, əgər Ayılın sənədini verməsəniz, ailəmlə birlikdə bu binanın qarşısında oturaq aksiya keçirəcəyəm. Onlar da mənə dedilər ki, lüğətdə "ayıl" sözünün mənasını tapıb onlara göstərim. Belə də elədim, amma yenə bir nəticəsi olmadı. Nəhayət, 9 aydan sonra sənədi verməyə razı oldular", – deyə o bildirib.

Colani İranda övladlarına türk adı qoymaq istəyən ailələrin probleminin tezliklə həll olunacağına ümid etdiyini də vurğulayıb.

"İranda yaşayan azərbaycanlılar uşaqlarına Azərbaycan, türk adı qoymaq istəyəndə problemlərlə qarşılaşırlar. Belə ailələrin sayı çox olsa da, təzyiqlər ucbatından məsələni mətbuatda qaldıra bilmirlər. Bəzi uşaqların valideynləri dövlət işində çalışdıqlarından bu məsələdə təkid edərlərsə, işdən çıxarılmaqla hədələnirlər. Bəzi ailələr də məcburən sənəddə uşağına fars adı yazdırsalar da, evdə türk adı ilə çağırırlar. Ona görə də uşağın məktəbdə və evdəki adı fərqli olur. Bu, İranda sosial-psixoloji problemlərə yol açan məsələdir. Odur ki, məsələ tezliklə öz həllini tapmalıdır", – deyə azərbaycanlı ata bildirib.

 

Xəbər lenti
0