Dieqo Armando Maradona, arxiv şəkli

Əfsanəvi Dieqo Maradona vəfat etdi

83
(Yenilənib 20:55 25.11.2020)
Dieqo Maradona 1986-cı ildə Argentina yığmasının futbol üzrə dünya çempionu olmasında həlledici rol oynayıb.

BAKI, 25 noyabr - Sputnik. Dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona dünyasını dəyişib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, argentinalı hücumçu 60 yaşında vəfat edib. O, bir neçə gün əvvəl La-Plata klinikasında beyin əməliyyatı keçirdiyinə baxmayaraq, ölümü başqa səbəbdən olub. Maradona infarktdan həyatını itirib. 

Dieqo Maradona 1986-cı ildə Argentina yığmasının dünya çempionu olmasında həlledici rol oynayıb.

Dieqo Armando Maradona 1960-cı il oktyabr ayının 30-da Argentinanın Villa Fiorito şəhərində anadan olub. Futbol karyerasına 10 yaşından başlayıb. 1976-cı ildə "Argentinos Xuniors" klubunda ölkə çempionatı matçına çıxan Maradona 1979-cu ildə keçirilən gənclər arasında dünya çempionatına qatılıb.

O, 1982-ci ildə o dövr üçün rekord məbləğə – 4 milyon dollara İspaniya "Barselona"sına transfer olub. İki il sonra İtaliya "Napoli"sinə keçən Maradona Neapolda 1991-ci ilədək qalıb. O, Argentina millisinin şərəfini qoruduğu 91 matçda 34 qol vurub.

1986-cı ildə Argentina yığmasının qızıl medal qazandığı dünya çempionatında Maradonanın 1/4 finalda İngiltərə yığmasının qapısından əl ilə keçirdiyi top uzun müddət müzakirə mövzusu olub. Səbəbkarın özü hakimin hesaba aldığı topu "tanrının əli" vasitəsilə qapıdan keçirdiyini bildirib.

1991-ci ildə İtaliya çempionatı matçından sonra dopinq-testdən keçən Maradonanın kokain qəbul etdiyi aşkarlanıb. İki il sonra İspaniya "Sevilya"sına transfer olan futbolçu 1994-cü il dünya çempionatında forma geyib. Lakin onun yenə qadağan olunmuş dərman preparatı qəbul etdiyi ortaya çıxdığından, 15 aylıq diskvalifikasiya olunaraq, yarışdan kənarlaşdırılıb.

Cəzalı olduğu müddətdə o, vətənində "Deportivo Mandiyu" və "Rasinq" klublarında baş məşqçi kimi çalışıb, diskvalifikasiyası başa çatdıqdan sonra isə o, "Boka Huniors"a qayıdıb. Lakin kokain aludəçiliyindən qurtula bilməməsi üzündən 1997-ci ildə futbolçu karyerasını başa vurub.

Eniş-çıxışlarla, qalmaqallarla zəngin həyatına baxmayaraq, Maradona 2000-ci ildə FİFA tərəfindən braziliyalı Pele ilə birgə XX əsrin ən yaxşı futbolçusu seçilib. Lakin o, təntənəli mərasimdə öz mükafatını aldıqdan sonra Pelenin də təltif olunmasını gözləmədən zalı tərk edib. O, ertəsi gün verdiyi açıqlamada yalnız özünü dünyanın ən yaxşı futbolçusu hesab etdiyi üçün belə addım atdığını bildirib.

83
Teqlər:
Argentina, hücumçu, Dieqo Maradona, Vəfat
Alen Delonun xanımı Natali Delon

Alen Delonun keçmiş həyat yoldaşı vəfat edib

4
(Yenilənib 00:37 22.01.2021)
Aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

BAKI, 22 yanvar — Sputnik. Dünya şöhrətli fransız aktyoru və rejissoru Alen Delonun xanımı Natali Delon dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə aktyorun oğlu Antoni Delon "Instagram" səhifəsində paylaşım edərək "Rahat yat, ana!" yazıb. Aktrisanın ölüm səbəbləri hələlik məlum deyil.

Qeyd edək ki, Alen Delon və Natali Delon 1964-ci ildə evləniblər. Natali ilə olan evlilikdən onun Antoni adlı bir oğlu var.

Onu da bildirək ki, Natali Delon 1964-1968-ci illərdə Alen Delonla evli olduğu zamanlarda, ərinin sayəsində kinoya gəlib. Birlikdə çəkdikləri ilk "Samuray" filmi ilə böyük bir uğur qazanıb. Boşandıqdan sonra Natali digər məşhur rejissorlarla işləməyə davam edib. Sonra rejissorluq etməyə və ssenari yazmağa başlayıb.

4

Məşhur italyan mafiyasının 50 üzvü həbs edilib - sıralarında partiya sədri var

6
(Yenilənib 00:26 22.01.2021)
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.

Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.

"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.

İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.

6
Teqlər:
mafiya, İtaliya