CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtaliya şəhərləri bağlayır, Şimali Koreya isə əcnəbiləri karantinə salır

© REUTERS / Guglielmo MangiapaneСитуация в связи с эпидемиологической обстановкой в Италии
Ситуация в связи с эпидемиологической обстановкой в Италии - Sputnik Azərbaycan
Abunə olmaq
İtaliyada yeni tip koronavirusa (COVID-19) yoluxmuşların sayı 152-yə çatıb. Son 48 saat ərzində ölkədə 3 nəfər bu xəstəlikdən ölüb.

BAKI, 24 fevral — Sputnik. İtaliya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün ölkə ərazisində bir çox şəhərə giriş-çıxışı bağlayıb. Sputnik Azərbaycan "Sky News" telekanalına istinadən xəbər verir ki, ölkədə "COVID-19" koronavirusuna yoluxmuş şəxslərin sayı 152-yə çatıb və 48 saat ərzində 3 nəfər bu xəstəlikdən ölüb.

Xəstəlik və ölüm hallarının əksəriyyəti hələ də Çində qeydə alınsa da, digər ölkələr ehtiyat tədbirlərini gücləndirməyə davam edirlər. Məsələn, Şimali Koreyada təxminən 380 əcnəbi karantinə yerləşdirilib. Mənbələrdən biri bazar ertəsi məlumat verib ki, diplomatik korpusların əməkdaşlarına öz iqamətgahlarını tərk etməyə və ya ölkədən çıxmağa icazə verilmir.

İtaliyanın şimali Lombardiya və Veneto əyalətlərində isə məktəb və universitetləri ən azı bir həftəlik bağlamaq göstərişi verilib. Bu əyalətlərdə həmçinin muzeylər və kinoteatrlar bağlanıb, eləcə də məşhur Venesiya Karnavalı bitməsinə iki gün qalmış dayandırılıb.

Bazar günü axşam saatlarında Avstriya İtaliyadan gələn qatarı öz ərazisinə buraxmaqdan imtina edib. Belə ki, İtaliya Dövlət Dəmir Yolları Avstriyanın "OBB" dəmir yolu operatoruna qatarda qızdırma əlamətləri olan 2 nəfər barədə məlumat verib.

"Bu axşam Venesiyadan Münhenə gedən qatar Avstriya sərhədində dayandırılıb", – Avstriyanın Daxili İşlər Nazirliyi bildirib.

Dəmir yolu operatoru "Sky News" telekanalına İtaliyadan gələn bütün qatarların hərəkətinin dayandırıldığına dair xəbəri təsdiqləyib, lakin qadağanın bir neçə saatdan sonra qaldırıldığını bildirib.

Ötən həftəsonu İtaliyadan koronavirusla bağlı narahatverici məlumatlar daxil olub. Belə ki, Veneto əyalətinin Padua şəhərində 78 yaşlı kişi bu xəstəliyin ilk italiyalı qurbanı olub.

Bir neçə saat sonra Lombardiyada ikinci xəstə – 77 yaşlı qadın bu xəstəlikdən dünyasını dəyişib. Bazar günü həmin əyalətdə koronavirus daha bir qadının ölümünə səbəb olub.

Ümumi əhalisi təxminən 50000 nəfər olan Lombardiya və Veneto əyalətlərində bir çox şəhər karantinə salınıb.

Bu ərazilərin sakinlərini evdən çıxmamağa çağırıblar. Müəyyən ərazilərə giriş-çıxış üçün isə xüsusi icazə tələb olunur.

İtaliyada həmçinin "Serie A" futbol liqasının dörd matçı virusun yayılması səbəbindən təxirə salınıb, eləcə də İtaliya və Şotlandiyanın qadınlardan ibarət milliləri arasında reqbi matçı ləğv edilib.

Xəbər lenti
0