ABŞ Maliyyə Nazirliyinin binası

Trampın sanksiyaları ölkəmizə təsir etməyəcək - Amma bir yerə qədər

674
(Yenilənib 16:15 15.10.2019)
Türkiyəli professor: "Türkiyə iqtisadiyyatı ABŞ iqtisadiyyatından asılı deyil. Türkiyə ümumi xarici ticarətinin təxminən 21 milyard dollarını ABŞ ilə həyata keçirir. Bunun 8,5 milyard dolları ixracın, 12,5 milyard dolları isə idxalın payına düşür.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 oktyabr — Sputnik. ABŞ prezidenti Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, ABŞ Türkiyənin Suriyada həyata keçirdiyi "Barış bulağı" əməliyyatını hədəf alaraq 3 nazir və 2 nazirliyi sanksiya siyahısına aldığını açıqlayıb. 

Sanksiyalar Türkiyə iqtisadiyyatına zərər verəcəkmi? Əgər Türkiyə iqtisadiyyatı ziyan görsə, çıxış yolu necə olacaq?

Bütün bu məsələləri türkiyəli iqtisadçılar Sputnik Azərbaycan-a şərh ediblər.

Türkiyəli iqtisadçı professor Kərəm Karabulut Sputnik Azərbaycan-a deyib ki, sanksiyalar Türkiyə iqtisadiyyatına təsir edə bilməz: "Çünki Türkiyə iqtisadiyyatı ABŞ iqtisadiyyatından asılı deyil. Türkiyə ümumi xarici ticarətinin təxminən 21 milyard dollarını ABŞ ilə həyata keçirir. Bunun 8,5 milyard dolları ixracın, 12,5 milyard dolları isə idxalın payına düşür. Yəni, Türkiyə bu ölkəyə daha az satıb, daha çox mal və xidmət alır. Bu səbəbdən zərər görəcək ölkə Türkiyə deyil, ABŞ olar. Türkiyənin xarici ticarəti təxminən 400 milyard dollardır. Yəni, Türkiyə ümumi ticarətinin 5 faizini ABŞ ilə həyata keçirir".

Türkiyəli iqtisadçı professor Kerem Karabulut
Türkiyəli iqtisadçı professor Kerem Karabulut

Professor bildirib ki, bundan başqa, Türkiyə silah baxımından da ABŞ-dan asılı deyil: "Alternativ ölkələrdən silahlar ala bilir və ya istifadə etdiyi silahların böyük bir hissəsini özü istehsal edir. Bu səbəbdən Türkiyəyə heç bir ölkənin təzyiqi təsir etməz. Türkiyə əhali, ərazi və gəlirin çoxluğu baxımından dünyanın öndə gələn güclü ölkələrindən biridir. Türkiyənin əhalisi səkkiz Avropa Birliyi ölkəsinin ümumi əhalisinin sayından daha böyük, ərazisi isə beş Avropa Birliyi ölkəsinin ümumi məkanından daha böyükdür. Ölkə daxilində də birlik və bərabərlik halında olan Türkiyə iqtisadiyyatına xaricdən gələcək sanksiyalarla zərər verilməsi çox çətindir".

Onun sözlərinə görə, bundan başqa, ABŞ-ın sanksiya tətbiq etməsi özünü beynəlxalq arenada çətin vəziyyətə salır: "Həm terror qruplarına dəstək verən bir ölkə olaraq anılır, həm də NATO üzvü olan bir ölkəyə qarşı yanlış etmiş olur. Valyuta məzənnəsinə təsiri olsa, Türkiyə bunun güclü iqtisadiyyatı ilə alternativ bazar və ölkələrlə möhkəm əlaqələri nəticəsində rahat bir şəkildə qarşısını alar. Türkiyə elə bir ölkədir ki, kənardan heç bir kömək gəlmədən də on illərlə özünü yaşadacaq sərvətlərə malikdir. Türkiyə bir trilyon dollara yaxın ümumi daxili məhsulu ilə və adambaşına on min dollar gəliri ilə dünyanın aparıcı ölkələrindəndir. Bundan başqa, tarix boyu müstəqil dövlət olmuş, imperiyalar qurmuş və bir çox dövlətin hüquqlarını qoruyaraq bütün dünyaya xidmət etmiş bir cəmiyyətdir. Belə bir təcrübəyə və gücə malik bir dövlətin sanksiyalardan təsirlənməsi və ya çıxış yolu tapa bilməməsi müzakirə mövzusu belə, deyil".

ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsinin Azərbaycan iqtisadiyyatına təsiri ola bilərmi sualına professor belə cavab verib: "Türkiyəyə tətbiq edilən sanksiyaların Azərbaycan iqtisadiyyatına heç bir təsiri olmaz. Tam əksinə, Azərbaycan ilə Türkiyə arasındakı ticarəti və qardaşlıq əlaqələrini artırır. Bizim ölkələrimiz çox möhkəm tellərlə bir-birinə bağlıdırlar. Ümummilli lider Heydər Əliyev "Biz iki dövlət, bir millətik" deyərək, Türkiyənin qurucusu Mustafa Kamal Atatürk də "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" deyərək bu bağları göstərmişdirlər. Onsuz da Türkiyə ilə Azərbaycanın birgə hərəkət etməsi hər iki ölkənin beynəlxalq arenada ən mühüm təminatı və sığortasıdır. Türkiyə iqtisadiyyatı təsirlənmədikcə Azərbaycan iqtisadiyyatı da təsirlənməz. Azərbaycan da Türkiyə kimi həm yerləşdiyi region, həm də dünyada önəmli yerə malik və güclü rəhbərliyi olan ölkədir. Belə güclü iki ölkənin xarici sanksiyalardan əziyyət çəkməsi mümkün deyil".

Türkiyəli iqtisadçı Gizem Büyükduran isə Sputnik Azərbaycan-a deyib ki, sanksiyalar dolların hərəkətliliyindən daha çox Türkiyənin ehtiyacı olan xarici kredit məsələsində təsirlərini göstərəcək: "Sanksiyalar diqqətləri noyabrın 13-də ABŞ Prezidenti Donald Trampla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşünə çevirəcək. Bu görüşün müsbət təsirlərinə ümid edərək, mövcud vəziyyət bizə yaxşı senari və pis senari olaraq iki ehtimal təqdim edir. Müsbət senaridə anlaşma əldə edilə bilər və valyuta məzənnəsinin aşağı düşməsini görə bilərik. Olmamasına ümid etdiyimiz pis senari isə iqtisadiyyat istiqamətində ikinci "Brunson hadisəsi" yaşamaq ehtimalıdır".

Türkiyəli iqtisadçı Gizem Büyükduran
Türkiyəli iqtisadçı Gizem Büyükduran

"Türkiyənin xarici kredit ehtiyacı və balansında xarici valyuta saxlayan şirkətlərinin maliyyə cədvəlləri bizə ABŞ-dakı bankların Türkiyədəki qurumlara kredit verərkən bitərəf qalacağını göstərir. Keçən həftə dollara qarşı dəyər itirən türk lirəsi sanksiyalardan mənfi təsirlənəcək. Türkiyənin milli birlik şüurunun iqtisadiyyata əks olunması ilə sanksiyaların təsirinin minimuma endirilə biləcəyinə inanıram", - deyə iqtisadçı bildirib.

Qeyd edək ki, adları sanksiyalar siyahısına əlavə edilən türkiyəli nazirlər Müdafiə naziri Hulusi Akar, Enerji və Təbii Sərvətlər naziri Fatih Donmez və Daxili İşlər naziri Süleyman Soyludur. Bundan başqa, ABŞ Türkiyənin Milli Müdafiə Nazirliyinə və Enerji və Təbii Ehtiyatlar Nazirliyinə qarşı sanksiyalar tətbiq edib.

674