Rusiya bayrağı, arxiv şəkli

Rusiyanın bayrağını tapdayan şəxs Ermənistanda qubernator oldu

1524
(Yenilənib 15:58 15.05.2019)
Edmon Marukyan: “Ermənistan hakimiyyətinin Rusiya ilə parlaq əlaqələr qurmağa çalışdığı bir vaxtda RF-nin bayrağını tapdalayan adamı necə qubernator təyin ediblər?”

BAKI, 15 may — Sputnik. "İşıqlı Ermənistan" partiyasının parlament fraksiyasının rəhbəri Edmon Marukyan iqtidarı bir neçə il əvvəl ictimaiyyətin gözü qarşısında Rusiyanın bayrağını tapdalamış David Gevorqyanın Araqatsotnsk vilayətinə qubernator təyin olunmasına izahat verməyə çağırıb. 

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, dörd il əvvəl Rusiya səfirliyinin qarşısında keçirilən etiraz aksiyasında Araqatsotnsk vilayətinin hazırkı qubernatoru David Gevorqyan yerə atılmış Rusiya bayrağını tapdalayıb.

"Bu günlərdə KİV-də belə bir məlumat yayılıb ki, Araqatsotnsk vilayətinin qubernatoru Rusiyanın bayrağının yandırılmasına cəhd göstərilən aksiyada iştirak edib. Polis bayrağı yandırmağa imkan verməyəndə, hazırkı qubernator Rusiya Federasiyasının bayrağını tapdalayıb. Düşünürəm ki, hansısa ölkənin əleyhinə çıxış edən, ona qarşı mövqeyini həmin ölkənin bayrağını yandırmaq və tapdalamaqla bildirən vətəndaşlar ola bilər. Amma mən heç cür başa düşə bilmirəm ki, belə adam necə Ermənistanda yüksək vəzifə, məhz qubernator postunu tuta bilər, özü də hakimiyyətin Rusiya Federasiyası ilə parlaq əlaqələr qurmaq üzərində işlədiyi bir vaxtda" - deyə Marukyan özünün "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, bir tərəfdən Ermənistan Rusiyadan Su-30 təyyarələrini gözləyir, strateji tərəfdaşlığını bəyan eləyir, Rusiyada ermənilərin sürücülük hüquqlarının tanınması ilə bağlı danışıqlar aparır, digər tərəfdən də belə bir adamı yüksək vəzifəyə təyin edir.

"Maraqlıdır, hakimiyyət Araqatsotnsk vilayətinin qubernatorunun siyasi baxışları haqqında bilirmi? Onlar Rusiya ilə parlaq əlaqələr qurmağa yönəlməklə belə bir qubernatoru necə bir araya sığışdıra biliblər? Mənim suallarım ritorik deyil, mən tərəfdaşlarımdan, Lilit Makuntsdan (hakim "Mənim addımım" partiyasının parlament fraksiyasının rəhbəri-red.) cavab gözləyirəm" - Marukyan deyib.

Daha əvvəl Ermənistanın baş naziri Nikool Paşinyan Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn Vladimir Zelenskiyə rusiyalı həmkarı Vladimir Putinlə əlaqə qurmağı tövsiyə etmişdi.

1524