Yüz on il əvvəl poçt göyərçininin itirdiyi əsgər məktubu tapıldı

© Sputnik / Ruslan KrivobokPoçt qutusu, arxiv şəkli
Poçt qutusu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Məlum olub ki, məktub 1910-cu ilin iyul ayında piyada alayı zabiti tərəfindən yazılıb və komandirinə göndərilib

 

BAKI, 9 noyabr — Sputnik. Alman ordusunda xidmət edən əsgərin yazdığı və poçt göyərçininin yolda itirdiyi məktub nə az, nə çox düz – 110 il sonra Fransanın Elzas əyalətində tapılıb. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Elzasdakı yerli memorial muzeyin əməkdaşı Dominik Jardi məlumat verib. Alüminium kapsulda olan məktub parkda gəzən bir cütlük tərəfindən tamamilə təsadüfən aşkar olunaraq memorial muzeyə təhvil verilib. Məktub alman dilində, əllə yazılıb.

"Bu çox nadir tapıntı hesab olunur. Muzeydə işlədiyim 40 il ərzində mən belə bir hadisə ilə qarşılaşmamışam", – deyə muzeyin əməkdaşı Frans Press-ə müsahibəsində bildirib.

Kağız parçası kapsulun içində yaxşı saxlanılsa da, qotik xətlə yazıldığından onu oxumaq elə də asan olmayıb. Bununla belə, muzeyin əməkdaşlarından biri onu oxumağa nail olub. Beləliklə, məlum olub ki, məktub 1910-cu ilin iyul ayında piyada alayının zabiti tərəfindən yazılıb və komandirinə göndərilib. Məktubda həmin vaxt Alman İmperatorluğunun bir hissəsi sayılan Elzas bölgəsindəki hərbi manevrlərdən bəhs olunur. Poçt göyərçini ilə göndərilən məktub məlum olmayan səbəbdən yolda itib.

Məktubu artıq Elzasdakı memorial muzeyin xüsusi guşəsində nümayiş etdirməyə başlayıblar. Həmin eksponatın yanında isə məktubu yazan zabitin 110 il əvvəl xidmət etdiyi alayın geyimində olan Prussiya zabitinin manekeni qoyulub.

Xəbər lenti
0