Qadın, arxiv şəkli

Məşhur müğənni sevgilisi tərəfindən istismara məruz qaldığını açıqlayıb

37
(Yenilənib 21:49 27.01.2021)
Qeyd edək ki, 2020-ci ilin dekabr ayında FKA LaBafı məhkəməyə verib. İddiaya görə, bir il davam edən münasibətləri zamanı aktyor dəfələrlə onu təhqir edib, fiziki və mənəvi zorakılığa məruz qoyub və qəsdən cinsi yolla keçən xəstəliyə yoluxdurub

BAKI, 27 yanvar — Sputnik. "FKA twigs" kimi tanınan britaniyalı müğənni Talia Debrett Barnett münasibətdə olduğu aktyor Şay LaBaf tərəfindən emosional istismarının təfərrüatını açıqlayıb. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, müğənninin sözlərinə görə, ofisiantla nəzakətli davranışı belə, LaBafı qəzəbləndirə bilərdi. O, bunda ifaçının "bir növ münasibət qurma cəhdi"ni görürdü. İfaçı keçmiş sevgilisinin ona kişilərin gözlərinə baxmağı qadağan etdiyini bildirib.

"Mənə deyirdi ki, onu sevirəmsə, başqa kişilərin gözlərinə baxmamalıyam", - deyə sənətçi etiraf edib.

Barnettin sözlərinə görə, bu səbəbdən küçədə gedərkən ancaq ayaqlarının altına baxmağa başlayıb, həmçinin dostları və yaxınları ilə ünsiyyətdən çəkinib.

Müğənni ona məhdudiyyətlərin qoyulduğunu bildirib, hətta aktyor gündə müəyyən sayda öpüş gözləyib.

"Bəzən isə o, məni gecə yuxudan oyada və hər şeyə görə ittiham edə bilərdi. Tavana baxmaqda günahlandırırdı, çünki onu tərk etməyin yolunu düşünürmüşəm. Məni başqası ilə olmaq istəməyimdə ittiham edirdi. Bütün bu söhbətlət səhər dörddən yeddiyə qədər olurdu".

Barnett bu münasibətə görə onda posttravmatik stress vəziyyətinin inkişaf etdiyini və gecə panik tutmaları keçirdiyini bildirib.

Qeyd edək ki, 2020-ci ilin dekabr ayında FKA LaBafı məhkəməyə verib. İddiaya görə, bir il davam edən münasibətləri zamanı aktyor dəfələrlə onu təhqir edib, fiziki və mənəvi zorakılığa məruz qoyub və qəsdən cinsi yolla keçən xəstəliyə yoluxdurub.

Artist müğənni Sia tərəfindən dəstəklənib. O da LaBafın emosional istismarının qurbanı olduğunu etiraf edib.

37
Nikol Paşinyan, arxiv şəkli

Ermənistan olayları - Paşinyana göz dağı verilib siyasətdəki inam mühiti zədələnib

276
(Yenilənib 14:23 03.03.2021)
Öztarsu: "Müharibədən sonra isə Koçaryan və Sarqsyanın Moskva ilə danışıqlar aparmasına dair xəbərlər yayıldığından, ordunun mövcud iqtidardan duyduğu narahatlıq artıq üzə çıxdı"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Ermənistanda gözlənilmədən başlayan və bir həftəyə yaxın müddətdir ki davam edən hökumət böhranı öz kulminasiyasına çatmaqdadır. Belə ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı və onun rəhbəri Onik Qasparyan tərəfindən başladılan çevriliş cəhdi, həm iqtidar, həm də müxalifətin bir-birilərin ünvanına sərt ifadələr səsləndirməsi, paytaxt Yerevanda mitinqlər keçirməsi ilə nəticələndi. Ermənistan Baş naziri Nikol Paşinyanın Baş Qərargah rəisini istefaya göndərmək barədə qərarı isə ölkə prezidenti Armen Sarkisyan tərəfindən iki dəfə imzalanmadı. Sarkisyan bu qərarın özünün deyil, hələ 2018-ci ildə "Hərbi xidmət və hərbçilərin statusu" haqqında edilən dəyişikliklərin Konstitusiyaya uyğunluğunu nəzərdən keçirməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Bundan sonra Ermənistan Konstitusiyasına görə, Paşinyanın Onik Qasparyanı tutduğu vəzifədən azad etmək qərarı avtomatik qüvvəyə minəcək. Düzdür proseslərin inkişafı Paşinyanın xeyrinə ola bilər, lakin istefaya göndəriləcək Onik Qasparyanın və onu dəstəkləyən Ermənistan müxalifətinin belə asanlıqla təslim olacağını da gözləmək yanlış olardı.

Sputnik Azərbaycan Ermənistanda baş verən son olaylarla bağlı Türkiyənin "Strategic Outlook" beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu həmsöhbət olub.

Öztarsu qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağ müharibəsi zamanı məğlubiyyətdən sonra xalq arasında azalan nüfuzu müxalifətin əlini gücləndirib: "Bundan əlavə, 2018-ci ildə Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarqsyanla bağlı cinayət işləri başlatmaqla daha çox düşmən kütlə qazanan Paşinyanın istefa tələblərinə cavab verməməsi ölkədəki narahatlığı artırdı. Çevriliş mövzusu, Paşinyan müharibə zamanı məğlubiyyət siqnalları aldığı zaman müxalif dairələrin dilə gətirdiyi mövzu idi. Müharibədən sonra isə Koçaryan və Sarqsyanın Moskva ilə danışıqlar aparmasına dair xəbərlər yayıldığından, ordunun mövcud iqtidardan duyduğu narahatlıq artıq üzə çıxdı".

Qafqaz üzrə ekspert bildirib ki, Koçaryan və Sarqsyan birbaşa çevrilişə cəhd etmələri kiçik bir ehtimaldır: "Hətta çevrilişin özünün baş tutması özü belə kiçik bir ehtimaldır. Çünki belə bir hadisə Ermənistanın dünyadakı imicini ciddi bir şəkildə zədələyər. Bunun əvəzinə, Paşinyanın istefaya məcbur edilməsi və bu prosesdə daha çox səhv etməsi müxalifətin istədiyi bir durumdur. Çevriliş cəhdi bəzi generalların öz iradəsi ilə yanaşı, onları arxa plandan idarə edən siyasətçilərin nəbz yoxlaması da ola bilər. Nəticə olaraq Paşinyana göz dağı verilmiş və siyasətdəki inam mühiti zədələnmişdi. Paşinyanın gələcəkdə siyasətdən kənara çəkilib, yerini sabiq rəhbərlərdən birinə verməsi ehtimalı da yüksəkdir".

Öztarsu vurğulayıb ki, hazırda baş verənlər Ermənistanın "Qafqazda demokratiya adası" fikrinə də zərər vurub: "Bundan sonra ermənilər özlərini regionun digər ölkələri ilə demokratiya planında müqayisə edə bilməyəcəklər. Eyni zamanda xalqın bir qisminin çevriliş cəhdini dəstəklədiyini nəzərə alarsaq, Ermənistan cəmiyyətinin demokratiyadan nə qədər uzaq olduğunu göstərdi. Hadisələrin Rusiyaya baxan istiqamətinə nəzər salsaq görərik ki, Paşinyanın "İskəndər" raketləri ilə bağlı söylədikləri sözlər onun Rusiyaya heç bir şəkildə güvənmədiyini göstərir. Onsuz da, Paşinyan hakimiyyətinin ilk anlarından bəri Moskva ilə məsafəli davranırdı. Böyük ehtimal Rusiya ilə aralarındakı münasibət bundan sonra da eyni soyuqluqla davam edəcək. Moskva isə onu "istənilməyən ortaq" olaraq dəyərləndirməyə davam edəcək".

276
Uill Smit, arxiv şəkli

Məşhur aktyor özünü siyasətdə sınayacaq

7
(Yenilənib 13:38 03.03.2021)
Smit: “Mən nikbinəm və insanlar arasında anlaşma və harmoniyanın ola biləcəyinə inanıram. Aktyorluqla məşğul olsam da, siyasi arenaya girsəm də buna mütləq töhfə verəcəyəm”.

BAKI, 3 mart — Sputnik. Amerikalı aktyor və rejissor Uill Smit özünü siyasət aləmində sınayacaq.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki,  sənətçi yaxın gələcəkdə hansısa siyasi post üçün müraciət edəcəyini bildirib: “Mən nikbinəm və insanlar arasında anlaşma və harmoniyanın ola biləcəyinə inanıram. Aktyorluqla məşğul olsam da, siyasi arenaya girsəm də buna mütləq töhfə verəcəyəm”.

Bununla yanaşı, o, fəaliyyət sahəsini nə vaxt dəyişəcəyini deməyib.

Afroamerikalı ulduz ötən il ABŞ-da rasizmə qarşı etirazları dəstəkləyib. O, hətta bu problem üçün bir araya gələn müasir gəncliklə fəxr etdiyini də dilə gətirib.

Beş il əvvəl aktyor ABŞ-da prezidentliyə namizəd ola biləcəyini demişdi.

7
Rusiyada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

Rusiyada koronavirusdan ölənlərin sayı 87 mini keçdi

0
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114,7 milyonu keçib, 2,54 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 3 mart — Sputnik. Son bir sutka ərzində Rusiyada 10 535 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 452 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 4 278 750 –yə çatıb. Rusiyada pandemiya yayılandan 87 348 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3 853 734 - ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114,7 milyonu keçib, 2,54 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0