Maykl Pompeo, arxiv şəkli

ABŞ-ın məğlubiyyət təhlükəsi. Vaşinqton niyə yenidən Tehrana sanksiyalar tətbiq edib?

12
(Yenilənib 20:11 22.09.2020)
Rəyi soruşulan ekspertlər belə bir qənaətdədirlər ki, ABŞ-ın növbəti prezidenti Co Bayden olsa, amerikalılar nüvə sövdələşməsinə qayıda bilərlər. Lakin Trampın prezidentliyi dövründə İran ətrafında vəziyyət dəyişib.

BAKI, 22 sentyabr — Sputnik, Qaliya İbrahimova. Amerika Birləşmiş Ştatları anti-İran sanksiyalarını tam həcmdə bərpa edib. Dövlət Departamenti bunu Tehranın nüvə razılaşması şərtlərini "yerinə yetirməməsi" ilə izah edib. BMT və Avropa İttifaqında amerikalıların arqumentlərini inandırıcı saymayıblar və Vaşinqtona qoşulmaqdan imtina ediblər. Ağ Ev nəyə nail olmaq istəyir və beynəlxalq ictimaiyyətin mövqeyi necədir? Ətraflı RİA Novosti-nin materialında.

Birtərəfli təzyiq

"BMT Təhlükəsizlik Şurası İrana silah tədarükü üzrə embarqonu uzatmayıb. Lakin ABŞ fəaliyyətsiz qalmayıb və sanksiyaları geri qaytarıb. İndi onlar yalnız Tehrana deyil, həm də embarqonu pozan hamının əleyhinədir", — Mayk Pompeo Avropa İttifaqını Vaşinqtonu dəstəkləməyə çağırarkən deyib.

Lakin əks-reaksiya olub. Almaniya, Böyük Britaniya və Fransanın ("avroüçlük") xarici işlər nazirləri Ağ Evin fəaliyyətini pisləyən birgə bəyanat veriblər.

"ABŞ 2018-ci il mayın 8-də İran proqramı üzrə Birgə Əhatəli Fəaliyyət Planından çıxıb və artıq "sövdələşmənin" iştirakçısı sayılmır. Bununla bağlı Vaşinqtonun istənilən qərarının hüquqi qüvvəsi yoxdur", - "avroüçlük" nazirləri bildiriblər.

Paris, Berlin və London, əksinə, sanksiyaları zəiflətməkdə davam edəcəklər. Nazirlər xatırladıblar ki, İranın üzərindən məhdudiyyətlərin götürülməsi BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində nəzərdə tutulur. Bu sənəd 2015-ci ildə razılaşdırılmış nüvə sazişini rəsmən təsdiq edib.

"Biz həmişə onu qoruyub saxlamağı dəstəkləmişik və bunu davam etdirəcəyik", – avropalılar vurğulayıblar.

Avropanın vədləri

Donald Tramp sövdələşmədən iki il əvvəl çıxıb və Tehranın guya gizli şəkildə nüvə proqramını inkişaf etdirdiyinə istinad edib. O, heç bir dəlil gətirməyib, ancaq sanksiyaların qaytarılmasını tələb edib.

Rusiya, Çin və avropalılar bunu pisləyərək, sənədin ABŞ olmadan da qüvvədə olacağını vurğulayıblar. Hətta Almaniya, Fransa, Böyük Britaniya şirkətləri İranla əməkdaşlıq etməyə imkan verən xüsusi qanun qəbul ediblər. Biznesin ABŞ-ın təzyiqindən qorxmaması üçün xüsusi INSTEX maliyyə mexanizmi yaradılıb.

Düzdür, onun təsiri məhdud olub. Şirkətlər İran bazarını tərk etməyə davam ediblər və İslam Respublikasının iqtisadiyyatı kəskin şəkildə çöküb. Pekin Amerikanın sanksiyalarını pisləsə də, Tehranla əməkdaşlığı hətta çinlilər də yarımçıq qoyublar.

İran hakimiyyəti gözləmə mövqeyini tutub və ümid edib ki, avropalılar Vaşinqtonu biznesi təqib etməməyə inandıra biləcəklər. Amma xarici şirkətlər ölkəni tərk etdikcə və Vaşinqtonun yumşalacağına dair ümidlər əriyib getdikcə Tehran nüvə proqramına qoyduğu məhdudiyyətləri götürüb.

Formal olaraq Birgə Əhatəli Fəaliyyət Planı qüvvədə qalır, lakin sövdələşmə iştirakçılarının qarşılıqlı ittihamları ona etibarı pozur. Vaşinqton Tehranın sənədin şərtlərinə əməl etməkdən imtinasını İrana qarşı yeni hücumda əsas arqument kimi istifadə edir.

Embarqonun ləğvinə yol verməmək

Amerikalılar daha çox ehtiyat edirlər ki, oktyabrın 18-də Tehranın üzərindən silah embarqosu götürüləcək. Bu qorxunu İranın qonşuları qızışdırırlar.

Belə ki, İsrail, Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveyt bildirir ki, qadağaların ləğvindən sonra İslam Respublikası Rusiya və Çindən hava hücumundan müdafiə vasitələrini və müasir qırıcıları alacaq. Bu, İranı möhkəmləndirəcək və regionda vəziyyəti mürəkkəbləşdirəcək. Belə bir ssenariyə yol verməmək üçün Tehranın əleyhdarları ABŞ vasitəsilə hərəkət edirlər.

Avqustda amerikalılar BMT Təhlükəsizlik Şurasında (TŞ) silah embarqosunun uzadılmasına dair qətnamə təqdim ediblər. Onu Tehranın Livan və Suriyada "Hizbullah"ı, həmçinin İraqdakı şiə yaraqlılarını silahlandırması ilə əsaslandırıblar.

Fransa, Almaniya və Böyük Britaniya amerikalıların bu narahatlığını bölüşüb, lakin onların təklifini dəstəkləməyiblər. Rusiya və Çin ABŞ-ın bu istiqamətdə bütün səylərinin qarşısını alacağını bildiriblər. İran isə öz növbəsində bəyan edib ki, bu qətnamə nüvə sövdələşməsinin üstündən birdəfəlik xətt çəkəcək.

BMT TŞ Amerika layihəsini rədd edib. Amma artıq bir həftə sonra Dövlət Departamenti Tehranın nüvə sövdələşməsi üzrə öhdəlikləri pozduğunu təsdiqləyən sənədləri təqdim edib. Orada söhbət İranın müəyyən edilmiş 300 kiloqramlıq normadan artıq zənginləşdirilmiş uran yığdığından gedir.

Mayk Pompeo Vaşinqtonun sanksiyaları tam həcmdə bərpa etmək istədiyini gizlətməyib. BMT TŞ-də xatırladıblar ki, ABŞ "sövdələşməyə" əməl olunmasını qiymətləndirə bilməz, çünki özü bu sövdələşmədən çıxıb. Amerikalılar isə hələ də 2231 saylı qətnaməni təsdiq edənlər arasında olduqlarını, müvafiq olaraq sanksiya hüququnu saxladıqlarını deyiblər və qeyd ediblər ki, əgər İrana qarşı şikayət daxil olduqdan 30 gün sonra tədbir görülməsə, sanksiyalar bərpa olunacaq. Müddət sentyabrın 20-də başa çatıb.

Gözləmə diplomatiyası

"BMT Baş katibi Antoniu Quterreş Təhlükəsizlik Şurasında konsensusun olmamasına istinad edərək, İrana qarşı sanksiyaların bərpa olunmasına qarşı çıxıb. Amerikanın qərarını Atom Enerjisi üzrə Beynəlxalq Agentlik nəzərə almayıb, Avropa isə onu kəskin tənqid edib. Vaşinqton kifayət qədər alçaldıcı vəziyyətə düşüb", — Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Beynəlxalq Tədqiqatlar İnstitutunun Avroatlantik Təhlükəsizlik Mərkəzinin Baş Elmi işçisi Andrey Baklitski hesab edir.

İranda güləşçi Navid Əfkarinin ölüm hökmünə etirazlar
© Iranian Labor News Agency via AP, File

Buna baxmayaraq, ekspert Amerika sanksiyalarının xarici biznesi qorxudacağını istisna etmir. Oktyabrda silah embarqosu ləğv edilsə, şirkətlər İranla ticarət etmək istəməyəcək. ABŞ-ın təzyiqi altına düşmək təhlükəsi ağırlaşacaq. Lakin belə olan halda da Vaşinqtonun hərəkətləri artıq görünür.

"Avropa qanunvericiliyi 2023-cü ilə qədər silah embarqosunu nəzərdə tutur. Odur ki, beynəlxalq qadağalar aradan qaldırılsa belə, Aİ Tehranla bu sahədə əməkdaşlıq edə bilməyəcək. Rusiya və Çin ilə vəziyyət daha da maraqlıdır. Bu ölkələrdən potensial olaraq İrana silah sata biləcək şirkətlər artıq sanksiya altındadır. Onlara embarqonun aradan qaldırılmasından sonra Tehranla təmtəraqlı müqavilə imzalamağa heç nə mane olmur. Bu o demək deyil ki, silah həqiqətən dərhal İrana gedəcək, amma ABŞ-ın mənəvi məğlubiyyəti göz qabağındadır", – Baklitski deyir.

ABŞ-da yaşayan beynəlxalq münasibətlər üzrə mütəxəssis Rafael Səttarov diqqəti Tehranın ABŞ-ın birtərəfli sanksiyalarına verdiyi təmkinli reaksiyasına çəkir. Onun sözlərinə görə, İran hakimiyyəti Amerikada prezident seçkisinədək vəziyyəti gərginləşdirmək istəmir.

"İslam Respublikası başa düşür ki, ABŞ-ın ünvanına deyilən istənilən kəskin bəyanat yalnız zərər verəcək. Tramp İranla növbəti böhranı dərhal öz xeyrinə çevirəcək və rejimə təzyiqləri gücləndirəcək. Bundan başqa, indi Avropa, Rusiya, Çin, BMT İranın tərəfindədir. Şifahi qarşıdurmada heç bir məna yoxdur. Birtərəfli sanksiyaların isə beynəlxalq səviyyədə tanınmış qanuni qüvvəsi yoxdur", – Səttarov hesab edir.

Rəyi soruşulan ekspertlər belə bir qənaətdədirlər ki, ABŞ-ın növbəti prezidenti Co Bayden olsa, amerikalılar nüvə sövdələşməsinə qayıda bilərlər. Lakin Trampın prezidentliyi dövründə İran ətrafında vəziyyət dəyişib. Buna görə də sövdələşməyə qayıdış proseduru asan olmayacaq.

12
Teqlər:
Çin, Rusiya, sanksiya, İran, ABŞ
Əlaqədar
Rusiya neftinə qadağa qoymaq istəyən ABŞ paradoksal vəziyyətlə üzləşib
Politoloq: “İran nüvə anlaşması ilə bağlı taktiki gedişlər etməyə çalışır”
Rusiya: Dünyada kiberhücumların böyük əksəriyyətinin arxasında ABŞ dayanır
İrana qarşı sanksiyalar: ABŞ-ın rəyi və uğursuzluqları
ATƏT binası, arxiv şəkli

Prezidentin köməkçisi: "İran, Rusiya Türkiyənin iştirakı ilə Minsk qrupuna paralel..."

19
(Yenilənib 17:36 27.10.2020)
"Otuz ildir ki, Ermənistan Azərbaycanın bu rayonlarını qaytarmamaq üçün prosesi uzadıb. Razı idik ki, işğal addım-addım bitsin, məcburi köçkünlər geri qayıtsınlar. Lakin Ermənistan qəti şəkildə bununla razı olmadı"

BAKI, 27 oktyabr — Sputnik. Minsk qrupu ilə paralel olaraq, bizimlə yaxşı əlaqələri olan İran, Rusiya və Türkiyənin iştirakı ilə başqa qrupların fəaliyyəti faydalı ola və Cənubi Qafqazda möhkəm sülhün yaranmasına gətirib çıxara bilər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Al Jazeera" kanalına müsahibəsində deyib.

Münaqişənin həllində Rusiya-Türkiyə-İran vasitəçiliyi formatında danışıqlara dair təkliflə bağlı suala cavabında Prezidentin köməkçisi deyib ki, Minsk formatı qalır, onu ləğv etmək və ya dayandırmaq niyyətimiz yoxdur:

"Lakin biz bu prosesi daha da inkişaf etdirmək istəyirik. Bütün müharibələrdə görünüb ki, region ölkələrinin prosesdə iştirakı faydalıdır. Başa düşürük ki, İran, Rusiya, Türkiyə baş verən hadisələrin ölkələrinə təsirindən çəkinirlər. Ona görə də Minsk qrupu ilə paralel olaraq, bizimlə yaxşı əlaqələri olan İran, Rusiya və Türkiyənin iştirakı ilə başqa qrupların fəaliyyəti faydalı ola və Cənubi Qafqazda möhkəm sülhün yaranmasına gətirib çıxara bilər".

Hikmət Hacıyev bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını hərbi yolla, beynəlxalq hüquqa və qanunlara məhəl qoymadan ələ keçirib: "Ermənistan işğal etdiyi ərazilərdə bəşəri cinayətlər və qırğınlar, eləcə də etnik təmizləmə törədib. Bu azmış kimi, işğal etdikləri ərazilərdə Azərbaycan xalqının mədəni və dini abidələrini dağıdıb. Onlar məscidlərimizi dağıdıblar. İslama aid dəyərli nə varsa, hamısını hədəfə alıblar. Azərbaycan torpağı olan Dağlıq Qarabağla yanaşı, ətraf 7 rayon da Ermənistan tərəfindən işğal edilib. Ermənilər 700 min azərbaycanlını bu rayonlardan didərgin salıblar. Həmçinin Dağlıq Qarabağdan da azərbaycanlılar qovulublar. Bu köçkünlərin sayına Ermənistandan qovulan azərbaycanlı qaçqınların sayını da əlavə etsək, 1 milyon nəfər edir. Bütün danışıqlarımızda ilk olaraq Dağlıq Qarabağın ətrafındakı rayonlarımızın işğaldan dərhal azad edilməsini tələb etmişik. Lakin Ermənistan bunu rədd edib. Otuz ildir ki, Ermənistan Azərbaycanın bu rayonlarını qaytarmamaq üçün prosesi uzadıb. Razı idik ki, işğal addım-addım bitsin, məcburi köçkünlər geri qayıtsınlar. Lakin Ermənistan qəti şəkildə bununla razı olmadı. Çünki o, bu ərazilərin ilhaqına cəhd edir".

19
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ceyhun Bayramov: "Azərbaycanın səfərbərlik potensialı kifayət edir"
Hikmət Hacıyev “Euronews”un çəkiliş qrupunun atəşə tutulmasını pisləyib
Bir ay cəbhədə: Bakılılar əsgərlərimizə nə arzulamaq istədilər – video
Ermənistan ordusunun hədəfi mülki obyektlərdir: Ağdam məktəbinə mərmi düşdü - VİDEO
Ermənistan cəsədləri götürməkdən imtina edir - Hikmət Hacıyev
İran bayrağı, arxiv şəkli

İranın xüsusi elçisi Qarabağa görə Bakı, Moskva, Yerevan Ankaraya səfər edəcək

16
(Yenilənib 17:00 27.10.2020)
Ərakçinin proqramında sərhədyanı əraziləri (Ermənistan və Azərbaycan) ziyarətlə yanaşı, Bakı, Moskva, Yerevan və Ankaraya səfər də daxildir

BAKI, 27 oktyabr — Sputnik. İran Prezidenti Həsən Ruhaninin xüsusi elçisi Abbas Ərakçi Qarabağ münaqişəsinin həlli üçün Rusiya, Azərbaycan, Ermənistan və Türkiyəyə səfər edəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Səid Xətibzadə bildirib.

"Ərakçinin proqramında sərhədyanı əraziləri (Ermənistan və Azərbaycan) ziyarətlə yanaşı, Bakı, Moskva, Yerevan və Ankaraya səfər də daxildir", - deyə İran XİN-in rəsmisi bildirib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilib.

Oktyabrın 3-də isə Azərbaycan Silahlı Qüvvələri strateji cəhətdən əhəmiyyətli daha bir yaşayış məntəqəsini - dövlət başçısının həmin gün Sugovuşan tarixi adını qaytardığı Madagiz kəndini azad edib. Həmin gün Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyi məlum oldu.

Oktyabrın 4-də Azərbaycan ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Dəcəl, Mahmudlu, Cəfərabadı azad edib.

Oktyabrın 5-də Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Məzrə və Sarıcalı kəndlərini azad edib.

Oktyabrın 9-da Hadrut qəsəbəsi, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Sur kəndləri işğaldan azad edilib.

Oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib.

Oktyabrın 15-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad olunub.

Oktyabrın 16-da Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib.

Oktyabrın 17-də Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırıblar.

Oktyabrın 19-da Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilib.

Oktyabrın 20-də Füzuli rayonunun Dörd Çinar, Kürdlər, Yuxarı Əbdülrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Ayıbasanlı, Cəbrayıl rayonunun Səfərşa, Hasanqayda, Fuğanlı, İmambağı, Ağtəpə, Yarəhmədli, Daş Veysəlli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng), Zəngilan rayonunda Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri azad edilib.

Oktyabrın 21-də Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri işğaldan azad edilib.

Oktyabrın 22-də Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri, Zəngilanın Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad olunub.

Oktyabrın 23-də Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq, Xocavənd rayonunun Dolanlar, Bünyadlı, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri işğaldan azad edilib.

Oktyabrın 25-də Zəngilan rayonunda Birinci Alıbəyli, İkinci Alıbəyli, Rabənd, Yenikənd, Cəbrayıl rayonunda Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunda Əfəndilər, Yusifbəyli, Çay Tumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri işğaldan azad edilib.

16
Allahşükür Paşazadə, arxiv şəkli

Şeyxdən II Qareginə irad: "Uşaqları hərbi savaşa çağırması..."

0
(Yenilənib 18:15 27.10.2020)
"Din xadiminin ən ümdə mənəvi borcu insan həyatını qorumaq, ədalətə söykənməkdir. II Qareqin deyir ki, hazırkı müharibəyə onları Azərbaycan vadar edib. Sual verirəm - Azərbaycan sizi öz ərazilərində müharibəyəmi dəvət edib, ya torpaqlarınızamı göz dikib?"

BAKI, 27 oktyabr — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bütün ermənilərin katalikosu II Qareginin kilsə adından xalqı və hətta uşaqları belə ölümə qədər hərbi savaşa çağırmasına dair açıqlaması ilə bağlı bəyanat verib. QMİ-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bəyanatda deyilir:

"Təcavüzkar Ermənistan rejimi 2020-ci ilin ilin iyul ayından etibarən yeni hərbi təxribatlara əl ataraq, Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərində, həm də Ermənistan ilə dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və mülki əhalimizi hədəfə götürüb. 30 ilə yaxın müddətdə ATƏT çərçivəsində danışıqlar prosesinin əməli nəticə verməməsi, BMT TŞ-nin məlum 4 qətnaməsinin yerinə yetirilməməsi və Ermənistanın son hərbi təcavüzü xalqımızın səbrini tükədib və Azərbaycan öz suveren hüququndan istifadə edərək, ərazi bütövlüyünü bərpa etmək və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərini işğaldan azad etmək üçün mübarizəyə qalxıb.

Rusiyanın və ABŞ-ın vasitəçiliyi ilə Moskvada və Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə keçirilmiş görüşlərdə müvəqqəti humanitar atəşkəs haqqında müvafiq razılaşmalar əldə olunub. Lakin faktlar onu göstərir ki, Ermənistan heç də sülhə meylli deyil və atəşkəsdən sui-istifadə edərək öz həqiqi qəsbkar niyyətlərini nümayiş etdirməkdədir. Belə ki, Ermənistan göstərilən razılaşmalardan dərhal sonra BMT-nin məlum qətnamələri və 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq öz hərbi cinayətlərini və vandalizm aktlarını davam etdirməkdə və Azərbaycanın hərbi əməliyyatların baş verdiyi bölgədən yüz km aralıda yerləşən yaşayış məntəqələrini ağır artilleriya ilə raket atəşinə tutmaqda davam edir. Bunun nəticəsində 27 sentyabr tarixindən bu günədək Ermənistan ərazisindən Azərbaycanın şəhər və yaşayış məntəqələrinin, o cümlədən Azərbaycanın ikinci əhəmiyyətli şəhəri olan Gəncənin atəşə tutulması nəticəsində azyaşlı uşaqlar olmaqla, 65 dinc sakinimiz həlak olub, 297 nəfər yaralanıb, 2243 fərdi ev, 90 çoxmənzilli ev, 402 mülki obyekt dağıdılıb, salamat qalan uşaqlar arasında hər iki valideynini itirənlər var.

Münaqişə başlanan zamandan bu günədək təcavüzkar Ermənistan sivil əhalimizə qarşı terror tətbiq edərək işğal olunmuş ərazilərimizdə Azərbaycanın öz rəngarəngliyi ilə fərqlənən mədəni və mənəvi irsinə aid olan məbədlərimizi, qəbirstanlıqlarımızı, tarixi abidələrimizi, muzey və kitabxanalarımızı darmadağın edib. Bununla kifayətlənməyən qəsbkar erməni ekstremistlər əsarətdə qalan məscidlərimizi tövləyə çevirərək, İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş vandal həqarət əməllərindən belə çəkinməyiblər. Erməni ekstremistləri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yüzlərlə məscid, məbəd və kilsələr, minlərlə məzarlıq, 706 taixi abidə və muzey, 927 kitabxana, 1107 təhsil müəssisəsi, 40 min muzey eksponatı dağıdılıb və talan edilib".

Şeyxülislam bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan dövləti və ictimaiyyəti daim münaqişənin sülh yolu ilə həllinə, müxtəlif səviyyələrdə, o cümlədən dini müstəvidə danışıqlar prosesinə tərəfdar olub: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində dini liderlərin üçtərəfli Möntre, Rostov, Moskva, Tbilisi, Yerevan, Bakı görüşləri münaqişənin dini müstəviyə keçməsinə yol verməmək məqsədlərini daşıyıb.

Təəssüflə qeyd olunmalıdır ki, bizim hər zaman münaqişənin sülh yolu ilə ədalətli həllinə səy göstərməyimiz müqabilində qarşı tərəf, xüsusilə də erməni kilsəsi öz aqressiv münasibətini və qızışdırıcı fəaliyyətini davam etdirməkdədir. Belə ki, bir neçə gün əvvəl bütün Ermənistan katalikosu II Qareginin son müraciəti, kilsə adından xalqı və hətta uşaqları belə ölümə qədər hərbi savaşa çağırması dini lider olaraq ona baş ucalığı gətirmir və münaqişəyə dini don geyindirmək, daha böyük fəlakətlərə səbəb ola biləcək xristian-müsəlman qarşıdurması kimi təqdim etmək amallarına xidmət edir.

Din xadiminin ən ümdə mənəvi borcu insan həyatını qorumaq, ədalətə söykənməkdir. II Qareqin deyir ki, hazırkı müharibəyə onları Azərbaycan vadar edib. Sual verirəm - Azərbaycan sizi öz ərazilərində müharibəyəmi dəvət edib, ya torpaqlarınızamı göz dikib? Erməni dini lideri bildirir ki, Qarabağ heç zaman Azərbaycan tərkibində ola bilməz. Bu din xadiminin təcavüzə bəraət verməsi və xalqları qarşıdurmaya sövq etməsi deyilmi? Sual olunur - on minlərlə erməni vətəndaşının bu gün də Azərbaycanda əmin-amanlıq şəraitində yaşadığını, Bakının mərkəzində yerləşən, bərpa edilən və abad şəkildə qorunan erməni kilsəsini və kitabxanasını nə tez unutdunuz? Bunun əksi olaraq, Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində mədəni-mənəvi irsimizin məhv edilməsi, bir nəfər belə azərbaycanlının qalmadığı sizin etnik təmizləmə və vandalizm siyasətinizin bariz nümunəsi deyilmi?

Erməni kilsəsi bizi düşmən adlandıraraq, beynəlxalq birliyi "bu vəhşılikdən qurtarmağa" çağırır. Sual olunur - öz torpaqlarını qəsbkarlardan azad etmək nə vaxtdan vəhşilik adlanır, yoxsa Azərbaycan ərazilərində - Xocalıda, Gəncədə, Tərtərdə dinc əhaliyə qarşı törətdiyiniz vəhşilikər Qareginin dediyi kimi, "vətən və dövlətçiliyin qorunması üçün" tarixə qanlı hərflərlə yazılıb?

Bütün dünya bilməlidir, hazırkı hərbi qarşıdurma Azərbaycan ərazilərində baş verir. Biz öz haqq işimizdə hər hansı dinə və millətə qarşı deyilik, heç bir ölkəyə təcavüz etməmişik və Qarabağda yaşayan erməniləri düşmən deyil, öz vətəndaşımız hesab edirik. Biz liderimiz İlham Əliyevin ətrafında sıx birləşərək işğal olunmuş öz əzəli torpaqlarımızı qəsbkarlardan azad etdikdən sonra ermənilərlə birgə yaşamaq, Qarabağımızı inkişaf etdirmək və firavan məkana çevirmək əzmindəyik.

Biz Vətənimiz Azərbaycanda sülhə və əmin-amanlığa nail olunması üçün bu niyyətlərimizdə bütün dünya birliyinin dəstəyinə ümid edirik!"

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Atəşkəs Tərtərə dinclik gətirmədi: Rayon dağıntılar içində qalıb – VİDEO
Prezidentin köməkçisi: "İran, Rusiya və Türkiyənin iştirakı ilə Minsk qrupuna paralel..."
İlham Əliyev: "İşğalçı siyasətdən imtina etsələr, barışıq mümkündür"