Kuba Raket Böhranı 2.0 – ABŞ nüvə arsenalını Almaniyadan Polşaya köçürə bilər

Abunə olmaq
Səfirin təklifi Amerikanın nüvə silahlarının Sovet İttifaqı sərhədləri yaxınlığında yerləşdirməsi ilə başlamış Kuba Raket Böhranını xatırladır

BAKI, 18 may — Sputnik. ABŞ-ın Polşadakı səfiri Corcet Mosbaxer bildirib ki, Almaniya Amerikanın nüvə arsenalını öz ərazisində yerləşdirməkdən imtina etsə, Varşava buna razı ola bilər.

Sputnik Azərbaycan xəbər verir ki, Mosbaxer bu barədə "Twitter" səhifəsində yazıb. 

"Əgər Almaniya öz nüvə potensialını azaltmaq və NATO-nu zəiflətmək istəyirsə, bəlkə də öz (maliyyə - red.) öhdəliklərini vicdanla yerinə yetirən və NATO-nun şərq cinahının üzləşdiyi riskləri dərk edən Polşa bu potensialı öz ərazisində yerləşdirə bilər", - o qeyd edib.

​Polşa rəsmiləri hələ ki, Mosbaxerin bu təklifinə heç bir reaksiya verməyiblər.

ABŞ-ın nüvə silahlarının Almaniyada yerləşdirilməsi məsələsi Kansler Angela Merkelin koalisiya tərəfdaşı olan Sosial Demokrat Partiyası (SPD) tərəfindən qaldırılıb. Amerikadan "F-18" qırıcılarının alınması ilə bağlı müzakirələr zamanı SPD-nin parlament lideri Rolf Mützenix Amerikanın nüvə silahlarını ölkədən çıxarmağa çağırıb. "F-18" təyyarələri müharibə vəziyyətində nüvə zərbələri endirmək üçün vacibdir. Almaniyanın köhnəlmiş "Tornado" təyyarələri isə tezliklə bu rolu yerinə yetirə bilməyəcək.

Mosbaxerin təklifi Vaşinqtonun Almaniyadakı səfiri Riçard Qrenellin bəyanatına cavab olaraq səsləndirilib. O, Berlini Amerikanın nüvə silahlarını saxlamağa çağırıb. Qrenell ABŞ-ın nüvə arsenalı məsələsində Almaniyaya təzyiq göstərən yeganə rəsmi deyil. NATO-nun Baş katibi Yens Stoltenberq də Berlini bu silahları saxlamağa çağırıb.

Amerikanın nüvə başlıqlarını oxşar silahı olan digər ölkənin sərhədləri yaxınlığında yerləşdirməsi Vaşinqtonun Türkiyədə, yəni SSRİ-nin sərhədləri yaxınlığında nüvə raketlərini yerləşdirilməsi ilə başlamış 1962-ci il Kuba Raket Böhranını xatırladır. Buna cavab olaraq Sovet İttifaqı Kubada öz raketlərini yerləşdirmişdi. İki ölkənin öz nüvə silahlarını bir-birinin sərhədlərinə yaxın məsafəyə çəkməsi onların arasında gərginliyə gətirib çıxarıb ki, bu da tam miqyaslı nüvə münaqişəsi riskini yaradıb.

1962-ci ildə ABŞ və SSRİ liderləri Con F. Kennedi və Nikita Xruşşov bu münaqişənin həllini tapa biliblər və nəticədə qonşu ərazilərdən nüvə silahları qarşılıqlı surətdə çıxarılıb.

Xəbər lenti
0