Gürcüstanda tibbi yardım maşını, arxiv şəkli

Dəhşətli statistika: Gürcüstanda hər gün intihar baş verir

38
(Yenilənib 19:51 12.06.2019)
İntihar hallarının səbəbləri sırasında ağır sosial-iqtisadi vəziyyət əsas yer tutur

BAKI, 12 iyun — Sputnik. 2011-2018-ci illər arası Gürcüstanda 2905 nəfər intihar edib.

Sputnik Gürcüstan xəbər verir ki, bu haqda "Hüquq Müdafiəçiləri Birliyi"nin sədri Nikoloz Mjavanadze deyib.

"Hüquq Müdafiəçiləri Birliyi" Daxili İşlər Nazirliyindən son 8 il üçün olan intihar statistikasını istəyib.

Statistikaya əsasən intiharların ən çoxu 2016-cı ildə qeydə alınıb – 469 fakt.

"Statistika dəhşətə gətirir. Elə bir gün olmur ki, biz teleekranlardan yeni intihar faktı haqqında öyrənməyək... Statistikaya əsaslanaraq hesablasaq görərik ki, hər gün intihar baş verir. Çünki rəqəmlər ildə 365 intihar faktını ötüb keçir" - Mjavanadze deyib.

Ən çox özünə sui-qəsd halları Tbilisi şəhərində, habelə Sameqrelo və Acarıstanda qeydə alınıb. İntihar edənlər 23-50 yaş arasındadırlar.

"16-20 yaşlı gənclər arasında da intihar sayları artıb" – deyə Mjavanadze bildirib.

Gürcüstanda intihar hallarının səbəbləri sırasında ağır sosial-iqtisadi vəziyyət əsas yer tutur.

İş yerlərini itirən, kredit borcları olan, psixi problemlərdən və emosional yorğunluqdan əziyyət çəkən, habelə qumar aludəçisi olan şəxslər çox vaxt depressiyaya məruz qalır və çıxışı yalnız özünə sui-qəsddə görürlər.

38