Kreml, arxiv şəkli

ABŞ Rusiya "casus" iddialarına reaksiya verdilər

19
(Yenilənib 23:20 10.09.2019)
Trampın "məxfi sənədlərlə diqqətsiz rəftar etməsi" səbəbindən casusun təxliyə olunması qərarı verilib

BAKI, 11 sentyabr — Sputnik. Amerika Rusiyadan öz "casusunu təxliyə" edib. Sputnik Azərbaycan xəbər verir ki, bunu "CNN" telekanalı yaydığı eksklüziv məlumatda bildirib.

Məlumata görə, ABŞ xüsusi xidmətləri 2017-ci ildə Rusiyadan Amerika tərəfinə məlumat çatdıran şəxsi təxliyə edib. Telekanal bildirib ki, sözügedən şəxs "Rusiya rəhbərliyində çalışan ən yüksək vəzifəli gizli xəbərçilərindən biri imiş".

Məlumatlı mənbənin dediyinə görə, ABŞ Prezidenti Donald Trampın "məxfi sənədlərlə diqqətsiz rəftar etməsi" səbəbindən "casus"un təxliyə olunması qərarı verilib. Məlumata görə, bu qərar Trampın Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Rusiyanın ABŞ-da keçmiş səfiri Sergey Kislyak ilə Ağ Evdə baş tutmuş görüşündən sonra verilib. Belə ki, görüş zamanı tərəflər İŞİD terror təşkilatı haqqında əldə edilmiş məxfi kəşfiyyat məlumatlarını müzakirə ediblər.

Qeyd edək ki, mətbuatda sözügedən "casus"un adının Oleq Smolenkov olduğu bildirilir.

Artıq ABŞ və Rusiya bu xəbərlə bağlı reaksiya veriblər.

Belə ki, Amerika lideri casus haqqında məlumatının olmadığını deyib. Lakin Tramp Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) dəstəklədiyini də bildirib. MKİ isə öz növbəsində belə bir hadisənin baş verdiyini inkar edib, lakin "casusun təxliyəsi" haqqında qərarın Trampa görə qəbul edilməsi iddialarını "spekulyasiya" adlandırıb.

Senator Frans Klitseviç isə "CNN" telekanalının yaydığı məlumatı saxta adlandırıb. Onun sözlərinə görə, telekanal "Trampı nüfuzdan salmaq üçün növbəti sifarişi həyata keçirib".

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Smolenkov prezident administrasiyasında çalışırmış, lakin bir neçə il əvvəl öz vəzifəsindən azad olunub. Peskov bildirib ki, sözügedən şəxsin vəzifə borclarına Rusiya lideri Vladimir Putin ilə birbaşa əlaqə saxlamaq daxil deyilmiş.

Kreml digər detalları açıqlamayıb.

"Təbii ki, prezident administrasiyasının bütün əməkdaşları haqqında məlumatı vermək sadəcə olaraq mümkün deyil", - Peskov deyib.

19