Uşaqlar, arxiv şəkli

BMT: Dünyada cinsi ayrıseçkilik səbəbindən "itirilmiş" qızların sayı 140 milyondur

12
(Yenilənib 16:23 01.07.2020)
Hesabatda qeyd olunur ki, hər il dünyada milyonlarla qız ailələrinin, yaxınlarının və yaşadıqları icmaların razılığı ilə onları fiziki və mənəvi əziyyətlərlə üz-üzə qoyan zərərli təcrübələrin təsirinə məruz qalır.

BAKI, 1 iyul — Sputnik. BMT-nin Əhali Fondunun hazırladığı "Dünya Əhalisinin Vəziyyəti" adlı qlobal hesabatın builki sayı işıq üzü görüb.

Fonddan Sputnik Azərbaycan-a verilən məlumata görə, hər il təşkilatın qlobal miqyasda məşğul olduğu bu və ya digər mövzuya həsr edilən hesabatda bu dəfə dünyada qadınların və qızların hüquqlarının pozulması ilə nəticələnən müxtəlif zərərli təcrübələr və onlarla mübarizə mövzuları qabardılıb.

Hesabatda qeyd olunur ki, hər il dünyada milyonlarla qız ailələrinin, yaxınlarının və yaşadıqları icmaların razılığı ilə onları fiziki və mənəvi əziyyətlərlə üz-üzə qoyan zərərli təcrübələrin təsirinə məruz qalır. Daha çox dünyanın müxtəlif yerlərində mövcud olan adət-ənənələrdən qaynaqlanan bu zərərli təcrübələr sırasında qızların erkən yaşda ərə verilməsini, qadın sünnətini, gender-əsaslı cinsi ayrıseçkiliyi (oğlan uşaqlarına qızlara nisbətən daha çox dəyər verilməsi) və digər spesifik halları qeyd etmək olar.

"Qızlara qarşı tətbiq olunan bu cür zərərli təcrübələr onların həyatında uzunmüddətli və dərin travma izləri qoymaqla yanaşı, qızların öz potensiallarını realizə etmək hüququnu əllərindən almış olur", - deyə BMT-nin Əhali Fondunun icraçı direktoru Nataliya Kanem qeyd edir.

Hesabata əsasən, ilin sonunadək dünyada təqribən 4,1 mln. qızın qadın sünnəti adlanan əziyyətli və zərərli prosedura məruz qalacağı gözlənilir. Eyni zamanda, hər gün dünyada orta hesabla 33000 yetkinlik yaşına çatmayan qız uşağı özündən böyük şəxslərə zorla ərə verilir. Sənəddə o da vurğulanır ki, bəzi ölkələrdə qız uşaqları ilə müqayisədə oğlan uşaqlarına daha çox üstünlüyün verilməsi təcrübəsi cinsi zəmində ayrıseçkilik fenomeninin güclənməsi və beləliklə 140 mln. "itirilmiş" qız övladlarının həyata gəlməkdən məhrum edilməsi ilə nəticələnib.

Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya regionunda erkən nikahlar əsasən qanunla qadağandır və bu hallar zəif sürətlə də olsa azalmaya doğru gedir. Buna baxmayaraq, regionun bəzi yerlərində erkən nikahlara hələ də geniş şəkildə rast gəlmək mümkündür – bəzi ölkələrdə qadınların 15%-i 18 yaşına çatmazdan öncə ailə qurub, bəzi icmalarda isə iki qadından biri hətta uşaq yaşında ikən ərə verilib.

Qız övladlarına nisbətdə oğlan övladlarına üstünlüyün verilməsi də Şərqi Avropa və Mərkəzi Asiya regionunda müşahidə olunan zərərli təcrübələrdən biridir. Cənubi Qafqazın və Cənub-Şərqi Avropanın bir sıra bölgələrində daha çox qeydə alınan bu fenomen doğuşun cinslər arasındakı təbii nisbətinin pozularaq qızlara nisbətən daha çox oğlan uşağının dünyaya gəlməsinə səbəb olur.

"Bütün bu zərərli təcrübələrin kökündə bir amil dayanır: bu da qadınlara və qızlara cəmiyyətdə daha az dəyər verilməsidir", - deyə BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional ofisinin rəhbəri Alanna Armitaj qeyd edir. "Buna baxmayaraq, hamımız – hökumətlər, vətəndaş cəmiyyəti, rəy öndərləri və influenserlər – birlikdə işləyərək qızların insan hüquqlarını əlindən alan bu zərərli təcrübələri keçmişə qovuşdura bilərik."

Hesabatda dünyanı əhatə edən COVID-19 pandemiyasının sözügedən zərərli təcrübələrin daha da geniş yayılmasına şərait yaratdığı da vurğulanır. Belə ki, pandemiya dünyanın bir çox yerində ailələrin öz iqtisadi yükünü azaltmaq üçün erkən nikahlara daha çox üz tutması ehtimalını artırır. Bununla yanaşı, sosial təcrid və karantin şəraitində təhsil müəssisələrinin bağlanması və hərəkətə qoyulan məhdudiyyət gənc qızların gündəlik həyat ritmini əngəlləyir, dəstək sistemlərinin fəaliyyəti qarşısında sədd çəkir.

"Pandemiya hər gün daha çox qızı müxtəlif risklərlə üz-üzə buraxır. Biz, dünyanın istənilən yerində qadınların və qızların öz hüquqlarından yararlana bilmələri və öz seçimlərini müstəqil şəkildə edə bilmələri üçün səylərimizi ikiqat artırmalıyıq", - deyə Alanna Armitaj bildirir.

12
Teqlər:
Mərkəzi Asiya, BMT Əhali Fondu, BMT
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti xanım Salome Zurabişvili mətbuata bəyanatlarla çıxış ediblər

Gürcüstan prezidenti Azərbaycanla sərhədlərin delimitasiyası məsələsini qaldırdı

0
(Yenilənib 20:25 24.09.2020)
Gürcüstan Prezidenti Salome Zurabişvili: "Sərhədlərin delimitasiyası prosesinin vaxtında başa çatdırılması qarşılıqlı strateji maraq kəsb edir".

BAKI, 24 sentyabr — Sputnik. "Sərhədlərin delimitasiyası prosesinin vaxtında başa çatdırılması qarşılıqlı strateji maraq kəsb edir".

Sputnik Azərbaycan Gürcüstan prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı deyib.

Bildirib ki, bu məsələnin əhəmiyyəti, Gürcüstan Prezidenti tərəfindən ötən il Bakıda Azərbaycan Prezidenti ilə görüşündə müzakirə edilib.

"Gürcüstan Prezidenti əmindir ki, bu prosesə heç kim və heç nə mane ola bilməz", - deyə Gürcüstan Prezidentinin mətbuat xidmətinin məlumatında vurğulanıb.

Məlumatda qeyd edilib ki, görüş zamanı xarici işlər naziri C.Bayramov Azərbaycanın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi güclü dəstəyi bir daha xatırladıb. Gürcüstan Prezidenti isə öz növbəsində, ölkəsinin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Gürcüstan prezidenti ölkəsinin münaqişə tərəflərinin istəyi ilə bölgədə sülh və sabitliyi təşviq etmək üçün bir platforma olmağa hazır olduğunu qeyd edib.

Görüş zamanı Gürcüstan Prezidenti S.Zurabişvili Azərbaycan Prezidentini və vitse-prezidentini Gürcüstana səfərə dəvət edib.

0
Teqlər:
Azərbaycan xarici işlər nazirliyi, Ceyhun Bayramov, Salome Zurabişvili
İskəndər M raket kompleksi

Moskva ABŞ-ı böyük səhvdən çəkindirir

1
(Yenilənib 20:09 24.09.2020)
Vaşinqton dialoqa razılaşsa, perspektivdə Çin, Fransa, Böyük Britaniya, Hindistan və Pakistan — yəni nüvə silahına malik dövlətlər də müzakirəyə qoşula bilər.

BAKI, 24 sentyabr — Sputnik, Qaliyə İbrahimova, Sofiya Melniçuk. Rusiya Strateji Hücum Silahları Haqqında Müqavilənin (SHS-3) qorunub saxlanmasının tərəfdarıdır və ABŞ-ı onu uzatmağa çağırır. Danışıqlar yaydan bəri uzanır. Vaşinqton sənədin yenidən nəzərdən keçirilməsini tələb edir, Moskva isə nəyisə dəyişməkdən imtina edir. Problemin mahiyyəti nədədir? Ətraflı RİA Novosti-nin materialında.

"Reaksiya eşitmirik"

"Operativ şəkildə həll oluna bilən və həll edilməli olan prioritet məsələ, əlbəttə ki, 2021-ci ilin fevralında başa çatacaq Rusiya ilə ABŞ arasında Strateji Hücum Silahları Haqqında Müqavilənin uzadılmasıdır. Biz amerikalı tərəfdaşlarımızla belə danışıqlar aparırıq", – Vladimir Putin BMT Baş Assambleyasının 75-ci sessiyasının açılışında bildirib.

Rusiya prezidenti ölkələri yeni raket sistemlərinin yerləşdirilməsində də təmkinli olmağa çağırıb. Ötən il Birləşmiş Ştatlar Kiçikmənzilli və Ortamənzilli Raketlərin Ləğvi Barədə Müqavilədən çıxıb. Bundan sonra Moskva raketlərin Avropada yerləşdirilməsinə moratorium elan edib.

Putin vurğulayıb: "Təəssüf ki, biz hələ ki nə amerikalı tərəfdaşlarımızdan, nə də onların müttəfiqlərindən təklifimizə reaksiya eşitmirik".

SHS-3-ü uzatmağı BMT Baş katibi Antoniu Quterreş dəfələrlə tövsiyə edib. Amma o, ABŞ-ın Çini də müqaviləyə qatmaq tələbinə mənfi reaksiya verib. Amerikalıları "böyük səhv" etməkdən Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzya da çəkindirib.

Strateji təhlükəsizliyin sütunları

SHS-3 nüvə texnologiyalarına nəzarət sahəsində əsas sənəddir. 2010-cu ildə onu imzalamaqla Moskva və Vaşinqton strateji arsenalları ixtisar etməyi öhdələrinə götürüblər. Bu proses hələ 70-ci illərin əvvəllərində soyuq müharibə tərəflərinin Strateji Silahların Məhdudlaşdırılması (SSM-1) haqqında ilk müqaviləni bağlaması ilə başlayıb. O vaxtdan bəri bu sahədə yeddi ikitərəfli saziş qəbul olunub.

ABŞ onları heç vaxt şübhə altına almayıb. Lakin Donald Trampın prezidentliyi hər şeyi dəyişib. Ağ Ev rəhbəri razılaşmaları müasir reallıqlara uyğunlaşdırmağa çalışır və yeni silahlanma yarışının başlaması perspektivi onu qorxutmur.

ABŞ 2019-cu ilin avqustunda Kiçikmənzilli və Ortamənzilli Raketlərin Ləğvi Barədə Müqavilədən çıxmaq barədə qərarını Rusiyaya olan iddiaları ilə izah edib. İddia olunurdu ki, Moskva sənədlə qadağan olunmuş SSC-8 (Rusiya təsnifatında 9M729) raketlərini sınaqdan keçirib. Amerikalılar aydın sübutlar təqdim etməyiblər.

Amma qeyri-formal söhbətlərdə onlar etiraf ediblər ki, problem Moskvanın hərəkətlərində deyil. Pentaqon Çini kiçikmənzilli və ortamənzilli raketləri yaratmaqda şübhəli bilib və Çin hökumətinin strateji silahlarla bağlı danışıqlara qoşulmasını tələb edib. Pekin isə bu arzulara məhəl qoymayıb.

2020-ci ilin mayında ABŞ Açıq Səma Müqaviləsindən (ASM) çıxıb və yenə Moskvanı günahlandırıb – guya ruslar təftiş uçuşlarına mane olur. Rusiya Müdafiə Nazirliyi bunu təkzib edib. Qurumda hesab edirlər ki, amerikalılar kosmosa daha fəal şəkildə yiyələnmək niyyətindədirlər. ASM isə onların əl-qolunu bağlayırdı.

Nüvə pariteti

"ABŞ və NATO Çinin nüvə proqramının sürətlə inkişaf etməsindən narahatdırlar. Görünür, çinlilər bu məsələdə Vaşinqton və Moskva ilə paritet əldə etmək niyyətindədirlər", – ABŞ-ın silahlara nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Billinqsli yayda bildirirdi.

Vaşinqtonun narazılığına səbəb olan daha bir faktor odur ki, SHS-3 Rusiyanın taktiki nüvə potensialını artırmasını məhdudlaşdırmır. Billinqsli strateji silahların hazırkı yoxlanılması mexanizmini də tənqid edib.

Diskussiyalara hər halda start verilib, amma amerikalılar növbəti şərtləri irəli sürüblər.

"ABŞ Rusiyanın ən yeni silahlarını da müzakirəyə daxil etməyi tələb edir ki, bu da açıq qapını döymək (yəni aşkar olanı, heç kəsin qarşı çıxmadığını sübut etmək – red.) deməkdir", — Nebenzya bildirib.

"Yaxşı təklif"

Görüşlərin ikinci mərhələsi sentyabrda heç bir irəliləyiş olmadan başa çatıb. ABŞ-ın yeni tələbi var – əlavə çərçivə sazişlərini qəbul etmək.

Amerikalılar oraya yalnız strateji deyil, həm də taktiki nüvə arsenallarını da əlavə etməyi təklif edirlər. Yeganə güzəşt – Vaşinqton Çinin danışıqlar prosesinə qoşulmasını təxirə salmağa razılıq verib.

"Biz Rusiyaya yaxşı təklif verdik", — Billinqsli bildirib.

Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər ki, Moskva müqaviləni yalnız hazırkı formada uzadacaq. Onun qüvvədə olma müddəti bir neçə aydan sonra başa çatır və nəyisə dəyişməyə vaxt yoxdur. Qurumdan bildiriblər ki, razılaşmanı amerikalılar özləri uzadırlar.

"Əgər ABŞ maraq balansı əsasında yeni bir şey hazırlamağa hazırdırsa, saziş mümkün olacaq. Amma vaxt lazım olacaq", - Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"ABŞ preferensiyalar istəyir"

"Alternativlər azdır: ya SHS-3 dəyişilmədən uzadılır, ya da ondan tamamilə imtina edilir", - silahlara nəzarət problemləri üzrə mütəxəssis Yevgeni Myasnikov bildirir.

O, müqavilənin əsas dəyərini strateji silahların yoxlanılması sistemində görür: "Əvvəlki dövrlərdə bir-birinin fəaliyyətinə nəzarət etmək çətin idi. Tərəflər ən pis ssenaridən çıxış edirdilər ki, bu da gərginliyi artırırdı. Sistem dağılsa, keçmişin təkrarlanması riski artacaq".

PİR Mərkəzinin yeni texnologiyalar və beynəlxalq təhlükəsizlik proqramının direktoru Vadim Kozulin şübhə etmir: müqavilə uzadılacaq. O, ABŞ-ın tələblərini üstünlükləri artırmağa yönəlmiş oyun kimi qiymətləndirir.

"Tramp öz ampluasındadır: sazişin imzalanmasından əvvəl daha çox üstünlük əldə etmək istəyir. Lakin demək olar ki, vaxt qalmayıb və amerikalılar (sazişi - red.) uzatmağa razılaşacaqlar. Yeni şərtlər gələcək müzakirələrin mövzusudur. Üstəlik, Rusiyanın da taktiki nüvə arsenalı və Amerikanın Avropadakı silahlarına dair təklifləri var", – ekspert vurğulayır.

O qeyd edir ki, SHS-3-ə pilotsuz sistemlər daxil deyil, baxmayaraq ki, onlar da nüvə silahı daşıyıcıları hesab edilə bilər.

"Pilotsuz uçan aparatlar Rusiyada çox sayda suallar yaradır. Əslində onlar da elə qanadlı raketlərdir — çoxdəfəlik istifadə nəticəsində onlar ciddi təhlükə törədir. Lakin SHS-3 üzrə görüşlər çərçivəsində Moskva bu mövzuya hələ ki toxunmur", - Kozulin qeyd edir.

Onun sözlərinə görə, nəzarət sisteminin saxlanması indi əsasən ABŞ-dan asılıdır. Əgər Vaşinqton dialoqa razılaşsa, perspektivdə Çin, Fransa, Böyük Britaniya, Hindistan və Pakistan — yəni nüvə silahına malik dövlətlər də müzakirəyə qoşula bilər.

1
Əlaqədar
Medvedev: "Məgər nüvə silahlarının uçuş hədəflərini kimsə dəyişib?"
Çənədəki maska, Beyrut, nüvə silahı və millətin imicini "yuyan" dovşan qanı
Politoloq: “İran nüvə anlaşması ilə bağlı taktiki gedişlər etməyə çalışır”
Trampın elçisi: "Nüvə silahlarını Avropadan çıxarmayacağıq!"
ABŞ Rusiyaya bütün nüvə gücünü göstərəcək