Yaponiyada qoruyucu maskada olan insanlar

Yaponiya mədəniyyəti koronavirusun qarşısını necə aldı - Yaponlar kimi niyə ola bilmirik?

3311
(Yenilənib 22:19 08.07.2020)
Hazırda Yaponiya hökuməti havalandırması zəif olan, yaxud olmayan qapalı yerlərdən qaçmağı, belə yerlərdə yaxın məsafədə - üz-üzə oturub söhbət etməməyi tövsiyə edir və insanları evdə qalmağa məcbur etmək əvəzinə bu çağırışla ən düşünülmüş addımı atdığına inanır

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 iyul — Sputnik. Koronavirus bütün ölkələrdə yüz minlərlə can alsa da, Yaponiyada ölümlər, xəstəliyə yoluxma rəqəmləri niyə aşağıdır? Yaponiya COVID-19-a yoluxmaların qarşısını necə alır? Bu gün bir çox ölkələri düşündürən əsas suallardan biri də budur. Bir çoxları bunu yaponların yüksək immunitetə malik olmaları ilə izah edirlər.

Koronavirus vaksini, arxiv şəkli
© REUTERS / REUTERS / Dado Ruvic / Illustration / File Photo

Ötən ilin sonlarından etibarən Çinin Uhan şəhərində meydana çıxan virus özünün ən pik həddinə çatdığı dövrdə - fevralda bütün ölkələr Çinlə sərhədləri bağlasa da, Yaponiya sərhədləri açıq saxladı.

Bundan başqa, Yaponiya Ümumdünya Səhiyyə Təşkilatının test etmək çağırışına da məhəl qoymayıb. Ümumilikdə, Yaponiyada test olunanların sayı 350 minə yaxın, faiz etibarı ilə desək, əhalinin 0.27 faizini təşkil edib.

Yaponiyada Avropa ölkələrində olduğu kimi əhalinin evdə qalması ilə bağlı xüsusi sərt qərar da olmadı. Yalnız apreldə hökumət tövsiyə xarakterli çağırış etdi. Bununla da insanlar istədikləri halda könüllü şəkildə evdə qaldılar. Dönəmə uyğun olaraq fəaliyyəti o qədər də önəm kəsb etməyən sahələrin müvəqqəti bağlanması tələb olunsa da, bu da tövsiyə xarakterli oldu. Yəni, fəaliyyətini davam etdirən bu cür sahələrə qarşı hər hansı bir cəza olmadı.

Bu gün koronavirusun daha az qeydə alındığı həmin bölgədə yerləşən ölkələrdən Vyetnam, Yeni Zelandiya sərt karantin rejimini, məcburi olaraq əhalinin test edilməsinə və sərhədlərin bağlanmasına qərar versələr də, Yaponiyada bunların heç biri olmadı. Amma bununla belə COVID-19-dan ölüm və yoluxma hallarının digər ölkələrlə müqayisədə aşağı olması bütün dünya ölkələrində təəccübə səbəb olub.

Belə ki, Yaponiyada COVID-19-a ilk yoluxma faktından 5 ay ötsə də, bu günədək 125 milyonluq ölkədə ümumi yoluxanların sayı 20 mini, ölənlərin sayı isə 1000-i ötməyib.

Yaponiya Baş nazirinin köməkçisi Taro Aso bütün bunları yapon xalqının super keyfiyyətləri ilə əlaqələndirərək artıq bir çox ölkələrdə Yaponiyanın virusla mübarizədə uğurunun müzakirəyə səbəb olduğunu deyib: "Təbii ki, biz bunun səbəbini izah edərək bildirmişik ki, sizin və bizim ölkə əhalisinin səviyyəsi fərqlidir”.

Bir çoxları yaponlardakı fərqliliyin X faktoru ilə bağlı olduğunu bildirirlər və yaponların bu virusdan müdafiəsinin olmasını da məhz bununla izah edirlər. Bundan başqa, görüş zamanı yaponlar arasında görüş zamanı öpüşmək, qucaqlaşmaq, əllə görüşmək vərdişinin olmaması da onları virusdan qoruyan amillər sırasında başda qeyd olunur.

Bəs, yaponların immun sisteminin digər ölkə vətəndaşlarının immun sistemi ilə müqayisədə bir fərqliliyi varmı? Tokio Universitetinin professoru Tatsuhiko Kodama yaponların əvvəllər, tarix boyu bu kimi viruslara yoluxduğuna inandığını bildirib: "Bunu belə izah etmək olar: Bir virus insan bədəninə daxil olduqda immun sistemi işğalçı patogenə hücum edən antikorlar istehsal edir. İki növ antikor var - IGM və IGG. Onların virusa necə cavab verməsi öncələr kiminsə virusa məruz qaldığını və ya buna bənzər bir şeyi göstərə bilər. Əsas, yəni ən birinci viral infeksiyada IGM cavabı öncə gəlir. Daha sonra isə IGG cavabı gəlir. Biz testlərə baxdıqda isə İGG cavabının daha tez gəldiyini, İGM cavabının isə daha gec gəldiyinin şahidi olduq. Bu isə o deməkdir ki, onlar öncədən bu və buna bənzər virusa yoluxublar. Ehtimal edirəm ki, öncədən keçirilən bu virus SARS olub”.

Kings Universitetinin professoru Kenji Shibuya  X faktorunun burada mühüm rol oynadığını deyib: "Bundan başqa, deyim ki, bu gün bir çox ölkələr üçün maska taxmaq yeni vərdişə, ənənəyə çevrilibsə, yapon xalqı hələ 1919-cu ildə yayılan virusdan bəri maska taxır. Burada adi soyuqdəyməsi, yüngül qrip, boğaz ağrı və öskürəyi olan şəxs də maska taxmağın vacib olduğunu bilir. Bu artıq yapon xalqı üçün bir vərdişdir. Bu, yəni maskanın taxılmasının özü də sosial məsafənin saxlanılması üçün bir SOS mesajı verir. Biz yapon xalqı olaraq həm özümüzün, həm də ətrafımızdakıların səhhətinə diqqətliyik”.

Rəsmi statistikaya görə, Yaponiyada ən çox yoluxma insanların daha çox sıx təmasda olduqları yerlərdə - bar, karaokelərdə qeydə alınıb.

Qeyd edək ki, hələ 1950-ci illərədək Yaponiya vərəmlə mübarizə aparıb. Eyni zamanda, digər xəstəliklərin də müəyyənləşməsi üçün o dövrdə hökumət tərəfindən sağlamlıq mərkəzləri şəbəkəsi qurulub.

Hazırda Yaponiya hökuməti havalandırması zəif olan, yaxud olmayan qapalı yerlərdən qaçmağı, belə yerlərdə yaxın məsafədə - üz-üzə oturub söhbət etməməyi tövsiyə edir və insanları evdə qalmağa məcbur etmək əvəzinə bu çağırışla ən düşünülmüş addımı atdığına inanır.

Bundan başqa, Yaponiya bu gün həm ürək xəstəlikləri, həm də piylənmə səviyyəsinə görə ən az statistik göstəriciyə sahibdir. Amerika Birləşmiş Ştatları Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin son hesabatında ürək xəstəliyi, piylənmə və şəkərli diabet kimi əsas tibbi xəstəlikləri olan insanların COVID-19 xəstəliyinə tutulduqları halda xəstələnmə ehtimalının altı dəfə, ölüm hallarının isə 12 dəfə daha yüksək olduğu sübut edilib.

Yaponiyada indiyə qədər yoluxma və ölüm hallarını aşağı həddə qalmasına səbəb olan amillərdən biri də insanları evdə oturmağa məcbur etməmək, evdə oturmağın zəruriliyi haqda sadəcə olaraq tövsiyələrin verilməsi olub. Hökumət sadəcə olaraq insanlara qayğı göstərərək izdihamlı yerlərdən uzaq durmağı, maskalar geyinmələrini və əllərini yumalarını istəyib.

Son olaraq, Azərbaycan barədə. Ölkəmizdə martın əvvəllərindən mayın 4-dək, yəni karantin qaydalarının yumşaldılmasınadək gündəlik COVİD-19-la bağlı qeydə alınan rəqəmlər daha az idi. Mayın 4-dən etibarən isə rəqəmlərdə sıçrayış qeydə alındı. İcaze.e-gov.az sisteminin və SMS icazəsinin ləğvindən sonra rəqəmlər daha da artdı. Son olaraq isə artıq bir neçə həftədir ki, SMS icazə və icaz.e-gov.az portalı yenidən aktivləşsə də, rəqəmlərdə gözəçarpan dəyişiklik yoxdur...

3311
Teqlər:
ölüm, yoluxma, karantin, Yaponiya, Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla (418)
Tu-160 strateji raket daşıyıcısı, arxiv şəkli

Komandor adalarında desant Anadırdakı Tu-160 Rusiyanın "tərəfdaşlara cavabı"

0
(Yenilənib 15:39 14.08.2020)
Dünya tarixində ilk dəfə olaraq rusiyalı desantçılar 2020-ci il aprelin 26-da 10 min metr hündürlükdən qütb arxasına eniş ediblər

BAKI, 14 avqust — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Pentaqonun Şərqi Avropadakı hərəkətləri Rusiyanı məcbur edir ki, Birləşmiş Ştatlara planetdə mövqelərinin zəif olduğu barədə xatırlatsın. Rusiyanın Sakit okean donanmasının dəniz piyadaları avqustun 12-də tarixdə ilk dəfə olaraq ABŞ ərazisindən cəmi 350 kilometr aralıda yerləşən Komandor adalarına (Berinq dənizi) paraşütlə desant enişini həyata keçirib.

Bir gün əvvəl isə Tu-160 strateji raket daşıyıcılarının ekipajları Saratov vilayətindən Birləşmiş Ştatların ərazisindən 530 kilometr məsafədə yerləşən Anadır (Çukotka yarımadası) aerodromuna köçürülüb.

Dəniz piyadaları bölməsi planlı taktiki təlim zamanı Komandor adalarındakı meydançaya paraşütlə eniş ediblər. Qüvvələrin köçürülməsinin məqsədi adaların birində yerləşən hərbi obyektin müdafiəsinin gücləndirilməsi və şərti düşmənin kəşfiyyat-təxribat qruplarının hücumlarının qarşısının alınmasıdır.

"Arbalet" paraşüt sistemlərinin istifadəsi ilə eniş tam döyüş şəraitində, silahlarla və sıx vaxt çərçivəsində müdafiənin təşkilatı ilə həyata keçirilib. Təlimə 50-dən çox hərbçi, dəniz aviasiyası təyyarələri və Sakit okean donanmasının təminat gəmilərinin ekipajları cəlb olunub. Bu, təlim-döyüş əməliyyatları simvolik olub və Pentaqona xatırladıb ki, Rusiyanın təhdidlərin qarşısının almaq və onlara reaksiya vermək üçün əhəmiyyətli imkanlara malikdir.

Amerikalı "tərəfdaşlar" üçün daha bir siqnal Saratov vilayətindən Rusiyanın iki Tu-160 strateji raket daşıyıcılarının Anadır vilayətinə köçürülməsi olub. Aviasiya texnikasının operativ aerodromlara köçürülməsindən sonra ekipajlar aviasiya zərbə vasitələrinin döyüş tətbiqini məşq ediblər və digər vəzifələri yerinə yetiriblər. Əslində, raket daşıyıcılarının təyinatı ilə hər şey aydındır – bu, Rusiyanın strateji nüvə qüvvələrinin bir komponentidir.

Sakit okeanın (700-ə yaxın əhalisi olan) Komandor adalarına dəniz piyadalarının paraşütlə desantı Rusiya qoşunlarının daimi dislokasiya məntəqələrindən minlərlə kilometr aralıda səmərəli fəaliyyət göstərmək və planetin istənilən nöqtəsində hərbi obyektləri operativ nəzarətə götürmək qabiliyyətini bir daha nümayiş etdirdi.

Dünya tarixində ilk dəfə olaraq rusiyalı desantçılar 2020-ci il aprelin 26-da 10 min metr hündürlükdən qütb arxasına eniş ediblər və Frans-İosif Torpağı arxipelaqında uğurla fəaliyyət göstəriblər. Yüksək hündürlükdən eniş xüsusi qüvvələrin bölmələrinin gizliliyini və istənilən bölgədə düşmən obyektindən uzaqlıqda əməliyyatlarının effektivliyini təmin edir.

"Arbalet-2" ən yeni paraşüt sistemləri ən mürəkkəb şəraitdə xüsusi təyinatlı hərbi qulluqçulara 400-4000 metr yüksəklikdən silahları ilə təhlükəsiz şəkildə eniş etməyə imkan verir. Çantasız "Şturm" paraşütü 80 metr hündürlükdən atlamağa imkan verir. Yalnız Rusiyanın zirehli texnikası çoxgünbəzli sistemlərin vasitəsilə ekipajları ilə birlikdə 1500 metrə qədər yüksəklikdən eniş edə bilir. Hərçənd istənilən paraşüt sadəcə hərbi qulluqçunun və onun silahlarının döyüş meydanına çatdırılması vasitəsidir.

Hava desantları düşmən xətlərinin arxasında, lokal münaqişələrdə və irimiqyaslı müharibələrdə (müstəqil və ya hərbi qrupların tərkibində) əməliyyat-taktiki döyüş vəzifələrinin həlli üçün nəzərdə tutulub. Desantın eniş etməsinə yalnız effektiv hava hücumundan müdafiə sistemləri mane ola bilər, lakin uzaqdan aviasiya vasitələrinin ilkin zərbəsi bu problemi də aradan qaldırır.

Burada vurğulamaq lazımdır ki, Rusiya heç kimi müharibə ilə təhdid etmir, lakin öz imkanlarını da heç kimdən gizlətmir.

Avqustun 11-də Sakit okean sahillərində yerləşdirilmiş Rusiya aviasiyasının zərbə qrupu Rusiyanın hava məkanından çıxmadan 5500 km-ə qədər məsafədə düşmən obyektlərinə zərbə vura bilər. Sakit okean üzərindəki beynəlxalq hava məkanından yeni imkanlar açılır.

Məsələn, strateji Tu-160M təyyarəsi Suriyada sınaqdan keçirilmiş X-101 qanadlı raketlərdən istifadə edə bilər. Tu-160M-in revolver buraxılış qurğuları 12-dək qanadlı raketi daşımağa imkan verir. Xüsusi X-102 raketləri isə termonüvə döyüş başlığı ilə təchiz oluna bilər (250 kilotonndan bir meqatona qədər).

Uzaqmənzilli Tu-22M3M bombardmançı təyyarəsi effektiv şəkildə yerüstü və dəniz hədəflərini vurur. Onun dünyada analoqu yoxdur. Tu-22M3M-in maksimal sürəti saatda 2300 kilometrdir, döyüş yükü isə 24 tona qədərdir. Tu-22M3M təyyarəsi X-101 və ya X-102 qanadlı raketlərin buraxılması üçün nəzərdə tutulub. X-32 raketlərini və X-47M2 "Kinjal" hipersəs raketlərini daşıya bilir. X-32 hipersəs raketi 1000 kilometrədək məsafəyə 40 kilometrə qədər yüksəklikdə 5 Max sürəti ilə uçur.

Tu-22M3M bombardmançısı aviadaşıyıcı qrupun 700 kilometrlik hava hücumundan müdafiə zonasına daxil olmadan onu məhv etməyə qadirdir. Tu-95MS strateji bombardmançı‑raketdaşıyan təyyarəsi də düşmən xətlərinin arxasında mühüm obyektləri qanadlı raketlərlə vurmaq üçün nəzərdə tutulub.

Qeyd edək ki, yuxarıda qeyd olunan bütün təyyarələr modernləşdirilib və ən yeni silahları daşıyırlar.

Rusiya Silahlı Qüvvələrinin uzaqmənzilli aviasiyasının 70-ə yaxın Tu-160 və Tu-95 strateji bombardmançısı, 40-dan çox Tu-22M3M bombardmançısı var.

Pentaqon və NATO Şərqi Avropada Rusiyanın "qarşısının alınması", yəni ABŞ qoşunlarının Almaniyadan Polşa və Rumıniyaya köçürülməsi ilə məşğuldur, manevrlər aparırlar, onların döyüş və kəşfiyyat aviasiyası Baltik və Qara dənizlər üzərində, Rusiya sərhədləri yaxınlığında uçuşlar aparır.

Müttəfiqlər və tərəfdaşlar sanki öz təhlükəsizliyini unudaraq (sanki ehtiyatda başqa bir planet var), bloklama, hava hücumundan müdafiə və desant salma, düşmən mövqelərinə raket zərbələrinin imitasiyası ilə "böhranlı regionlarda tənzimlənmə" üsullarını işləyib hazırlayırlar.

Pentaqon kiçik gücü olan nüvə silahının "humanist" potensialını artırmağa çalışır. Əgər Rusiyanın "qarşısını almaq" (Amerikanın maraqlarına tabe etmək) mümkün olmayacaqsa, ona hücum etmək lazım gələcək. Bu xətt 2015-ci ildən məlumdur.

Müasir reallıq ondan ibarətdir ki, Rusiya iqtisadi cəhətdən təcrid edilə və ya hərbi üsullarla məğlub edilə bilməz. Çoxillik təzyiq cəhdləri puç olub. Bunu hətta "The American Conservative" jurnalı etiraf edir: "Rusiyanın bilavasitə yaxınlığında cızdığı sərhədlər var ki, ABŞ onları keçməyə cəhd göstərməməlidir".

0
Əlaqədar
Rusiya donanması Be-200 aldı: amfibiya-təyyarələr Azovda və Xəzərdə olacaqlar
Rusiya silahı: 155 km/saat sürət yığa bilən zirehli "Strela" avtomobili
Termonüvə “Tülpan”ı – dünyanın ən güclü minomyotu
Rusiya yeni donanma yaradır: bir anda altı gəminin tikintisi başlayır
Türkiyə S-400-ün ABŞ qırıcıları ilə ikinci sınağını keçirir: geriyə dönüş yoxdur
Ermənistanın Baş naziri Nikol Paşinyan, arxiv şəkli

Paşinyan BBC-nin efirində: "Azərbaycandan üzr istəməyə hazırsınızmı?"

808
(Yenilənib 14:06 14.08.2020)
"Mən sizdən sadəcə soruşmaq istəyirəm ki, siz məsuliyyəti öz üzərinizə götürüb, Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən sui-istifadə halları və cinayətlərə görə üzr istəməyə hazırsınızmı? Bu sadə sualdır. Bəli, ya xeyr?"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 14 avqust — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Böyük Britaniyanın BBC telekanalında yayımlanan "Hardtalk" verilişində qonaq olub. Sputnik Azərbaycan xəbər verir ki, erməni nazir verilişin aparıcısı Stiven Sakurun suallarına cavab verməyə çətinlik çəkib.

Ermənistan Baş naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə danışarkən verilişin aparıcısı Stiven Sakur Paşinyana irad bildirərək qeyd edib: "Niyə ötən ilin avqustunda siz Dağlıq Qarabağa, Stepanakertə (Xankəndi – red.) gedərək çıxışınızda "Artsax (Oranı siz belə adlandırsınız) Ermənistandır. Nöqtə", daha sonra isə "birləşmə"yə dair millətçi şüarlar səsləndirdiniz. Bu Azərbaycana qarşı açıq təxribat idi".

Aparıcıya cavab verməkdə çətinlik çəkən Paşinyan "Artsax" adının bir neçə min il yaşı olması barədə sayıqlamağa çalışıb. Bu dəfə də Ermənistanın Baş nazirinin sözünü kəsən aparıcı Stiven Sukar: "Biz sizin tarixinizin minilliklərinə nəzər yetirə bilmərik, amma biz bu günümüzün reallığına nəzər yetirə bilərik deyib".

"Sizin də yaxşı bildiyiniz kimi, BMT Baş Assambleyası qətnamə qəbul edib və bu qətnamə bütün Ermənistanın Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan Respublikasının işğal altında olan torpaqlarından dərhal, tam və qeyri-şərtsiz çıxarılmasını tələb edir. Beynəlxalq hüquqa görə, sizin qoşunlarınız işğalçı qoşunlardır. Siz isə oraya gedib deyirsiniz ki, bu ərazi sizindir. Açıq-aydındır ki, siz sülh adamı deyilsiniz", - Stiven Sukar söyləyib.

Bundan sonra Paşinyan yenə qeyd edib ki, guya Azərbaycan 90-cı illərin əvvəllərində Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə həyata keçirib və münaqişə bu andan başlayıb.

"Hardtalk" verilişinin aparıcısı daha sonra Ermənistan Baş nazirinin hakimiyyətə gəldiyi vaxt sülh nail olacağına dair verdiyi sözü necə yerinə yetirməsi ilə maraqlanıb: "Məsələn, mən bilirəm ki, sizin hökumətiniz Ermənistandan Dağlıq Qarabağa yol çəkir. Bu yol Azərbaycan ərazisindən keçir. Brüsseldə olan və Qafqaz üzrə siyasətdə ixtisaslaşan bir sıra Avropa parlamentariləri bu plana baxıblar və onu beynəlxalq hüququn pozulması kimi dəyərləndiriblər. Bunun Qarabağın qanunsuz işğalının möhkəmləndirəcəyini bildiriblər. Siz bu yolun tikintisini dayandıracaqsınızmını?"

Bu suala cavab tapmayan Paşinyan sadəcə yolun Ermənistan hökuməti tərəfindən tikilmədiyini iddia edib.

Verilişin aparıcısı Paşinyana "münaqişə məsələsində Ermənistanın millətçilik mövqeyində, təqdim etdiyi strategiyada, açığını desək, əhəmiyyətli sülh elementinin olmadığını bildirib: "Siz öz sələfləriniz kimi görünürsünüz, siz fərqli görünmürsünüz. Erməni xalqı üçün xüsusi əhəmiyyətə malik bu məsələdə masaya başqa bir şey qoymağınızın sübutu hanı?"

Ermənistan Baş naziri isə bu suala cavabında ölkəsinin guya millətçilik mövqeyindən çıxış etmədiyini qeyd edib.

Stiven Sukar Paşinyana xatırladıb ki, hakimiyyətə hüquq müdafiəçisi kimi jurnalist karyerasından gəlib və hətta bir müddət siyasi məhbus kimi həbsxanada da olub: "Siz insan haqlarının da qeydinə qalırsınız. Mənə maraqlıdır, Azərbaycana müraciət edib və öz sələflərinizdən fərqli olduğunuzu göstərə bilərsiniz? İndi siz ötən əsrin 80-ci illərin sonlarında, 90-cı illərində Ermənistan qüvvələrinin Dağlıq Qarabağın daxilində insan haqlarının pozulması ilə bağlı bir sıra ciddi hərbi cinayətlər törətdiyini deməyə hazırsınızmı? Bir çox müstəqil müşahidəçilər bu cinayətlərin kataloqunu formalaşdırıb. Siz indi onları tanımağa və daha artığı - buna görə üzr istəməyə hazırınızmı?"

Paşinyan bu suala cavab verməkdən yayınıb.

"Hardtalk" verilinin aparıcısı yenidən Paşinyandan soruşub: "Mən sizdən sadəcə soruşmaq istəyirəm ki, siz məsuliyyəti öz üzərinizə götürüb, Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən sui-istifadə halları və cinayətlərə görə üzr istəməyə hazırsınızmı? Bu sadə sualdır. Bəli, ya xeyr?"

Bundan sonra Paşinyan yenə sualdan yayınmağa çalışanda aparıcı onun sözünü kəsərək qeyd edib: "Aydındır ki, siz "üzr istəyirəm" deməyəcəksiniz".

Daha sonra isə BBC-nin aparıcısı qeyd edib: "Mənə sadəcə maraqlıdır. Hiss edirsinizmi ki, koronavirus pandemiyası (COVID-19) ilə bağlı sizin hökumətinizə olan müəyyən diqqəti və təzyiqi azaltmaq, aradan qaldırmaq üçün hazırda sizə Dağlıq Qarabağda Azərbaycanla olan gərginliyi artırmaq faydalıdır? Çünki səmimi olsaq, sizin hökumətinizin pandemiya ilə mübarizəsinə baxsaq, bunu uğur adlandırmaq olmaz. Bu sizin hökumətiniz üçün fiasko idi".

808
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan üçün ən böyük təhlükə Paşinyan hakimiyyətinin siyasətidir"
Ermənistanda gözlənilməz istefalar
Rusiya Dövlət Dumasının komitə sədri: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir"
XİN: Ermənistanın mövqeyi danışıqlardan qaçmaq kimi qiymətləndirilməlidir
BMTM sədri: "Nikol Paşinyanın fikirləri bir-birinə ziddiyyət təşkil edir"
Paşinyan: "Bakı ilə danışıqların alternativi yoxdur"