Qəzetlər və kompüter

İtaliya qəzetləri Azərbaycanın faciəsinə diqqət ayırdı

23
(Yenilənib 19:56 20.01.2021)
Yazılarda Human Rights Watch təşkilatının "Azərbaycanda Qara Yanvar" adlı hesabatında sovet qoşunlarının törətdikləri zorakılıqların azərbaycanlıların müqaviməti ilə bir ölçüyə sığmadığı, bunun kollektiv cəzalandırma olduğunun vurğulandığı bildirilib

BAKI, 20 yanvar - Sputnik. İtaliyanın nüfuzlu “İl Giornale” qəzeti və “KmetroO”, “Agenzia Nova”, “Giornale Diplomatico” kütləvi informasiya vasitələrində Qara Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı məlumatlar dərc olunub.

Sputnik Azərbaycan bu barədə Azərbaycanın İtaliyadakı səfirliyinin məlumatına istinadən xəbər verir.

Məlumatlarda 1990-cı yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə fövqəladə vəziyyət elan etmədən sovet ordusunun 30 minə yaxın qüvvələrinin Bakı şəhərinə yeridildiyi və bunda məqsədin SSRİ rəhbərliyinin Dağlıq Qarabağ problemi ilə bağlı birtərəfli, qərəzli və ədalətsiz siyasətinə etiraz edən dinc azərbaycanlı əhalini susdurmaq olduğu bildirilib. Faciə nəticəsində 147 mülki şəxsin həyatını itirdiyi və təxminən 800-ə yaxın mülki şəxsin yaralandığı qeyd olunub.

Yazılarda Human Rights Watch təşkilatının "Azərbaycanda Qara Yanvar" adlı hesabatında sovet qoşunlarının yanvarın 19-dan 20-nə keçən gecə törətdikləri zorakılıqların azərbaycanlıların müqaviməti ilə bir ölçüyə sığmadığı, bunun kollektiv cəzalandırma olduğunun vurğulandığı bildirilib.

Dərc olunmuş yazılarda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən videoformatda keçirilmiş anım tədbirinə dair məlumatlar da yer alıb. Həmin məlumatlarda aidiyyəti üzrə tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Roma Sapienza Universitetinin dosenti Daniel Pommier Vincelli, tədqiqatçı jurnalist Domeniko Letisiya, Azərbaycan-İtaliya Birliyinin vitse-prezidenti Cuzeppe Kaniliyanın çıxış etdiyi qeyd olunub.

Yazılarda həmin anım tədbirində səfir Məmməd Əhmədzadənin 20 Yanvar faciəsinə səbəb olan hadisələr və bu faciənin acı nəticələri haqqında danışdığı, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və faciəyə layiqli siyasi-hüquqi qiymətin verilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri haqqında məlumat verdiyi, 20 Yanvar faciəsinin Azərbaycanın milli kimliyinin formalaşmasına göstərdiyi həlledici təsirdən, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olmasından, məhz bu faciədən sonra milli azadlıq hərəkatının tam siyasi reallığa çevrilməsindən və Azərbaycan xalqının öz gələcəyini yalnız müstəqil Azərbaycanda görməsindən bəhs etdiyi bildirilib.

Habelə diplomatın öz çıxışında Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı ilk illər ərzində üzləşdiyi faciələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün acı nəticələri barədə də məlumat verdiyi, ötən illərdən fərqli olaraq bu il 20 Yanvar şəhidlərimizi tamam fərqli bir vəziyyətdə yad etdiyimizi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsinin nəticəsində torpaqlarımızı işğaldan azad etdiyini, Qarabağ həsrətimizə son qoyulduğunu və üçrəngli bayrağımızın Şuşa şəhərində ucaldıldığını bildirdiyi qeyd olunub.

Həmçinin diplomatın “Vətənin müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu şaddır, çünki onların qanı yerdə qalmamışdır” fikirlərinə də yer verilib.

Məlumatlarda, eləcə də həmin tədbirdə çıxış edən digər natiqlərin fikirlərinə də yer verilib və onların SSRİ-nin son illərində baş vermiş proseslər, 20 Yanvar faciəsi və onun Azərbaycandakı siyasi vəziyyətə və ölkənin dövlət müstəqilliyinin bərpasına göstərdiyi təsir, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycanın müstəqillik illərində keçdiyi yol, ölkəmizin sosial-iqtisadi inkişaf və regional və beynəlxalq əməkdaşlığın təşviqində rolu, Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, Azərbaycanın multikulturalizm modelinin dünya üçün nümunə olması, 30 ilə yaxın müddətdən sonra nəhayət Azərbaycan torpaqlarının işğaldan azad olunması və bunun bölgədə yeni tarixi mərhələnin başlanğıcı olması barədə danışdıqları qeyd olunub. 

23
Teqlər:
KİV, qəzet, İtaliya, Azərbaycan, 20 Yanvar
NATO-nun Baş katibi Yens Stoltenberq, arxiv şəkli

Yens Stoltenberq: Gürcüstan Ukrayna NATO üzvü olacaqlar

77
NATO-nun Baş katibi: "Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik".

BAKI, 5 mart - Sputnik. "Gürcüstan və Ukrayna tarixi və coğrafi baxımdan müxtəlif ölkələr olsalar da, hər ikisi NATO-ya üzv olmağa can atır və biz bu işdə onlara kömək edəcəyik".

Sputnik Azərbaycan Rossiya1 telekanalına istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüggedə Avropa Kollecindəki çıxışı zamanı bəyan edib.

"NATO-nun qapıları açıq olaraq qalır. Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik. Çünki bu ölkələr NATO-ya üzv olmaq üçün alyansın standartlarına cavab verməlidirlər", - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, adıçəkilən ölkələr bütün diqqətini islahatlar, demokratik institutların möhkəmlənməsi və korrupsiyaya qarşı mübarizə istiqamətinə yönəltməlidir. Bu, Ukrayna və Gürcüstana NATO-ya üzv olmaq üçün kömək edəcək.

Baş katib həmçinin heç bir ölkənin, o cümlədən də Rusiyanın bu prosesə mane ola bilməyəcəyini qeyd edib.

77
Teqlər:
Gürcüstan, Ukrayna, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO
Asteroid

Yer kürəsi təhlükədə - beş asteroid birdən yaxınlaşır

187
(Yenilənib 00:52 06.03.2021)
Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

BAKI, 5 mart - Sputnik. Bu gecə Yer kürəsinə sərnişin təyyarəsi ölçüsündə asteroid yaxınlaşacaq. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə NASA JPL Elmi Tədqiqat Mərkəzi bildirib.

Saytdakı hesablamalara əsasən 2021 CF8 asteroidinin Yerdən ən yaxın məsafəsi 4,4 milyon kilometr təşkil edəcək. Göy cisiminin diametri 52 metrə bərabərdir.

Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

Növbəti 3 gündə Yer kürəsinin yaxınlığından növbəti həmçinin daha üç asteroid keçəcək. Onlardan ən böyüyü 2021 EB-dir. Onun diametri 43 metrə malikdir və planetimizdən 2,7 milyon kilometr məsafədə keçəcək.

187
Ziyarətçilər Benksinin əsərlərinə baxırlar, arxiv şəkli

Benksinin əsərini yandırmaq üçün 95 min dollar ödədilər - VİDEO

0
(Yenilənib 00:33 06.03.2021)
"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub.

BAKI, 6 mart — Sputnik. "Injective Protocol" blokçeyn şirkəti küçə rəssamı Benksinin "Morons" rəsmini yandırmaq və rəqəmsal aktivə çevirmək üçün Nyu-York qalereyasına 95 min ABŞ dolları ödəyərək şəkli satın alıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, rəssamın özünün yaratdığı "Pest Control" agentliyi əsərin həqiqiliyini təsdiqləyib. Canlı yayımlanan yandırılma prosesindən sonra rəsm əsəri dəyişdirilə bilinməyən tokenə (NFT) çevrilib. Qeyd olunur ki, bu, əsl sənət əsərinin virtual aktivə çevrildiyi ilk haldır.

"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub. Bu, çoxlu lot ilə hərracların tətbiqinin başlanğıcı olub.

Daha əvvəl Benksinin qrafitisi olan divarın bir parçasının "altırəqəmli məbləğə" satıldığı bildirilmişdi.

0