BAKI, 6 sentyabr — Sputnik. Braziliyanın İqtisadiyyat naziri Paulu Gedes Fransa Prezidenti Emmanuel Makronun xanımı Briciti təhqir edib.
Bu barədə Sputnik xəbər verir.
"Prezident (Braziliya Prezidenti Jair Bolsonaru - red.) yalan deməmişdi, o, doğrudan da, eybəcərdir", nazir Fortaleza şəhərində keçirilən iqtisadi forumda çıxış edərkən deyib.
O, həmçinin əlavə edib ki, eybəcər qadınlar olmur, yalnız uğursuz rakurslar olur.
Bir qədər sonra isə nazir işlətdiyi ifadələrə görə üzr istəyib, bunu "zarafat" adlandırıb və "şəxsiyyətlərə keçmək istəmədiyini" bildirib.
Bu Braziliya siyasətçilərinin Fransa liderinin xanımına qarşı ədəbsizlik etdiyi ilk hal deyil. Avqustun sonunda Braziliya Prezidentinin Facebook-dakı izləyicilərindən biri onun rəsmi səhifəsində fotokollaj yerləşdirmişdi. Kollajda Jair Bolsonaru 37 yaşlı xanımı Mişel və Emmanuel Makron 66 yaşlı xanımı Bricitlə yanaşı təsvir olunublar. Şəklin altından isə istifadəçi Makronun məhz Mişelə görə Bolsonarunun ardınca düşməsini yazıb. Jair Bolsonaru bu şəklin altında "kişini aşağılamayın" məzmunlu kinayəli şərhlə cavab verib. Bundan sonra Makron bəyan edib ki, bu hərəkəkətinə görə Bolsonaru utanmalıdır, Braziliya isə "özünü normal aparmağı bacaran prezidentə" layiqdir.
BAKI, 25 fevral — Sputnik. İsrail mediası bu ölkə hökumətinin öz səfirliklərini Qüdsə köçürməyin əvəzində bəzi dövlətlərə COVID-19 peyvəndi verməyi planlaşdırdığından yazıb.
Anadolu Agentliyinin verdiyi xəbərə görə, İsrail İctimai Yayım Korporasiyasının məlumatına əsasən, Honduras yaxın vaxtlarda İsrailin ehtiyatlarından 5 min doza koronavirus peyvəndi alacaq. Adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, yaxın günlərdə peyvənd preparatlarını daşımaq üçün Hondurasdan İsrailə bir təyyarə göndəriləcək. Bundan başqa, Qvatemala və Çexiyanın da eyni şərtlərlə İsraildən peyvənd alacağı vurğulanır.
Mənbə Hondurasın ABŞ-dan sonra İsraildə səfirliyini açan ikinci ölkə olduğunu xatırladaraq Qvatemala və Çexiyanın da eyni addımı atacaqları ilə bağlı söz verdiklərini bildirib.
Digər tərəfdən, İsrailin müdafiə naziri Beni Hans Baş nazir Benyamin Netanyahunun belə bir addım atmasının qeyri-qanuni olduğunu bildirib. "Reallıq ondan ibarətdir ki, Netanyahu İsrail vətəndaşlarının ödədiyi vergilərlə alınan peyvəndlərin qeyri-qanuni ticarəti ilə məşğuldur və açıq-aydın bir dövləti deyil, krallığı idarə etdiyini düşünür", - deyə Hans "Twitter" hesabında paylaşım edib.
Belə bir addımın hökumət tərəfindən müzakirə edilərək təsdiqlənməsinə ehtiyac olduğunu bildirən Hans "Yalnız təhlükəsizlik, siyasət və ya sağlamlıq baxımından məcburi vəziyyət yaranarsa, bu cür addım atmaq olar", - deyə vurğulayıb.
Netanyahunun mətbuat mərkəzindən verilən yazılı açıqlamada isə keçən aydan bəri istifadə olunmayan məhdud miqdarda peyvənd preparatının toplandığı, bu səbəbdən də müraciət edən bəzi ölkələrə simvolik miqdarda peyvənd verilə biləcəyi qeyd olunub.
BAKI, 24 fevral — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 170945-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 273 nəfər artıb.
Ermənistanda son gündə daha 4 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3175-ə çatıb. Xəstəlikdən sağalanların sayı 162517 nəfər olub. Hazırda bu ölkədə 4445 nəfər xəstəxanada müalicə alır.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 111,7 milyonu keçib, 2,47 milyondan çox insan isə virus səbəbi ilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.