Şimal axını – 2 qaz kəmərinin tikintisi

Qazımız yoxdur! Avropa "Şimal axını 2" qaz kəmərini tələb edir

27
(Yenilənib 18:32 14.10.2019)
Qaz çatışmazlığının yaranmasına əsas səbəb onun Avropada istehlakının artması yox, yerli istehsalın azalması olub

BAKI, 14 oktyabr — Sputnik. Avropada qaz qıtlığı yaranıb. Belə ki, Almaniyanın ən böyük enerji şirkətlərindən biri olan "Uniper"in rəhbəri Andreas Şirenbek qitəni ildə 300 milyard kubmetr həcmində qaz defisitinin gözlədiyinə dair xəbərdarlıq edib.

Belə bir vəziyyətdə isə Avropa Rusiyadan qazı boru xətti ilə yanaşı, həm də mayeləşdirilmiş şəkildə almalı olacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, avropalıların fikrincə, məhz "Şimal axını – 2" qaz kəməri mümkün olduğu qədər tez işə salınmalıdır.

Neft buruğu, arxiv şəkli
© Sputnik / Vitaliy Timkiv

2018-ci ildə Avropa 390 milyard kubmetr qaz ixrac etməli olub. Bu həcmin yarısını Rusiya təmin edib. Belə ki, "Qazprom" Avropaya rekord həcmdə - 201,7 milyard kubmetr qaz ixrac edib. İldə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq "Şimal axını – 2" qaz kəmərinin işə salınması ilə qaz ixracı əhəmiyyətli dərəcədə artacaq.

Lakin "Şimal axını – 2" qaz kəməri çərçivəsində "Qazprom"un tərəfdaşı olan Almaniyanın "Uniper" enerji şirkətinin rəhbəri Andreas Şirenbek qeyd edib ki, hətta sözügedən qaz borusu Avropanın qaza artan tələbatını ödəməyəcək. Onun fikrincə, kontinent üzrə qaz defisiti ildə 300 milyard kubmetrə çata bilər.

Qaz çatışmazlığının yaranmasına əsas səbəb onun Avropada istehlakının artması yox, yerli istehsalın azalması olub. Avropa İttifaqı üzrə bütün qazın altıda bir hissəsini hasil edən Qroningendə (Niderland) qaz quyularının konservasiyası həyata keçirilir. Buradakı yatağın tam olaraq bağlanılması tarixi isə dəyişdirilərək, 2030-cu ildən 2022-ci ilə keçirilib.

Danimarka da qaz hasilatını azaltmaqdadır. Ölkənin "Tayra" qaz yatağı fəaliyyətini müvəqqəti olaraq dayandırıb və krallıq hazırda qazı boru xətti vasitəsilə Almaniyadan alır. Yeri gəlmişkən, qeyd edək ki, Danimarka öz ərazi sularında Rusiyaya boru xəttinin bir hissəsini tikmək icazəsini də verib.

"Həmçinin Norveçdə və Böyük Britaniyada qaz hasilatının və tədarükünün azaldığını qeyd etmək lazımdır. Tələb və təklif arasında əhəmiyyətli bir fərq yaranmaqdadır", - Şirenbek deyib.

Buna görə də "Uniper"in rəhbəri əmindir ki, Avropa tezliklə qazın həm boru xətti ilə, həm də mayeləşdirilmiş şəkildə tədarükü ehtiyacı ilə üzləşəcək.

Qeyd edək ki, Əlcəzair də qazın Avropaya ixracını artırmaq qabiliyyətində deyil, çünki ölkə daxilində istehlak artmaqdadır. 40 il ərzində ilk dəfə olaraq bu il istehlak göstəricisi 50 faizi ötüb. Ölkənin qaz ixracatı isə 20 faiz azalaraq 20,5 milyard kubmetrə düşüb.

Ola bilsin ki, yaxın gələcəkdə avropalılar qaz tədarükü məsələlərində daha praqmatik mövqe tutaraq Rusiyadan qaz idxalının artımının qarşısını almayacaqlar.

27