Maska taxmış şəxs

Koronavirusun gələcəyi məlum oldu, amma biz onu görməyə bilərik

89
(Yenilənib 23:37 28.02.2020)
Alimlərin fikrincə, virusu tamamilə məğlub etmək mümkün olmayacaq, qrip kimi o da mövsümi olaraq ortaya çıxacaq

BAKI, 29 fevral — Sputnik. Rusiyalı virusoloqlar ölümcül pnevmoniyaya səbəb olan "SARS-CoV-2" koronavirusunun gələcəyi haqqında danışıblar. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, alimlərin fikrincə, virusu tamamilə məğlub etmək mümkün olmayacaq, qrip kimi o da mövsümi olaraq ortaya çıxacaq.

Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü, biologiya elmlər doktoru Sergey Netesov hesab edir ki, ştamm bu xəstəliyi asimptomatik və uzun müddət keçirən insanların orqanizmində möhkəmlənərək ətrafa yayıla bilər. "(Koronavirusun səbəb olduğu – red.) "COVID-19" xəstəliyi hər il əhalinin ən həssas hissəsini – yaşlı insanları, xroniki xəstələri və immuniteti zəif olanları epidemiya dalğaları ilə vuracaq", – o, əlavə edib.

Netesovun proqnozu ilə Seçenov Universitetinin E.İ.Martsinovski adına Tibbi Parazitologiya, Tropik və Keçici Xəstəliklər İnstitutunun direktoru Aleksandr Lukaşev da razılaşıb. Onun sözlərinə görə, kəskin respirator virus i̇nfeksiyalari (KRVİ) kimi tanınan və təhlükəli olmayan respirator koronaviruslar məhz bu yolla yaranıb. Eyni zamanda, mütəxəssis bildirib ki, vəziyyətin inkişafını proqnozlaşdırmaq çətindir, çünki baş verənlərin presedenti yoxdur.

Moskva Fizika və Texnologiya İnstitutunun bioloji və tibbi fizika fakültəsinin dekanı Aleksandr Melerzanov isə öz növbəsində bildirib ki, gələcəkdə "COVID-19" xəstəliyi dalğalarla yayılacaq.

"Bir qayda olaraq, koronavirus hallarının artması payız-qış dövründə baş verir. Bu ştamm haqqında danışırıqsa, burada söhbət patogen üzərində tam qələbədən deyil, ona qrip virusunun müxtəlif ştammlarında olduğu kimi nəzarətdən gedir", - alim qeyd edib.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Yeni növ koronavirusun yaratdığı xəstəlik hazırda "COVID-19" ("CO" – korona, "VI" – virus, "D" – xəstəlik (ingiliscə – disease), "19" – yaranma ili) adlanır.

89
Əlaqədar
Ağdaşda huşunu itirən iranlı barədə rəsmi açıqlama verildi
Koronavirusa yoluxmuş uşağa görə məktəbi iki həftəlik bağladılar
Koronavirus Azərbaycana da çatdı – Sərhəddə xəstə aşkar edildi
Baş infeksionist: "Bu hallar aşkar edildikdə uşaqları məktəbə qoymayın"
Səudiyyə Ərəbistanı zəvvarların ölkəyə girişini qadağan etdi
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

Azərbaycan Türkiyə spikerləri: "Bu iki qardaş xalq həmişə bir-birinin yanında olacaq"

20
(Yenilənib 23:27 29.10.2020)
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

BAKI, 29 oktyabr — Sputnik. Oktyabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin Sədri türkiyəli həmkarına 29 oktyabr - Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, qardaş türk xalqına tərəqqi və firavanlıq arzulayıb.

Milli Məclisin Sədri qardaş Türkiyə Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib, iki qardaş xalqın həmişə bir-birinin yanında olacağına əminliyini ifadə edib.

Sahibə Qafarova Ermənistanın son dövrlər döyüş meydanında məruz qaldığı uğursuzluqlarla barışmayaraq mülki əhalini hədəfə aldığını və bunun insanlıq əleyhinə yönələn müharibə cinayəti olduğunu ifadə edib.

Sahibə Qafarova telefon söhbətinin sonunda bildirib ki, bütün Azərbaycan xalqı öz dövlətinin və Prezidentinin yanındadır. "Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş güclü idarəçilik sistemi, iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin tamamilə həllini təmin edəcək".

Təbriklər və xoş sözlər üçün təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

20
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

29
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

29
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

0
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

0