S-400 raket kompleksi

“S-400” qalmalı NATO Türkiyə seçim qarşısında qoyulur

3961
(Yenilənib 11:59 04.04.2019)
Qabil Hüseynlinin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan güclü lider və aparıcı qüvvə olaraq qalsa da, ölkə siyasətindəki rolu getdikcə zəifləyir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 aprel — Sputnik. Türkiyə və Birləşmiş Ştatlar arasında Rusiyadan alınan "S-400" zenit-raket kompleksləri ilə bağlı gərginlik daha da dərinləşməkdədir. Gərginlik Türkiyədə keçirilən 31 mart bələdiyyə seçkilərindən sonra zirvə nöqtəsinə çatıb.

Artıq Birləşmiş Ştatların Müdafiə Nazirliyi noyabr ayında Türkiyəyə göndərilməsi planlaşdırılan "F-35" tipli qırıcılar üçün hazırlıq tədbirlərini, həmçinin təyyarələrlə bağlı materialların tədarükünün dayandırılması ilə bağlı qərar qəbul edib. Pentaqondan qeyd edilib ki, Türkiyə Rusiyadan "S-400" zenit-raket kompleksləri alınmasına dair müqavilədən imtina etməyənə qədər bu qərar dəyişdirilməyəcək.

Məsələyə ABŞ-ın vitse-prezidenti qarışaraq qeyd edib ki, Türkiyə artıq Rusiya raketləri və NATO təhlükəsizliyi arasında seçim etməlidir. Bu vəziyyət Vaşinqtonda Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Mayk Pompeo arasında baş tutan görüşdə müzakirə olunan əsas mövzulardan olub. Tərəflər, həm Birləşmiş Ştatlar, həm də Türkiyə rəsmiləri mövzu ilə bağlı bir-birilərini ittiham etməyə davam edir və bu məsələnin yaxın gələcəkdə aktuallığını itirəcəyi gözlənilmir.

Sputnik Azərbaycan məsələ ilə bağlı professor, politoloq Qalib Hüseynlinin fikirlərini öyrənib.

Qabil Hüseynli vurğulayıb ki, Türkiyənin xarici siyasət xəttində olan yeni yanaşma ABŞ-ın xoşuna gəlmir: "Bu yanaşmadan biri də Rusiyaya olan münasibətdir. Belə ki, Türkiyədən başqa, NATO-ya üzv ölkələr Rusiyanı özünə rəqib görür və ona qarşı genişmiqyaslı sanksiyalar qəbul edir. Türkiyə isə bunun əksinə, bu sanksiyaları nəzərə almayaraq Rusiya ilə ticarət əlaqələrini genişləndirir, eyni zamanda bu ölkədən silahlar alır”.

Ekspert qeyd edib ki, Türkiyənin Rusiyadan tədarük etməyə hazırlaşdığı hava hücumundan müdafiə sistemləri olan "S-400" zenit-raket kompleksləri ABŞ istehsalı olan "Patriot" raketlərindən heç də üstün deyil və bəzi parametrlərdə ondan geri qalır: "Üstəlik "S-400" zenit-raket komplekslərinin radar sistemləri, NATO-nun hava hücumundan müdafiə sistemləri ilə texniki cəhətdən uyğun gəlmir. ABŞ bəyan edir ki, əgər Türkiyə NATO dövlətidirsə, vahid hava hücumundan müdafiə sistemi qurmaq istəyirsə, onun əldə etdiyi silahlar da texniki cəhətdən bu sistemə uyğun olmalıdır. Çünki "S-400"-lərin alınması NATO-nun hava hücumundan müdafiə sisteminə ciddi problem yarada bilər. Birləşmiş Ştatlar da məhz bunu əsas gətirərək Türkiyədən "Patriot" tipli raketlərin əldə etməsini istəyir".

Qabil Hüseynlinin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan güclü lider və aparıcı qüvvə olaraq qalsa da, ölkə siyasətindəki rolu getdikcə zəifləyir: "Ərdoğan növbəti seçkilərdə gedə bilər. Ona görə də Ərdoğan mümkün qədər ölkəsi üçün az problem yaratmalıdır. Hazırda isə Qərblə qarşıdurma siyasəti seçib. Birləşmiş Ştatlar, eyni zamanda Türkiyə iqtisadiyyatına qarşı da böyük iqtisadi sanksiyalar qəbul edə bilər. Bu sanksiyaları artıq indidən hiss etmək olar. Türkiyədə inflyasiya artır, lirənin məzənnəsi dollarla müqayisədə sürətlə düşür, iqtisadi istehsal göstəriciləri xeyli pisləşir. Fikrimcə, Türkiyə rəhbərliyi bütün bunları nəzərə almalı və Qərblə olan münasibətlərə ehtiyatla yanaşmalıdır".

Ekspertin fikrincə, Türkiyədə martın 31-i keçirilən bələdiyyə seçkilərinin nəticələri də Birləşmiş Ştatların bu məsələdə daha sərt mövqe tutmasına öz töhfəsini verir: "Birləşmiş Ştatlar artıq görür ki, Türkiyə xalqı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyi ilə paylaşmır. Seçkilər göstərdi ki, ölkədə Ədalət və İnkişaf Partiyasının nüfuzu getdikcə düşür, Ərdoğanın baş nazirlik sistemini ləğv edib, prezident idarə üsuluna keçməsi, parlament və Nazirlər Kabinetinin səlahiyyətlərini azaltması, Konstitusiya dəyişiklikləri etməsi xalqın ürəyincə deyil".

Qabil Hüseynli qeyd edib ki, Türkiyənin NATO-Şimali Atlantika Müqaviləsi Təşkilatından çıxarılması türk xalqı üçün faciə olardı. O qeyd edib ki, vəziyyət dəyişməsə, Türkiyə rəhbərliyi məsələ ilə bağlı mövqeyini dəyişməsə, bu ölkədə qarışıqlıq baş verə bilər.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə "S-500" zenit raket komplekslərinin alınmasına dair müqavilənin bağlanmasını istisna etməyib. Türkiyə lideri vurğulayıb ki, "S-400" zenit raketləri ilə bağlı müqavilə artıq bağlanıb və geri addım atıla bilməz.

"Hər şey razılaşdırılıb - kredit şərtlərindən tutmuş, birgə istehsala qədər. İmzalar atılıb, geri addım atıla bilməz. Bu, əxlaqsızlıq olardı. Ümid edirəm ki, biz "S-400"-ün ilk partiyasını iyulda alacağıq. Ola bilsin ki, "S-400"-lərdən sonra biz "S-500"-lərlə bağlı variantları nəzərdən keçirdik" - Ərdoğan bildirib.

Martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" alarsa, Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.

"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - deyə, amerikalı sözçü vurğulayıb.

3961