ABŞ hərbçiləri, arxiv şəkli

ABŞ ordusu gələcək münaqişələr üçün Qarabağ müharibəsini öyrənir

44
(Yenilənib 21:55 31.03.2021)
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Türkiyə PUA-ları sayəsində Azərbaycan ordusu düşmənin 1 milyarddan çox dəyərində silah-sursatını məhv edib.

BAKI, 31 mart — Sputnik. Hazırda Amerika hərbçiləri yaxın keçmişdə Dağlıq Qarabağda baş vermiş müharibənin təcrübəsini aktiv şəkildə öyrənirlər. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, ABŞ hərbçilərinin məqsədi gələcəkdə cəlb oluna biləcəkləri hərbi əməliyyatlara daha yaxşı hazırlaşmaqdır.

Amerika KİV-lərində yer alan məlumata əsasən, ötən ilin payızında Ermənistan və Azərbaycan arasında müharibənin növbəti mərhələsi pilotsuz uçuş aparatlarının tətbiqinin səmərəliliyini nümayiş etdirib. Belə ki, PUA-lar qarşısında həm şəxsi heyət, həm də zirehli texnika aciz qalır.

ABŞ ordusunun asimmetrik müharibə məsələləri ilə məşğul olan bölməsinin rəhbəri polkovnik Skott Şounun sözlərinə görə, Azərbaycan Türkiyənin "Bayraktar" TB2 pilotsuz aparatlarından və patrul fəaliyyəti həyata keçirən "kamikadze"lərdən istifadə etməklə müharibədə xeyli üstünlük əldə edib. Belə ki, sonuncular Ermənistanın zirehli texnikasını və orduya təminat gətirən avtomobil kolonlarını hələ cəbhə xəttinə çatmamış məhv edirdilər.

Hərbçi xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev Türkiyə PUA-ları sayəsində Azərbaycan ordusu düşmənin 1 milyarddan çox dəyərində silah-sursatını məhv etdiyini bildirib. Və bu rəqəmlərin dəqiqliyi şübhə doğursa da, adı çəkilən silahların istifadəsinin səmərəliliyi sübuta yetirilib.

Onun fikrincə, gələcəkdə müharibələrdə məhz pilotsuz aparatlar böyük rol oynayacaqlar. Özü də söhbət təkcə uçuş aparatlarından deyil, həm də yerüstü və suda hərəkət edən qurğulardan gedir.

Bundan əlavə, həmin aparatlar hesabına təkcə ABŞ və Rusiya kimi nəhəng hərbi potensiala malik dövlətlər deyil, bundan qat-qat az maliyyə imkanlarına malik ölkələr də müasir hərbi-hava qüvvələrinə malik ola biləcəklər.

"Bu pilotsuz sistemlər çox yayılacaq, çünki onlar ucuzdur", - deyə polkovnik bildirib.

Şou hesab edir ki, bütün bunları nəzərə alaraq, ABŞ ordusu döyüş qabiliyyətini saxlamaq üçün həm təchizatında, həm də hərbi münaqişələrdə iştirak strategiyasında dəyişikliklər etməli olacaq.

Konkret olaraq ABŞ hərbçiləri öz yerüstü bölmələrinin maskalanmasına, o cümlədən texnikanın kamuflyaj rənglənməsinə və ordu bölmələri arasında əlaqə üçün "FM" diapazonu tezliklərindən istifadəyə diqqət yetirməli olacaqlar.

"Bundan əlavə amerikalılar daha da mobil olmalı olacaqlar. Çünki təkcə atəş imkanlarında üstünlük onun bölmələrin təhlükəsizliyinə zəmanət verə bilməyəcək", - deyə polkovnik fikrini tamamlayıb.

44
 Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusla bağlı vəziyyət gərgindir

8
(Yenilənib 23:05 19.04.2021)
Ermənistanda bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

BAKI, 19 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 208818-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 298 nəfər artıb.

Ermənistanda son gündə daha 17 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 141,4 milyonu keçib, 3 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

8
Gürcüstan bayrağı, arxiv şəkli

Gürcüstan DTX Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdlərinin olduğunu açıqladı

48
(Yenilənib 23:35 19.04.2021)
Müxtəlif KİV və internetdən fəal istifadə olunmaqla aparılan dezinformasiya və təbliğatın əsas məqsədlərindən biri Gürcüstanı münaqişə tərəflərinin hər hansı birinin tərəfdarı kimi təqdim etmək olub.

BAKI, 19 aprel - Sputnik. 2020-ci il bölgədə münaqişə zonasında proseslərin fonunda maraqlı qruplar Gürcüstanda etnik azlıqların sıx yaşadıqları bölgələrdə fəallaşıblar.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) parlamentə təqdim etdiyi illik hesabatında bildirilib.

Sənədə əsasən, həmin qruplar konkret bələdiyyələrdə azərbaycanlılar və ermənilər arasında gərginlik yaradaraq dinc mühitə zərər vurmağa çalışıblar:

“Eyni zamanda Gürcüstan-Azərbaycan və Gürcüstan-Ermənistan münasibətlərinə qəsdən zərər vurmaqla bağlı cəhdlər də olub. Destruktiv proseslərin asanlaşdırılması üçün Gürcüstanın cari hadisələrdə müxtəlif formada iştirak etməsi barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb”.

Qeyd edilib ki, müxtəlif KİV və internetdən fəal istifadə olunmaqla aparılan dezinformasiya və təbliğatın əsas məqsədlərindən biri Gürcüstanı münaqişə tərəflərinin hər hansı birinin tərəfdarı kimi təqdim etmək olub: “Yaranmış vəziyyət fonunda DTX Azərbaycan və Ermənistanın müvafiq qurumları ilə sıx təmaslar saxlayıb. Təhlükəsizliklə bağlı bütün məsələlər regionda baş verən proseslərin marağına uyğun həll olunub”.

48