Qırğızıstanda vəziyyət

Bişkekin meri istefa verdi

40
Surakmatovun müşaviri Gülya Almambetova: "Mer Əziz Surakmatov istefa ərizəsi yazaraq öz istəyi ilə tutduğu vəzifədən uzaqlaşıb".

BAKI, 6 oktyabr — Sputnik. Qırğızıstanın paytaxtı Bişkek şəhərinin meri Əziz Surakmatov istefa verib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı məlumata görə, mer bu vəzifədən öz istəyi ilə gedib. Bu barədə Surakmatovun müşaviri Gülya Almambetova məlumat verib:

"Mer Əziz Surakmatov istefa ərizəsi yazaraq öz istəyi ilə tutduğu vəzifədən uzaqlaşıb".

Qeyd edək ki, bazar günü Qırğızıstanda respublika parlamentinə seçkilər keçirilib.

Məntəqələrin 97 faizində bülletenlərin emalından sonra səsvermənin ilkin nəticələri elan olunub və parlamentə dörd partiyanın daxil olduğu bildirilib. "Birimdika" ("Birlik") 24,44 faiz, "Mekenim Kırqızıstan" ("Yurdum Qırğızıstan") 23,95 faiz, "Qırğızıstan" partiyası 8,78 faiz və "Butun Kırqızıstan" ("Bütün Qırğızıstan") 7,09 faiz səs toplayıb.

Mərkəzi Seçki Komissiyası seçkinin rəsmi nəticələrini səsvermə günündən ən geci 20 gün ərzində açıqlamalıdır.

Seçkidə məğlub olan partiyanın nümayəndələri oktyabrın 5-də küçələrə çıxaraq nəticələrə etiraz etməyə başlayıblar. Etirazçılar seçkilərin ləğvini və təkrar seçkilərin keçirilməsini tələb edib. Dünən axşam saatlarında isə Bişkekdə qarşıdurma baş verib. Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, nəticədə 590 nəfər yaralanıb, bir nəfər ölüb.

Oktyabrın 5-dən 6-na keçən gecə etirazçılar ölkə prezidentinin iqamətgahına daxil olub. Daha sonra onlar ölkənin sabiq Prezidenti Almazbek Atambayevi Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasından azad ediblər.

40
Əlaqədar
Qırğızıstan MSK seçkilərin nəticələrini tanımadı
Qırğızıstanda hökumət binası ələ keçirildi, Atambayev azadlığa buraxıldı
S-400 kompleksləri, arxiv şəkli

Türkiyə S-400 zenit-raket kompleksini sınaqdan keçirdiyini təsdiqlədi

2
"Sınaqlar – satınalma proqramının bir hissəsidir və tamamilə texniki fəaliyyətdir ", – deyə rəsmi Ankara məsələyə münasibət bildirib.

BAKI, 22 oktyabr — Sputnik. Türkiyə Rusiya istehsalı S-400 zenit-raket kompleksinin Qara dəniz bölgəsindəki Sinop şəhərində sınaqdan keçirildiyini təsdiqləyib. Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Müdafiə naziri Hulusi Akar məlumat verib. Nazir bildirib ki, sınaqlar plana uyğun şəkildə həyata keçirilib.

"Müdafiə sənayesi məhsullarının alınması bağlı bütün müqavilələrə onların sınaqdan keçirilməsi də daxildir. Bunlar satınalma proqramının bir hissəsidir və tamamilə texniki fəaliyyətdir", – deyə rəsmi Ankara məsələyə münasibət bildirib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl türk mediası Sinop şəhərində S-400 zenit-raket kompleksinin sınaqdan keçirilməsi ilə bağlı video yaymış, Türkiyə hakimiyyəti isə bu barədə rəsmi açıqlama verməsə də, beynəlxalq NAVTEX bildirişində oktyabrın 13-dən 17-nə kimi Qara dəniz bölgəsindəki Sinop şəhərində artilleriya təlimlərinin keçiriləcəyini bəyan etmişdi.

Türkiyənin ABŞ-la münasibətlərində böhrana səbəb olan Rusiya istehsalı S-400 hava müdafiə sistemlərinin tədarükü 2019-cu ilin iyul ayından başlayıb. Bundan sonra Vaşinqton ABŞ-ın "F-35" qırıcı-təyyarələrinin Türkiyəyə satışını təxirə salacağını bəyan edib. ABŞ Türkiyəni sanksiyalar tətbiq etməklə hədələyərək Rusiya ilə sazişdən imtina etməsini və bunun əvəzində Amerikadan "Patriot" sistemlərinin alınmasını istəyib. Türkiyə tərəfi isə Rusiyadan S-400 zenit-raket kompleksinin növbəti partiyasının alınması ilə bağlı danışıqları davam etdirib.

2
COVİD-19 xəstəsi, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

18
Ermənistan Respublikasında son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1131-ə çatıb.

BAKI, 22 oktyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 70836-ya çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 2306 nəfər artıb.

Ermənistanda son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1131-ə çatıb. Xəstəlikdən sağalanların sayı 49787 nəfər olub. Hazırda bu ölkədə 19591 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41 milyonu keçib, 1,13 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

18
Mövzu:
Dünyanı cənginə almış bəla