BAKI, 9 mart - Sputnik. Gürcüstanın Martvili şəhərindəki Çkondid yeparxiyasında baş verən dava zamanı on nəfər eyvandan yıxılıb, onlardan altısı xəsarət alıb.
Sputnik Gürcüstan xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi hadisəni araşdırmağa başlayıb.
Məlumata görə, yeni hakim mitropolit Stefanın sədrliyi ilə keçirilən qapalı iclasda ruhanilər arasında yaranmış mübahisə dava ilə bitib.
Çkondid və Martvilinin yeni mitropoliti Stefan ata keçmiş mitropolitin tərəfdarı olan iki dyakonun ibadət etməsini qadağan edib.
Bundan sonra yeparxiya xadimləri arasında qarşıdurma yaranıb. Kilsə və pastva xadimləri münasibətlərə aydınlıq gətirmək istəyiblər. Qarşıdurma binanın ikinci mərtəbəsinin eyvanında davam edib. Nəticədə taxta dirəklər sınıb və oradakılar yerə yıxılıb. Xəsarət alanların arasında Gürcüstanın Formula-1, POSTV, TV Pirveli, Rustavi 2 telekanallarının jurnalistləri və operatorları da olub.
Xəsarət alanlar təcili yardım briqaları tərəfindən xəstəxanaya aparılıb. Gürcüstan Patriarxlığı hələlik Çkondid yeparxiyasında baş verənləri şərh etməyib.
Gürcüstanın Daxili İşlər Nazirliyi Martvili rayonundakı Çkondid yeparxiyasında baş verən dava faktı ilə bağlı cinayət işi qaldırıb. "Ehtiyatsızlıqdan sağlamlığa zərər vurma" maddəsi üzrə təhqiqat aparılır. Gürcüstan qanunvericiliyinə görə, bu maddə özündə inzibati cərimələri və yaxud iki ilə qədər islah işlərini nəzərdə tutur.
BAKI, 21 aprel — Sputnik. "Popun Kralı" Maykl Ceksonun ABŞ-ın Kaliforniya ştatındakı "Neverland" adlı malikanəsindəki heykəllər hərraca çıxarılıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, tuncdan hazırlanan 28 ədəd heykəli kolleksiyaçılardan biri 2 milyon 500 min dollara (təxminən 4 milyon 250 min manat) satışa çıxarıb.
Qeyd edək ki, 1100 hektar torpaq sahəsi olan malikanənin içində zoopark, lunapark, basketbol meydançası, tennis kortu, hovuz, kinoteatr zalı və 20-yə yaxın bina var. Villanı ötən il sənətçinin milyarder dostu Ron Byorkl 22 milyon dollara alıb.
BAKI, 21 aprel — Sputnik. London Universitetinin nəzdindəki kolleclərdən birinin alimləri Entoni Buraçed və Corc Kann süni intellekt və 3D printer vasitəsilə itirilmiş incəsənət əsərlərinin tam rəngli surətini yaratmağa müvəffəq olublar. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, mütəxəssislər yeniliyi Pablo Pikassonun Kanadanın Toronto şəhərindəki Ontario incəsənət qalereyasında saxlanılan "Çöməlib oturmuş yoxsul qadın" (1902) əsəri üzərində yoxlayıblar.
Hələ 2018-ci ildə qalereyanın ekspertləri rentgen vasitəsilə müəyyən ediblər ki, Pikassonun fırçasının 1902-ci ilə aid izləri altında onun müasiri, kataloniyalı digər rəssam Santyaqo Rusinolyinin Barselonanın Labirint Ort parkının təsvir olunduğu peyzaj əsəri gizlənib. Məsələ bundadır ki, sənətə təzə başlayan Pikasso yeni kətan parça almağa pulu olmadığı üçün "Çöməlib oturmuş yoxsul qadın" əsərini artıq çəkilmiş digər şəkil üzərində həkk edib.
Texnologiya bu faktı aşkara çıxarsa da, Pikassonun müdaxiləsindən əvvəl həmin şəklin görünüşünün necə olduğunu tam təsəvvür etmək mümkün olmayıb.
İndi isə Buraçed və Kann öz yeniliklərini tətbiq edərək kataloniyalı rəssamın itirilmiş əsərinin 100-dən artıq üçölçülü surətini yaradıblar. Onlar printeri elə proqramlaşdırıblar ki, cihaz Rusinolyinin fırçasının izlərini dəqiqliklə təsvir edərək lazımi rəngləri bir-birinə qarışdırıb.
"Bunu əvvəllər heç kim edə bilməyib. Kətan üzərinə bu üsulla boya və mürəkkəbin çəkilməsi üçölçülü çap işində irəliyə doğru atılmış böyük bir addımdır", - deyə Buraçed bildirib.
Hazırda Pablo Pikassonun müasirinin bərpa edilmiş əsərlərinin hər birinin qiyməti 11 min dollardır və hər bir lövhəyə dələduzlardan qorunmaq üçün xüsusi işarə və unikal kod həkk olunur.
BAKI, 21 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 20-də respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Vətəndaşlardan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələri xahiş edilir.