BAKI, 6 fevral — Sputnik. Myanmarda baş verən hərbi çevrilişdən sonra xunta rejimi etirazların davam etdiyi bir vaxtda mobil interneti məhdudlaşdırıb. Sputnik Azərbaycan bu barədə xarici mediaya istinadən xəbər verir.
Norveçin Telenor şirkətinin Myanmar bürosu açıqlamasında bildirib ki, Myanmar hökuməti telekommunikasiya şirkətlərinə ölkə ərazisində internetin məhdudlaşdırılması təlimatını verib. Belə bir göstərişin verilməsinə səbəb kimi, ictimai maraqların qorunması və ölkədə baş verənlərlə bağlı yalan xəbərlərin yayılmasının qarşısını almaq olduğu bildirilib.
Qeyd edək ki, Myanmarda fevralın birində hərbi çevriliş baş verib. Ölkə ərazisində hərbi çevrilişə etiraz olaraq kütləvi aksiyalar keçirilir.
BAKI, 26 fevral — Sputnik. "Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla dünənki söhbətində bu ölkədə vəziyyətin qanun çərçivəsində həll olunmasının tərəfdarı olduğunu bildirib", – bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Əgər bizim yayımladığımız mətnə diqqətlə baxsaydınız, ehtimal ki, orada Rusiya prezidentinin problemin qanun çərçivəsində həllinə tərəfdar olduğunu göstərən sözlərini oxumaq fürsəti tapardınız. Bu, çox vacibdir. Biz bu barədə kifayət qədər informativ xülasə verdik", - Peskov jurnalistlərin Rusiya və Ermənistanın Putin və Paşinyan arasında dünən baş tutmuş telefon danışığına dair yaydıqları rəsmi məlumatlarda fikir ayrılığının olması barədə sualını cavablandırarkən belə deyib.
Qeyd edək ki, Ermənistan hökumətinin veb saytında "Prezident Putin Ermənistanın qanuni hakimiyyətini dəstəklədiyini bildirdi" şəklində məlumat yer alsa da, Kremlin açıqladığı mətndə dəstəklə bağlı heç bir qeydə rast gəlinməmiş, yalnız Putinin Ermənistanda asayişi və sakitliyi qorumağa, vəziyyəti qanun çərçivəsində tənzimləməyə çağırdığı ilə bağlı sözləri öz əksini tapmışdı.
Xatırladaq ki, dünən Ermənistanda baş vermiş dövlət çevrilişinə cəhddən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng vurub.
BAKI, 26 fevral - Sputnik. Avropa İttifaqı ölkələrinin liderləri peyvənd olunma haqda elektron sertifikatların tətbiqi barədə razılığa gəliblər.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Almaniya Kansleri Angela Merkel koronavirus üzrə iclasdan sonra deyib.
O bildirib ki, peyvənd olunmanı təsdiq edən sənəd üçüncü ölkələrdən olan vətəndaşların Aİ-yə gəlməsində əsas sənədlərdən biri ola bilər.
"Texniki məsələləri işləyib hazırlamaq üçün Avropa Komissiyasına təxminən üç ay gərək olacaq", - Merkel əlavə edib.
Kansler izah edib ki, əvvəlcə belə sertifikatları üzv ölkələr işləyib hazırlayacaq, Avrokomissiya isə onları uyğunlaşdıracaq və beləliklə o, ittifaqın bütün ölkələrində istifadəyə yararlı olacaq.
Sammitin yekunlarına dair birgə bəyannamədə Avropa ölkə və hökumətlərinin rəhbərləri qeyd ediblər ki, vaksinlərin təsdiqlənməsi ilıə istehsalının sürətləndirilməsi barədə də razılığa gəliblər.
BAKI, 26 fevral — Sputnik. Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı respublikanın bütün ərazisində 1 dəqiqəlik sükut elan olunacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Avtosfer-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, saat 17.00-da bütün yollarda nəqliyyatın hərəkəti dayandırılacaq. Sürücülərin diqqəti yol polislərində olsun ki, sayğı duruşu işarəsində onlar da Xocalı soyqırımı qurbanlarını bir dəqiqəlik sükutla yad etsinlər.