Oğlan mərhum general Qasım Süleymaninin fotosunu göstərir, arxiv şəkli

Bölgəni qarışdıracaq iddia Süleymani Türkiyəni vurmaq istəyib

1060
Sənəddə 2011-ci ildə Süleymaninin Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə və 2019-cu ilin dekabrında ABŞ-ın Bağdaddakı səfirliyinə hücumun planını qurduğu da irəli sürülüb

BAKI, 15 yanvar — Sputnik. İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymaninin ölümü ilə bağlı olaraq ABŞ Senatına bir sənəd təqdim edilib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, sözügedən sənəd Süleymaninin ölümündən bir həftə sonra respublikaçı senator Ted Kruz tərəfindən Senata təqdim edilib.

Sənəd – "Əməliyyatı həyata keçirən ABŞ ordusunun və kəşfiyyat mənsublarının şərəfinə" sözləri ilə başlayır. Sənəddə Süleymaninin ABŞ rəsmiləri tərəfindən "terrorçu" olaraq xarakterizə edildiyi və iranlı generalın İraq və Əfqanıstandakı terror hücumlarına görə məsuliyyət daşıdığı qeyd edilib.

Həmçinin sənəddə 2011-ci ildə Süleymaninin Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinə və 2019-cu ilin dekabrında ABŞ-ın Bağdaddakı səfirliyinə hücumun planını qurduğu da irəli sürülüb.

Sənəddə diqqəti cəlb edən digər bir məqam isə Süleymaninin Yaxın Şərqdən kənarda da hücumlar planlaşdırdığı iddia edilib. İddiaya görə, Süleymani, Türkiyə, Almaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Keniya və Bəhreyn kimi ölkələrdə hücumlar planlayıb.

Sirlər açılır: Süleymani vurulandan sonra ABŞ və İran gizli danışıqlar aparıb

Sənəddə Süleymaninin planlaşdırdığı iddia edilən hücumlar haqqında əlavə məlumat verilməyib, ABŞ-ın "Qüds" Qüvvələri və əlaqədar təşkilatlarla mübarizəsini davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, 9 yanvarda ABŞ Senatına təqdim edilən sənəd hələ qəbul edilməyib.

1060