Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin, arxiv şəkli

Türkiyə-NATO küskünlüyünün əsl səbəbləri

185
(Yenilənib 21:55 09.09.2019)
Rusiyadan Türkiyəyə "S-400" sistemlərinin tədarükünün son zamanlar Ankara-NATO əlaqələrinə kəskin şəkildə təsir etdiyi bildirilir. Lakin, bu əslində iki tərəf arasında latent münaqişənin yaranmasının yeganə səbəbi deyil

BAKI, 9 sentyabr — Sputnik. Türkiyə ilə Rusiya arasında son zamanlar müşahidə olunan yaxınlaşma Ankaranın NATO ilə münasibətlərinin soyuqlaşmasına səbəb olub. Lakin Ankara ilə alyans arasında münasibətlərə mənfi təsir edən başqa faktorlar da var.

Sputnik Azərbaycan xəbər verir ki, RİA Novosti mövzuya dair şərhində müttəfiqlər arasında yaranmış münaqişənin əsas səbəblərindən yazıb.

"Niyə də Rusiya olmasın?"

Rusiyadan Türkiyəyə "S-400" sistemlərinin tədarükünün son zamanlar Ankara-NATO əlaqələrinə kəskin şəkildə təsir etdiyi bildirilir.

Bu kontekstdə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun bu həftə verdiyi açıqlama diqqətə layiqdir: "Biz Rusiya təyyarəsini vuranda, NATO bizə məsləhət gördü ki, Moskva ilə əlaqələri normallaşdıraq. İndi isə həmin tərəfdaşlar bizim (Moskva ilə - red.) yaxınlaşmamızı tənqid edirlər. Belə bir sual verdim: "Bəs bu ikili standartlar deyilmi? Lakin onlar (amerikalılar – red.) cavab olaraq gülməyə başladılar".

Çavuşoğlu həmçinin "S-400 Triumf" zenit-raket komplekslərinin ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə alındığını izah edib. Qeyd edək ki, bu sistemlərin alınması Vaşinqtonunu son dərəcədə qıcıqlandırıb.

"Bu Türkiyənin hava hücumu və raket hücumu əleyhinə müdafiə ehtiyaclarını əhatə edir. Alyansın üzvləri başa düşməlidirlər ki, bizim qeyri-sabit regionumuzda dövlətin müdafiəsi üçün lazım olan bütün tədbirlər görülməlidir", - Çavuşoğlu deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan isə Rusiyada baş tutmuş "MAKS-2019" aviakosmik sərgisində bildirib ki, amerikalılar öz qadağaları ilə əslində Türkiyə hökumətini digər silah tədarükçülərinə yaxınlaşmağa məcbur ediblər.

"Niyə də olmasın? Rusiyaya boş-boşuna gəlməmişik ki. Əgər ABŞ qırıcılar ilə bağlı qərarından imtina etməsə biz öz addımlarımızı atacağıq. Bazar böyükdür və biz özümüzü lazım olan şeylərlə təmin edə biləcəyik", - Türkiyə lideri deyib. Ərdoğanın sözlərinə görə, Amerikanın "F-35" qırıcı təyyarələrini Rusiya istehsalı olan "Su-35" və ya beşinci nəsil "Su-57" təyyarələri ilə əvəz etmək olar.

Düzdür, bir müddət sonra Türkiyə prezidenti bildirib ki, onun bu sözləri NATO ilə əməkdaşlıqdan imtina kimi dəyərləndirilməməlidir: "Türkiyə müttəfiqlərindən imtina etmək niyyətində deyil".

Vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün alyansın baş katibi Yens Stoltenberq isə Türkiyəni NATO-nun "vacib üzvü" adlandırıb: "Biz hamımız başa düşürük ki, bir-birimizdən asılıyıq".

Lakin, əslində Rusiyadan silah tədarükü iki tərəf arasında latent münaqişənin yaranmasının yeganə səbəbi deyil.

Suriya münaqişəsi

Suriya münaqişəsində ABŞ və NATO terrorçu qruplarla mübarizə aparmaq üçün kürdlərdən istifadə edirlər. Lakin Ankara üçün elə kürdlər özləri terrorçudurlar. Ankara kürdləri separatizm təhlükəsi ilə əlaqələndirir.

NATO isə öz növbəsində Ankaranın Suriya böhranının həlli üçün təşkil edilən "Astana formatı"nda iştirakından narazıdır. Qeyd edək ki, bu formata Rusiya və İran da daxildirlər, amerikalılar isə münaqişə başlayan gündən bu iki ölkənin Suriyadakı fəaliyyətini tənqid edirlər.

Bundan başqa, İdlib vilayətində münaqişənin həlli ilə bağlı da fikir ayrılıqları mövcuddur. Belə ki, bu ərazi 2017-ci ildə de-eskalasiya zonası elan edilib və Rusiya, Türkiyə və İran orada atəşkəsi təmin etməli idilər. Lakin bu üç ölkə buna müvəffəq ola bilməyiblər, belə ki, ABŞ terrorçuluqla mübarizə adı altında İdlibi bir neçə dəfə bombardman edib.

Bu tip fikir ayrılıqları tərəflər arasında ikitirəliyi artırıb.

Çevriliş cəhdi

NATO ilə Ankara arasında münasibətlərinin pisləşməsində 2016-cı il hadisələri də rol oynayıb. İflasa uğramış çevriliş cəhdindən sonra Türkiyədə kütləvi təmizləmələr başlayıb. Hərbçilər, məmurlar, jurnalistlər və müəllimlər çevriliş cəhdində iştirak etməkdə günahkar bilinərək işlərindən qovulub və həbsə məhkum ediliblər. Onlardan bəzilərinin isə Avropaya qaçması, Ərdoğanın ciddi tənqidlərinə səbəb olub.

Çevriliş cəhdindən sonra Türkiyə ordusunda davam edən təmizləmələr NATO-nun narazılığına səbəb olan digər bir amildir. Türkiyə ordusu çevriliş cəhdindən əvvəl sayca NATO-da ikinci ən böyük ordu hesab olunurdu, lakin kütləvi təmizləmələrdən sonra ölkə bu üstünlüyünü itirib.

Bəs ekspertlər nə deyir?

Ekspertlər belə bir qənaətə gəliblər ki, Ankara və alyans arasında fikir ayrılıqları onların müttəfiq qalmasına mane olmayacaq.

"Öz hərəkətləri ilə Ərdoğan ABŞ-a siqnal göndərir: "Ankara Moskvaya tərəf üz tutub". Donald Tramp isə bunu anlayır və Rusiyadan silah tədarükünə mane olmaq üçün sanksiyalardan istifadə etmək istəyir", - türkiyəli politoloq Serkan Demirtaş RİA Novosti-yə deyib.

Ankarada yerləşən Siyasi Tədqiqatlar Mərkəzinin eksperti Orxan Qafarlı isə hesab edir ki, Türkiyə və ABŞ İdlib məsələsi üzrə əməkdaşlığa nail ola bilsələr, "S-400" məsələsi ikinci plana çəkiləcək.

"Əks halda Türkiyə-NATO əlaqələrində gərginlik davam edə bilər".

185
Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov: Pandemiya yeni fürsət təqdim edir

12
(Yenilənib 16:53 27.11.2020)
İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır və QDİƏT yeni reallıqları qiymətləndirməli və onlardan faydalanmalıdır.

BAKI, 27 noyabr — Sputnik. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının 42-ci iclasında çıxış edib.

Sputnik Azərbaycan xəbər verir ki, nazir çıxışında bildirib:

"İlk növbədə, QDİƏT gündəliyində olan bir sıra vacib məsələlərin əlaqələndirilməsi və həlli üçün Rumıniya nümayəndə heyətinin səylərini yüksək qiymətləndirərək, Rumıniyanı səmərəli sədrliyinə görə təbrik etmək istərdim. Eyni zamanda, Şimali Makedoniya Respublikasını 13-cü üzvümüz qismində salamlamaqdan məmnunluq duyuram. Bu üzvlük müştərək maraq sahələrində əməkdaşlığın artırılması üçün imkanlar yaradaraq, Şimali Makedoniya Respublikası ilə QDİƏT üzv dövlətləri arasında əlaqələrin gücləndirilməsinə xidmət edəcək.

Təşkilatımız gələcəyə birgə baxış və qarşılıqlı əməkdaşlıq yolu ilə Qara dənizi sülh, sabitlik və firavanlıq bölgəsinə çevirmək məqsədilə yaradılmışdır. QDİƏT bir sıra sahələrdə, o cümlədən ticarət, enerji, nəqliyyat, turizm kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının genişləndirməsinə xidmət edən əhəmiyyətli bir platforma səviyyəsinə yüksəldi.

Bir çox vacib təşəbbüslərin elan edilməsi təqdirəlayiqdir, lakin xalqlarımızın mənafeyi naminə bu təşəbbüslərin praktiki nəticələrini təmin etmək üçün daha böyük əməkdaşlıq zəruridir. Müxtəlif işçi qrupları arasında qarşılıqlı əlaqənin asanlaşdırılması, sektoral və dövlət-özəl əməkdaşlığının gücləndirilməsi vasitəsilə QDİƏT, üzv dövlətlərə COVİD böhranının çoxsaylı təsirlərinin öhdəsindən gəlmək və daha yaxşı yenidənqurmanı həyata keçirməkdə köməklik göstərə bilər.

Öz tərəfindən, Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsi və asanlaşdırılması istiqamətində davamlı iş aparır. Ölkəm Xəzər dənizi - Qara dəniz əməkdaşlığının gücləndirilməsində konkret təşəbbüslər vasitəsilə fəal rol oynayır. Enerji, nəqliyyat, İKT, ticarət və KOBİ-lər əsas prioritetlərimiz sırasındadır və biz QDİƏT-in sektoral qurumları və əlaqəli təşkilatlarında əməkdaşlığımızın dərinləşdirməsinə ümidvarıq. Növbəti fəaliyyətdə olan sədr kimi Albaniyanın nəticəyönümlü səylər vasitəsilə əməkdaşlığı inkişaf etdirəcəyinə ümid edirik.

COVID-19 pandemiyası iqtisadi itkilərə gətirən zərərini davam etdirir. Eyni zamanda, pandemiya regional ticarəti inkişaf etdirmək, özəl sektoru təşviq etmək və davamlı artımı dəstəkləmək üçün fürsət təqdim edir. Ticarət, sərmayə və artıma yenidən diqqət yetirərək, biz QDİƏT bölgəsində sürətli və davamlı sosial-iqtisadi bərpaya töhfə verə bilərik.

İnkişaf etmiş infrastruktur və daha yaxşı biri-biri ilə birləşən nəqliyyat dəhlizləri vasitəsi ilə geniş Qara dəniz bölgəsində daha yaxşı əlaqələr naminə işimizi davam etdirməliyik. Bu kontekstdə tranzitin asanlaşdırılması, əməliyyatların rəqəmsallaşdırılması, nəqliyyat və ticarətdə tənzimləyici və prosedura maneələrinin aradan qaldırılması üçün səylərin iki dəfə artırılması vacibdir.

Azərbaycan Bakı-Tbilisi-Qars magistral dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və iri investorlar üçün münasib Ələt Azad İqtisadi Zonası ilə yanaşı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Lapis-Lazuli nəqliyyat dəhlizinin, habelə bütün regionun tranzit imkanlarının artırılmasına yönəlmiş Şimal-Cənub, Cənub-Qərb və Şimal-Qərb ticarət yolları inkişafına praktik töhfəsini davam etdirir.

Tikinti işlərinin başlamasından dörd il yarım sonra Trans-Adriatik boru kəmərinin kommersiya istismarı başlayıb. Bu irəliləyiş bizə Cənubi Qaz Dəhlizinin uğurlarını möhkəmləndirməyə imkan verir. Biz qaz təminatı coğrafiyasının genişləndirilməsi üçün Avropa İttifaqı ilə yaxından işləyirik. Bir neçə QDİƏT üzv dövlətini birləşdirən bu layihə enerji təhlükəsizliyinin genişləndirilməsi ilə yanaşı, Avropada sıfır emissiya enerji sisteminə keçiddə də mühüm rol oynayacaqdır.

Münaqişələr, uzun sürən xarici işğalçılıq və cavabdehliyin olmaması sülh və təhlükəsizliyi təhlükə altına qoyur. Bu həm də regional əməkdaşlığı əngəlləyir. Şuranın diqqətinə məmnunluqla çatdırmaq istərdim ki, bu ilin 9 noyabrında Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin imzaladığı bəyanat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni səhifə açdı. Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərdən öz silahlı qüvvələrini çıxarır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edir. Keçmiş münaqişə zonasına sülhməramlı qüvvələr yerləşdirilir və birgə atəşkəs monitorinq mərkəzi yaradılır.

Münaqişənin həllində yeni mərhələyə, yenidənqurma və reabilitasiya mərhələsi, dinc birgəyaşayışın bərpası mərhələsinə qədəm qoymuşuq. İnkişaf və əməkdaşlıq üçün yeni imkanlar meydana çıxır və QDİƏT yeni reallıqları qiymətləndirməli və onlardan faydalanmalıdır.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanatında əks olunduğu kimi, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılır. Bu o deməkdir ki, Asiya ilə Avropa arasında ticarətdə regionumuzun rolunun gücləndirilməsinə imkanlar yaradacaq həyati əhəmiyyətli müstəqil quru dəhlizi fəaliyyətə başlaya bilər.

Azərbaycanın bütün tərəfdaşlarına təklif edə biləcəyi və artıq təklif etdiyi çox şey var. QDİƏT üzv dövlətləri birləşdirən və müştərək firavan gələcək qurmağa imkan verən təşəbbüslərimiz regional əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün maraq və potensialımızın ən yaxşı nümunəsidir. Gələcək əməkdaşlıq üçün hazırıq.

Yalnız müştərək əzmkarlıq, xüsusilə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı olan beynəlxalq öhdəliklərə tam əməl etməklə biz dinc, firavan və sabit gələcəyə nail ola bilərik".

12
Teqlər:
münaqişə, əməkdaşlıq, iqtisadiyyat, Ceyhun Bayramov, iclas, QDİƏT
Qarabağda Rusiya sülhməramlıları , arxiv şəkli

Rusiya Qarabağla bağlı Türkiyə ilə təmaslarını davam etdirir

16
(Yenilənib 16:34 27.11.2020)
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova iki ölkə arasındaki müxtəlif istiqamətdə qarşılıqlı əlaqələrin həyata keçirildiyini bildirib

BAKI, 27 noyabr — Sputnik. Rusiya Federasiyası Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə bağlı Türkiyə ilə təmasdadır. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı xəbərə görə, bu barədə cümə günü keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

"Türkiyə ilə qarşılıqlı əlaqələrmizə gəlincə, bu, müxtəlif istiqamətlərdə gedir. Bura həm siyasi və diplomatik, həm də hərbçilərimiz arasındakı təmaslar aiddir. Əlbəttə ki, əsas gedişat bölgədəki vəziyyəti müntəzəm olaraq müzakirə edən dövlət başçıları tərəfindən müəyyənləşdirilir", - deyə Zaxarova bildirib.

Xatırldaqaq ki, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderləri Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə birgə bəyanat imzalayıblar. Həmin bəyanata görə, erməni işğalı altında olan rayonlar Azərbaycanın nəzarətinə keçir, tərəflər əsirlərin mübadiləsini aparır, təmas xətti və Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizi boyunca Rusiya sülhmərmalıları yerləşdirilir.

 

16
Teqlər:
diplomatiya, hərbçilər, sülhməramlılar, "Qarabağ, Azərbaycan, Türkiyə, Rusiya
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Avtomobil tıxacı, arxiv şəkli

Bakıda bir neçə istiqamətdə sıxlıq var: birinə qəza səbəb olub - FOTO

0
Mais Ağayevin sözlərinə görə, küçə və prospektlərdə sıxlıq səbəbindən bütün istiqamətlərdə avtobuslar gecikmə ilə hərəkət edir

BAKI, 27 noyabr — Sputnik. Paytaxtın bir neçə küçə və prospektlərində sıxlıq müşahidə olunur.  Sputnik Azərbaycan bildirir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin verdiyi məlumata görə, sıxlıq səbəbindən bütün istiqamətlərdə avtobuslar gecikmə ilə hərəkət edir.

Sıxlıq müşahidə olunan ərazilər:

Ziya Bünyadov prospekti – Çermet körpüsündən 20 yanvar dairəsi istiqamətində və Ayna Sultanova parkından Koroğlu metrosu istiqamətində;
Tbilisi prospekti – şəhər istiqamətində və 20 yanvar dairəsi istiqamətində;
Koroğlu Rəhimov küçəsi -Heydər Əliyev prospekti istiqamətində;
Yusif Səfərov küçəsi –Heydər Əliyev prospekti istiqamətində;
Üzeyir Hacıbəyov küçəsi – Cavanşir körpüsünün üstü;
Abbasqulu ağa Bakıxanov küçəsi – Türkiyə səfirliyi istiqamətində nisbətən sıxlıq;
Şah İsmayıl Xətai prospekti –Təhsil Nazirliyinin yanı Heydər Əliyev prospekti istiqamətində sıxlıq;
Mikayıl Əliyev küçəsi –Heydər Əliyev prospekti istiqamətində;
Mikayıl Useynov prospekti –Azneft dairəsi istiqamətində;
Neftçilər prospekti –Azneft dairəsi istiqamətində sıxlıq;
Mustafa Kamal Atatürk prospekti –Ziya Bünyadov prospekti istiqamətində;
Heydər Əliyev prospekti –şəhər istiqamətində kənar yol.

Həmçinin, Z.Bünyadov prospektində (Poladəritmə zavodunun qarşısında) tunelə girişdə yol-nəqliyyat hadisəsi səbəbindən yolda sıxlıq müşahidə olunub.

3-cü Mikrorayon dairəsində hərəkətdə çətinlik yaranıb, dairə ətrafında tıxac var.

0
Teqlər:
sıxlıq, qəza, tıxac, Bakı