BAKI, 25 fevral — Sputnik. Ermənistan Silahlı Qüvvələri ölkənin sərhədlərinin qorunması və sərhədlərin təhlükəsizliyi üzrə funksiyalarını tam yerinə yetirir. Sputnik Ermənistan xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
"Ordu siyasətdən kənar strukturdur və Silahlı Qüvvələri bu və ya digər siyasi proseslərə cəlb etmək cəhdləri yolverilməzdir. İstənilən belə bir cəhd Ermənistanın sabitliyi və təhlükəsizliyi üçün təhdiddir", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Müdafiə Nazirliyi bu cür hərəkətlərə qarşı adekvat cavab verəcək.
Qeyd edək ki, daha əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.
Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiqran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.
Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.
BAKI, 19 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 208818-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 298 nəfər artıb.
Ermənistanda son gündə daha 17 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3895-ə, sağalanların sayı isə 189017-yə çatıb. Hazırda bu ölkədə 14924 nəfər xəstəxanada müalicə alır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 141,4 milyonu keçib, 3 milyondan çox adam isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
BAKI, 19 aprel - Sputnik. 2020-ci il bölgədə münaqişə zonasında proseslərin fonunda maraqlı qruplar Gürcüstanda etnik azlıqların sıx yaşadıqları bölgələrdə fəallaşıblar.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) parlamentə təqdim etdiyi illik hesabatında bildirilib.
Sənədə əsasən, həmin qruplar konkret bələdiyyələrdə azərbaycanlılar və ermənilər arasında gərginlik yaradaraq dinc mühitə zərər vurmağa çalışıblar:
“Eyni zamanda Gürcüstan-Azərbaycan və Gürcüstan-Ermənistan münasibətlərinə qəsdən zərər vurmaqla bağlı cəhdlər də olub. Destruktiv proseslərin asanlaşdırılması üçün Gürcüstanın cari hadisələrdə müxtəlif formada iştirak etməsi barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb”.
Qeyd edilib ki, müxtəlif KİV və internetdən fəal istifadə olunmaqla aparılan dezinformasiya və təbliğatın əsas məqsədlərindən biri Gürcüstanı münaqişə tərəflərinin hər hansı birinin tərəfdarı kimi təqdim etmək olub: “Yaranmış vəziyyət fonunda DTX Azərbaycan və Ermənistanın müvafiq qurumları ilə sıx təmaslar saxlayıb. Təhlükəsizliklə bağlı bütün məsələlər regionda baş verən proseslərin marağına uyğun həll olunub”.
BAKI, 20 aprel — Sputnik. Sabahdan Xudu Məmmədov küçəsinin Çingizxan Kərimov küçəsi ilə kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar 51 və 57 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi - Məhəmməd Hadi küçəsi ilə müvəqqəti təşkil ediləcək.