CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bütün dünya Türkiyədə yaşanan balıqçı və leyləyin dostluğundan danışır

© AP Photo / J. David AkeРыбак, фото из архива
Рыбак, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.03.2021
Abunə olmaq
Bu kənddə yaşanan balıqçı ilə leyləyin dostluğu, milyonlar tərəfindən diqqətlə izlənilərək hekayəyə dönüb. Leylək hər il kəndə gəlişini Adəm Yılmazın qayığına qonaraq xəbər verir.

BAKI, 8 mart - Sputnik. Türkiyənin Bursa şəhərində yaşayan Adəm Yılmazla dostluğu film mövzusu olan Yaren adlı leylək Eskikarağac Leylək kəndinə bu il 10-cu dəfə gəlib. “Yaren Leylek” adlandırılan quşun gəlməsi onun 10 illik dostu, balıqçı Adəm Yılmazı hamıdan çox sevindirib.

"Yaren mənim övladım kimidir. Altı ay ərzində mən balıq tutub ona yedirəcəyəm”, - deyə Yılmaz bildirib.

Sputnik Türkiyə xəbər verir ki, Avropanın leyləklərin köç etdiyi kəndləri arasında Türkiyəni təmsil edən yeganə kənd Bursanın Karacabey rayonuna bağlı Eskikarağac Leylək kəndidir. Bu kənddə yaşanan balıqçı ilə leyləyin dostluğu, milyonlar tərəfindən diqqətlə izlənilərək hekayəyə dönüb. Leylək hər il kəndə gəlişini Adəm Yılmazın qayığına qonaraq xəbər verir.

Keçən illərə nisbətən Yaren Leylək bu il 3 gün gec gəlib. Bu da onun balıqçı dostunu çox narahat edib. Amma vəfalı quş kəndə çatanda ilk olaraq balıqçı dostunun qayığını ziyarət edib və balığa qonaq olub. Həmin anı təbiət fotoqrafı Alpər Tüydeş fotokamerasının yaddaşına köçürüb.

Alpər Tüydeş Yaren Leylək və Adəm Yılmaz hekayəsini ortalığa çıxarandan sonra, bu hadisə təbiətsevərlər tərəfindən maraqla izlənməyə başlayıb. Hadisə 2019-cu ildə Karacabey Bələdiyyəsinin təşəbbüsü ilə rejissor Burak Doğansoysal tərəfindən filmə çəkilib. Bu film Praqa Film Festivalı tərəfindən “Ən yaxşı sənədli film” mükafatını qazanıb. Karacabey Bələdiyyəsi Yaren Leylək və onun yoldaşının yaşadığı yuvanın internet üzərindən 7 gün 24 saat canlı yayında izlənə bilməsi üçün www.yarenleylek.com saytını yaradıb. Beləliklə, Yaren Leylək onu maraqla gözləyən təbiətsevərlər tərəfindən izlənilir.

"Bu il gəlməyəcəyindən nigaran idim. Çünkü həmişəkindən üç gün gec gəldi. Gələcəyinə tərəddüd edirdim. Allaha şükür ki, dünən kəndə, bu gün də qayığıma gəldi. Çox şadam. Kəndimiz də Yaren Leyləyi çox sevir. Hər il olduğu kimi, bu il də gəldi. Yarenin gəlişinə övladlarımın gəlişi kimi sevinirəm. Altı ay müddətində balıq tutub ona yedirəcəyəm. Ümid edirəm ki, hər il gələcək və Adəm əmisini sevindirəcək. Üç övladım vardı, Yaren də dördüncü oldu. Bu il Yaren bizi çox intizarda qoydu. İndi məmnun və rahatam. Yarenlə hekayəmiz kitaba çevrilsə, çox gözəl olar, bundan şərəf duyaram”, - deyə Adəm Yılmaz bildirir.

Fotoqraf Alpər Tüydeş isə deyib ki, bu il Yarenin yaşı artdığı üçün onun gəlməyəcəyini düşünüblər:

“Qonşu kəndlərə leyləklər gəldiyi üçün gözümüz havada qalmışdı. Adəm əmi ilə intizarla gözləyirdik. Leyləklərin ömrü təqribən 10 il olur. Biz də Yarenin yaşının 10-14 arası olduğunu düşünürük. Yaşlı olduğu üçün köçüb gələcəyinə o qədər də inanmırdıq. Amma Yaren dünən yuvasına gəldi və ora qondu. Hamı həyəcanla gözləyirdi. Biz Yareni qayığa qonmasından tanıyırıq. Bu gün səhər Yaren Adəm əmi ilə qovuşdu, onun qayığına qondu. Bu hekayəni həm ölkədə, həm də xaricdə yaymaq üçün sosial mediada da kampaniyaya başlamışıq”.

Yaren Leyləyin kilometrlərlə uzaqlardan heç yolunu azmadan yuvasına gəlməsi kənd camaatı arasında böyük sevinclə qarşılanır. Hər il Eskikarağac Leylək kəndinə Yarenlə birlikdə xeyli sayda Yarensevərlər də gəlir.

Karacabey Bələdiyyəsinin sədri Əli Özkan deyib ki, Yaren yaşlı olduğu üçün ona çip taxa bilməyiblər. Amma onun balalarına bu il bələdiyyə çip taxacaq. Bu, quşların hərəkət trayektoriyasını və Yarenin taleyini izləmək məqsədilə ediləcək. 

Xəbər lenti
0