Kasperski Laboratoriyasının ofisində, arxiv şəkli

"Kasperski" həyəcan siqnalı verdi: Qorxulu casus virusu var

2783
(Yenilənib 19:56 04.07.2019)
Ziyanverici proqramı yalnız "Android" əməliyyat sistemi ilə işləyən smartfonlara yükləmək mümkündür

BAKI, 4 iyul — Sputnik. "Kasperski Laboratoriyası" bir qədər əvvəl medianın Çin xüsusi xidmətləri ilə əlaqələndirdiyi ziyanverici proqramın bir neçə nümunəsini araşdırıb və virusun aktiv olduğunu təsdiqləyib.

Whatsapp
© REUTERS / Dado Ruvic / Illustration

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, casus proqramının kimin tərəfindən yaradıldığı bilinmir.

Bir qədər əvvəl "The Guаrdian" nəşri Çin gömrükçülərinin gizli olaraq turistlərin smartfonlarına casus proqramı yükləmələri barədə yazıb. Məlumata əsasən, Sintszyan-Uyğur Muxtar Rayonunun ərazisi ilə Qırğızıstandan Çinə keçən turistlər bu vəziyyətlə üzləşiblər.

Qəzetin məlumatına görə, sərhəd keçid məntəqəsində sərnişinlərdən telefonlarının kilidini açmaq xahiş olunur, sonra telefonlar müəyyən müddətə onlardan alınır və gizlicə mobil cihazlara casus proqramı yüklənilir. Ziyanverici proqramın telefondan yazışmaları və şəxsi məlumatı oğurladığı məlum olub.

Qeyd olunur ki, virus ekstremist məzmunlu faylları axtarmaq məqsədilə telefonda yoxlama aparır və hesabatı hökumət orqanlarına göndərir. Mobil cihazdan, həmçinin onun istifadəçisinin maraqları, oxuduğu kitablar və hətta sevdiyi musiqi haqqında məlumat da sızdırılır.

Ziyanverici proqramı yalnız "Android" əməliyyat sistemi ilə işləyən smartfonlara yükləmək mümkündür. Əgər turist "iPhone" istifadəçisidirsə gömrükçülər telefonu xüsusi qurğuya qoşub onda axtarış həyata keçirirlər. Sonra isə cihaz sahibinə qaytarılır.

Qeyd olunur ki, gömrükçülər telefonları sahiblərinə qaytarmazdan əvvəl ziyanverici proqramı cihazlardan silirlər. Lakin bəzi turistlər sərhədi keçəndən sonra proqramı telefonlarında aşkar ediblər.

"Kasperski Laboratoriyası" bu ziyanverici proqramın aktiv olduğunu müəyyən edib, lakin onun müəllifinin kim olduğunu tapmaq mümkün deyil.

Şirkət bildirib ki, ziyanverici proqram SIM kartda olan məlumatları, o cümlədən telefon nömrəsini, operatorun adını, IP adresi, telefon kitabçasında olan nömrələri, SMS və digər məlumatları əldə edə bilir.

2783