Yerevana mənzərə, arxiv şəkli

Sarsıdıcı məğlubiyyət koronavirus - Ermənistan problemlər girdabında

241
(Yenilənib 19:39 24.11.2020)
"Erməni ekspertlər də bildirirlər ki, son dövrlərdə buğda əkininə bağlı olan sahələr 50 min hektar azalıb. Eyni zamanda da kartof əkini üçün ayrılan sahələr də 10 min hektaradək azalıb" - İlqar Vəlizadə.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 noyabr — Sputnik. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorun müavini Ramil Hüseyn Ermənistanın kütləvi informasiya vasitələrinə istinadən bildirib ki, artıq bu ölkənin üzümçülük sektorunda da ciddi problemlər yaşanır. Ermənistanda hərbi səfərbərliyin davam etməsi üzüm emalı zavodlarının tam gücü ilə işləməsinə təsirsiz ötüşməyib. Nəticə etibarı ilə üzüm emalı müəssisələri aldıqları üzümün qiymətini kəskin ucuzlaşdırıblar.

Məlumatlara görə, hazırda Ermənistanda emal müəssisələri üzümün bir kiloqramını 90 drama (0,18 dollar) və ya ondan da daha aşağı qiymətə alırlar. Ötən il isə Yerevan Konyak Zavodu üzümün bir kiloqramını topdan 140-150 drama alırmış. Bu isə o deməkdir ki, müharibənin də təsiri ilə Ermənistanda üzümün qiyməti 40 faizə qədər ucuzlaşıb və Ermənistan fermerləri ili ciddi şəkildə zərərlə başa vurublar. Emal müəssisələrinin tam gücü ilə işləməməsi isə növbəti ildə Ermənistanın spirtli içkilər ixracında da ciddi azalmaların ola biləcəyini proqnozlaşdırmağa əsas verir.

Qeyd edək ki, 2019-cu ildə Ermənistanın ixracının 11 faizə qədərini spirtli içkilər təşkil edib. Göründüyü kimi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçı müharibənin təsirləri bu ölkənin iqtisadiyyatını çökdürməkdədir. Artıq Ermənistanda vətəndaşlar həyatın bütün sahələrində müharibənin acısını hiss edirlər və bunun getdikcə böyüyərək işğalçı dövləti fəlakətə sürükləyəcəyi qaçılmazdır.

Ermənistandakı durğunluq yalnız bununla da kifayətlənmir. Belə ki, Ermənistan üçün aparıcı bazarlardan biri olan Rusiyada Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət mozaika virusuna görə Ermənistandan pomidorun idxalını məhdudlaşdıra biləcəyini açıqlayıb. Xidmət Ermənistana Rusiyaya göndərilən tərəvəzlərə nəzarəti gücləndirməyi tapşırıb. Bildirilib ki, tərəvəzlərdə virus təkrar aşkarlanarsa, pomidorun Ermənistandan idxalı məhdudlaşa bilər.

Müharibədə məğlubiyyət və iqtisadi gərginlik bir yandan, COVID-19 da digər tərəfdən ölkə iqtisadiyyatını çökdürməkdə davam edir. Bu gün dünyada COVID-19-dan ən çox təsirlənən ölkələr sırasında Ermənistan da var. Belə ki, bu günədək Ermənistanda ümumi yoluxanalrın sayı 93 min 448, ölənlərin sayı isə 1391-dir. Hazırda ölkədə aktiv COVID-19 xəstələrinin sayı isə 35 mindən artıqdır. Artıq COVID-19-un vurduğu zərərlə əlaqədar olaraq ölkənin bir sıra sahələrində ciddi durğunluq yaşanır.

Son bir ayda isə Ermənistanın itkiləri daha da artıb. Rəsmi Yerevan da bu itkiləri etiraf edir. Belə ki, Ermənitanın Baş naziri Nikol Paşinyanın müavini Mqer Qriqoryan isə bildirib ki, hərbi vəziyyət, təbii ki, büdcəyə və iqtisadiyyata təsir edib və edəcək: "Müvafiq olaraq biz çağırışla əlaqədar yaranmış riskləri necə neytrallaşdırmaq, sabit sosial-iqtisadi vəziyyəti geri qaytarmaq barədə düşünməliyik".

Bundan öncə isə Ermənistan Maliyyə Nazirliyi 2020-ci il üçün Ümumi Daxili Məhsul (ÜDM) üzrə proqnozlarına dəyişiklik etməli olub. Belə ki, Ermənistan maliyyə naziri Atom Cancuqazyan 2020-ci ildə Ermənistanda ÜDM-in aşağı düşmə proqnozunun 2,6% əvəzinə 6% olacağını etiraf edib.

Onun sözlərinə görə, 2020-ci il dövlət büdcəsinə əsasən ümum daxili məhsulun 7,095 trilyon həcmində (16,1 milyard dollar) olması planlaşdırılıb, lakin oktyabrda bu proqnoz 6,170 trilyon drama (12,5 milyard dollara) endirilib.

Nazir, həmçinin qeyd edib ki, dövlət borcunun ÜDM-ə nisbəti 2020-ci ildə 65%, 2021-ci ildə isə 63,2% olacaq.

Ölkədə demoqrafik vəziyyət də kritik həddə çatıb. Belə ki, 1990-cı ildən etibarən Ermənistanda demoqrafik çöküş davam edir. Hazırda ölkə əhalisi rəsmi rəqəmlərə görə, 2 milyon 964 min 633-dür. Hansı ki, 1990-cı ildə bu rəqəm 3 milyon 538 min 171 olub. 1950-1990-cı illərdə ölkədə demoqrafik vəziyyət qismən yüksələn xətlə davam etsə də, 1990-cı ildən sonra doğumların aşağı olması ilə əhali sayında azalmalar qeydə alınıb. 2004-cü ildən etibarən əhalinin sayı 3 milyondan da aşağı düşüb.

Bəs, belə bir durumda ölkəni başqa hansı sahələrdə fəlakət gözləyir?

Politoloq İlqar Vəlizadənin Sputnik Azərbaycan-a dediyinə görə, qarşıdakı müddətdə də Ermənistanda vəziyyət daha da gərginləşəcək: "Bir yandan müharibədə məğlubiyyət, digər tərəfdən də COVID-19 virusunun olması iqtisadiyyatın bütün sahələrinə mənfi təsir göstərir. Ermənistan son illərdə xüsusən turizmdən kifayət qədər vəsait əldə edirdi. Lakin ölkədə virusun tüğyan etməsi bu sahədə də çox güman ki, geriləməyə səbəb olacaq".

"Ermənistanın iqtisadi strukturunda xidmət sahələri böyük yer tuturdu. Ümumdaxili gəlirdə 56-58 faiz məhz xidmət sahələrinin hesabına idi. Düşünürəm ki, bu sahələrdə də geriləmə olacaq", - deyə ekspert əlavə edib.

O bildirib ki, turizm və turizmə bağlı olan sahələrlə yanaşı, tikintidə də geriləmə olacaq: "Tikinti sosial rifaha bağlı sahədir. Lakin belə bir dövrdə Ermənistanda sosial rifahdan danışmaq belə mümkün deyil".

İ.Vəlizadə Ermənistanda kənd təsərrüfatı sahəsində də durumun ürəkaçan olmadığını bildirib: "Erməni ekspertlər də  bildirir ki, son dövrlərdə buğda əkininə bağlı olan sahələr 50 min hektar azalıb. Eyni zamanda da kartof əkini üçün ayrılan sahələr də 10 min hektaradək azalıb. Bu isə o deməkdir ki, hazırda da Ermənistanda əkinçiliklə bağlı böyük problemlər var və qarşıdakı illərdə də bu problemlər davam edəcək".

"Ermənistanın kənd təsərrüfatında əsas ixracı məhz bostançılıq, tərəvəzçiliklə bağlıdır. Hazırda isə bu sahələrdə də müəyyən durğunluq yaşanır. Çünki ölkənin ixrac imkanları azalır", - deyə politoloq əlavə edib.

241
Teqlər:
Nikol Paşinyan, pandemiya, Koronavirus, COVID-19, Ermənistan
Aida Mahmudovanın PASTPRESENTFUTURE sərgisi

Azərbaycanlı rəssamın ABŞ-da ikinci fərdi sərgisi açılıb

8
(Yenilənib 21:11 15.01.2021)
Fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

BAKI, 15 yanvar — Sputnik. Tanınmış azərbaycanlı rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

"Sapar Contemporary" inkubatoru varlığın fraqmentar təbiətini zamanla və landşaftda təhrif olunmuş xatirələr vasitəsilə tədqiq edən yeni "Aida Mahmudova: PASTPRESENTFUTURE" seriyasını təqdim edib. Qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində fasiləsiz səyləri çərçivəsində təşkil edilən "PASTPRESENTFUTURE" rəssamın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisidir.

Rəssam yeni əsərində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlər yaratmaq məqsədilə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir. Nəticədə birbaşa olaraq rəssamla rəsm texnikası arasındakı əlaqədən ilhamlanan və məfhumları çılpaq şəkildə göstərən güclü əsərlər yaradılır.

Ot və quru bitkilərdən istifadə edilərək və rəssamın impressionist toxunuşları nəticəsində ərsəyə gələn "Roots" (2020) kimi əsərlər rəssamın vətəni Azərbaycanda rast gəlinən landşaftın canlandırıcı detallarını üzə çıxarır. Yer kürəsinin səthi ilə bağlı reallıqlara baş vuran Aida Mahmudovanın təsvir etdiyi bu proses təbiəti xatirələri oyadan nostalji hissi ilə doldurur. Təbəqələrin yaradılması və ya onların bir-birindən ayrılması, habelə quru bitkilər, keramika, mis də daxil olmaqla müxtəlif materialların qarışdırılması prosesi rəssam üçün fiziki olaraq böyümə və emosional şəfa tapma məqsədilə edilən məşğələyə çevrilir.

Azərbaycanın paytaxtı Bakıda yaşayıb fəaliyyət göstərən Aida Mahmudovanın rəsm əsərləri onun seçdiyi materialların fiziki təbiəti və üstünlük verdiyi dünyəvi palitrası ilə ahəngdar şəkildə uzlaşır. Onun olduqca intuitiv xarakter daşıyan axtarışları xarici sədlərdən yan keçən sevgi, itki, yaddaş və istək kimi universal insan hisslərinin bütün spektri üzrə inkişaf etməyə davam edir. Rəssamın sözlərinə görə, "cəmiyyətin bir hissəsi olaraq, biz varlığın təbiətini, başqaları ilə qarşılıqlı münasibətlərimizi müəyyən dərəcədə məhdudlaşdırırıq və bununla da ibtidai ünsiyyət kanallarını itiririk. Mənim üçün incəsənətin heç bir sərhədi yoxdur - o, ünsiyyətin istənilən forması üçün açıqdır, yaradıcılıq prosesi isə insan tərəfindən yaradılmış və buna görə də olduqca kövrək olan fundamental prinsipləri bu və ya digər dərəcədə məhv edir".

8
Şimal axını – 2 qaz kəmərinin tikintisi, arxiv şəkli

ABŞ yenə "Şimal axını-2"-yə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirdi

17
(Yenilənib 19:44 15.01.2021)
"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb.

BAKI, 15 yanvar — Sputnik. Media xəbər verir ki, "Şimal axını-2" layihəsinin iştirakçısı olan Danimarkanın "Ramboll" şirkəti Vaşinqtonun sanksiyalarından qorxaraq geri çəkilib. Həqiqətən də, 1 yanvar tarixindən etibarən ABŞ layihəyə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirib. Bununla belə, kəmərin inşası davam etdirilir.

Avropada bu məsələdə yenidən ehtiraslar qızışır: almanların sanksiyalardan qorunmaq üçün fond yaratdıqları bir vaxtda, ingilislər amerikalılardan nümunə götürmək istəyirlər, isveçlilər isə "təbii qaz müharibəsi"nin başlamasından ehtiyat edirlər. Bəs bütün bunlardan sonra qaz kəmərinin taleyi necə olacaq? Bu sualın cavabı RİA Novosti-nin növbəti materialında.

Norveç də geri çəkildi

"Şimal axını-2" layihəsinin Rusiyadan kənardakı quru hissəsinin inşası uğurla başa çatdırılıb. Hazırda Almaniyanın su hövzələrində boru döşənməsi prosesi gedir, daha sonra növbə Danimarkaya çatacaq. Layihə finiş nöqtəsinə yaxınlaşmaq üzrədir. Ancaq Vaşinqton bunu görməzdən gəlir. 1 yanvar tarixindən etibarən bu ölkədə Rusiya qaz kəmərinə qarşı əlavə sanksiyaların nəzərdə tutulduğu müdafiə büdcəsi haqqında yeni qanun qüvvəyə minib.

Əsasən test, yoxlama və ya sertifikatlaşdırma xidmətləri göstərən təşkilatlardan söhbət gedir. Norveçin DNV GL şirkəti artıq boru kəmərini yoxlamaq üçün bütün fəaliyyətini dayandıracağını və layihəni sertifikatlaşdıra bilməyəcəyini bəyan edib.

Bir qədər əvvəl ABŞ Senatında respublikaçıların lideri Mitç Makkonnel əvvəllər müdafiə büdcəsi qanununun milli təhlükəsizlik üçün vacib olduğunu, "Çin və Rusiya kimi rəqib super güclərin qarşısını aldığını" bildirmişdi. Onun sözlərinə görə, bu sənəd ABŞ-ın "dənizdə, quruda, havada, kiberməkanda və kosmosda" üstünlüyünü möhkəmləndirəcək.

"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb. Vaşinqtonun Avropanın beş böyük enerji şirkəti tərəfindən maliyyələşdirilən layihənin tamamlanmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, Almaniyanın ərazi sularında iş bir illik fasilədən sonra yanvarın 11-də bərpa edilib. Yanvarın 15-dən etibarən Danimarka sularına boru döşənməsinə başlanılacaq.

Fortuna boru kəmərinə Rusiya Dəniz Xilasetmə Xidmətinin "Murman", "Baltiyskiy İssledovatel" və digər təchizat gəmiləri dəstək verəcək. Dənizdə boru döşəmə xəttinin hər iki tərəfində 200 metr enində müvəqqəti təcrid zonası yaradılacaq.

"Gazprom Export"-un baş direktoru Yelena Burmistrovanın bir qədər əvvəl qeyd etdiyi kimi, layihənin dəniz hissəsinin inşasının bitmə tarixi bir sıra amillərdən, xüsusən də hava şəraitindən asılıdır.

Müdafiə mexanizmi

Bu arada, Vaşinqton layihədə Rusiyaya kömək etdiklərini düşündüyü Avropa şirkətlərini yenidən təhdid edib. Reuters ABŞ Dövlət Departamentindəki mənbəyə istinadla bildirir: "Biz onları risk barədə xəbərdar etməyə və çox gec olmadan iş birliyindən imtina etməyə çağırırıq". Agentliyin məlumatına görə, yaxın günlərdə Ağ Ev "arzu olunmayan" şirkətlərin siyahısını açıqlayacaq.

Rusiya Xarici İşlər Nazirliyi isə vurğulayır: "Vaşinqton "Qazprom"un Qərbi Avropa tərəfdaşlarına nə qədər təzyiq göstərir-göstərsin, Moskvanın "Şimal axını-2" layihəsinin uğurla tamamlanacağına şübhəsi yoxdur".

Almaniya "Şimal axını-2"ni hələ də iqtisadi layihə hesab etdiyindən, ABŞ-dan kənar ərazilərə şamil olunan sanksiyaları qəbul etmir. Bu məsələni Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsinin müavini Ulrike Demmer da bu günlərdə yada salıb.

Üstəlik, yanvarın əvvəlində Almaniyanın Meklenburq federal əyalətinin parlamenti regional hökumətin "İqlim və Ətraf Mühitin Mühafizəsi " ətraf mühit fondunun yaradılması ilə bağlı təşəbbüsünü səs çoxluğu ilə dəstəkləyib.

Əslində bu fond ABŞ-ın sanksiyalarından yayınmaq üçün qurulub. Qurum tikinti üçün lazım olan avadanlıqları ala biləcək. İlk növbədə, boru kəmərinin ətraf mühit üçün vacib olduğunu qəbul edəcək. Almaniyanın "Bild" qəzetinin yazdığına görə, bu "Şimal axını-2" layihəsini "ətraf mühitin qorunmasının əsas elementi" kimi təsnif etməyə imkan verəcək.

Fond istisnasız olaraq "Şimal axını-2" layihəsinə cəlb olunan kommersiya şirkətlərini qeydiyyata almaq niyyətindədir. Sanksiyalarla təhdid olunan şirkətlər Rusiya tərəfi ilə həmin kommersiya qurumlarının təqdim etdiyi iqtisadi alətlər vasitəsilə qarşılıqlı əlaqədə olacaq.

Vaxt çatacaqmı?

Bəs almanlar özlərini sanksiyalardan qorumaq üçün vaxt tapacaqlarmı? Bu məsələdə ekspertlərin fikri ikiyə haçalanır. "TMT"-nin direktoru Daniil Rostovtsev bildirir ki, bir tərəfdən, fondun Vaşinqtonun sanksiyalarını nəzərə almamaq üçün kifayət qədər sərmayə və gücü var.

"Bununla belə, fondun təşəbbüsü cəmiyyətdə, xüsusən də "yaşıl siyasəti" dəstəkləyənlərdə narazılıq doğurur. Ekoloqlar belə hesab edirlər ki, layihənin bu şəkildə təbliği qeyri-etikdir və hiddət doğurur, eyni zamanda, ətraf mühit üçün təhlükəlidir", – deyə analitik vurğulayır. Onun sözlərinə görə, indi əsas məsələ "Şimal axını-2" layihəsinin tərəfdarlarının cəmiyyətlə dil tapıb-tapmayacağıdır.

Müstəqil sənaye mütəxəssisi Leonid Xazanov isə belə hesab edir ki, hər bir halda, Berlin Vaşinqtona güzəştə getməyəcək: Almaniyaya Amerikanın maye qazından xeyli ucuz olan Rusiyanın "mavi yanacağı" lazımdır. Üstəlik, Rusiya ilə iqtisadi əlaqələri qoruyub saxlamaq Almaniya üçün çox vacibdir. Çünki Rusiya bazarı alman şirkətləri üçün strateji əhəmiyyət daşıyır.

"Əlbəttə ki, fond sanksiyalara məruz qalacaq, amma bu effekt verməyəcək. Çünki onun podratçılarına qarşı yeni bir qanun layihəsi hazırlanmalı, Konqresdən keçirməli və prezidentin imzalamasını gözləməlidirlər. Bu isə ümumilkdə yarım il vaxt tələb edir ki, həmin müddətə qədər layihə tamamlanacaq", – deyə mütəxəssis qeyd edir.

Bununla belə, Xazanov kəmərin istismara verilmə ərəfəsində, özü də məhz ABŞ-ın müdafiə büdcəsində nəzərdə tutulan sanksiyalar səbəbindən.çətinliklərlə qarşılaşacağını istisna etmir.

Qorxu və nifrət

İngilislər də amerikalılardan nümunə götürmək fikrindədirlər. Britaniyanın Mühafizəkarlar Partiyasından olan parlament üzvü Deniel Koçinski bəyan edib ki, Rusiyanın qaz kəməri həddən artıq təhlükəlidir, çünki NATO ölkələri ərazisində yerləşən bütün qaz və neft şəbəkələrini adlayaraq "birbaşa Rusiyaya" aparır.

Onun sözlərinə görə, böyük britaniyalılar artıq Avropa Şurasının üzvü olmadıqlarından, "amerikalı dostlarının yolu ilə gedərək "Şimal axını-2" qaz kəmərinin inşasına cəlb olunmuş istənilən şirkətə qarşı sanskiya tətbiq etməlidirlər.

Bu arada, İsveçdə Co Baydenin prezidentliyi dövründə "qaz müharibələri"nin başlayacağından ehtiyat edirlər. Svenska Dagbladetin vurğuladığı kimi bu amerikalı demokrat məsələyə öz rəqibi Donald Trampdan da sərt yanaşa bilər.

Baydenin prezidentliyinin "Qazprom" üçün mənfi aspekti onun yaşıl enerji siyasətini dəstəkləməsidir. Demokratlar 2035-ci ilə qədər təmiz enerjiyə keçmək üçün 2 trilyon dollar xərcləməyi planlaşdırır. 2050-ci ilə kimi isə atmosferə sıfır tullantı hədəfinə nail olmaq nəzərdə tutulur. Ancaq "yaşıl enerji" siyasəti də Rusiyaya əl verir. Çünki "Şimal axını-2" kəməri ilə yalnız təbii qaz deyil, həm də hidrogen ötürmək mümkündür. Avropanın hidrogen yanacağına tələbatı isə potensial olaraq çox yüksəkdir.

Digər tərəfdən, ABŞ-ın özündə belə Ağ Evin "rus kəmərinə" vəd etdiklərini yerinə yetirə biləcəyinə şübhə ilə yanaşırlar. Virciniya ştatının keçmiş senatoru Riçard Blek əmin edir ki, Bayden tikintinin səssizcə başa çatdırılması barədə Moskva ilə razılığa gəlməyə üstünlük verəcək. Bunun müqabilində isə Rusiya ilə Vaşinqton üçün bəzi faydalı sövdələşmələrə nail olmağa çalışacaq.

17
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0