İstanbulda seçkilərdən sonra atəşfəşanlıq

Öztarsu: “Türkiyədə AKP-nin yenilməzliyi anlayışı ortadan qalxır”

4092
(Yenilənib 19:33 02.04.2019)
Ekspertin fikrincə, bu seçkilərdə ən çox məğlub olan Xalqların Demokratik Partiyasıdır

Eldar Tanriverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. Türkiyədə keçirilən son bələdiyyə seçkiləri lap əvvəldən ölkəmizdə də diqqətlə izlənilirdi. Ona görə də bu seçkilərin gözlənilməz nəticələri Azərbaycanda da bir xeyli müzakirə olundu.

Düzdür ümumi olaraq seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) və Millətçi Hərəkat Partiyası (MHP) formalaşdırdığı Cumhur İttifaqı 51,62% səs (AKP - 44,32%, MHP – 7,31%), toplayaraq, əsas rəqibi Cümhuriyyət Xalq Partiyası (CHP) və İYİ Partiyasının formalaşdırdığı Millət İttifaqından (37,56% – CHP – 30,11%, İYİ – 7,45%) üstün olub. Lakin əldə olunan bu üstünlüyə baxmayaraq hakim partiya İstanbul, Ankara, İzmir, Antalya, Adana kimi böyük şəhərlərdə bələdiyyə sədrliyini qazana bilmədi.

Qeyd edək ki, AKP 90-cı illərin ortalarından mütəmadi olaraq Ankara və İstanbul kimi böyük şəhərlərə nəzarət edir və bu şəhərləri itirmək onun üçün əsl sürpriz oldu. Əgər seçkilərə qədər hakim partiya Türkiyədə olan 81 bələdiyyədən 49-una nəzarət edirdisə, son seçkilərdə partiya cəmi 41 bələdiyyə üzrə qalib gəlib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə AKP 16 il ərzində ölkədə keçirilən bütün seçkilərdə qalib gəlib. Lakin son nəticədə cüzi fərqlə qazanılan bu seçkilər Rəcəb Tayyib Ərdoğan hakimiyyəti üçün ilk nisbi məğlubiyyət də sayıla bilər.

Mehmet Fatih Öztarsu, Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri
© Mehmet Öztarsunun şəxsi arxivindən
Mehmet Fatih Öztarsu, Türkiyənin “Strategic Outlook” analitik mərkəzinin həmsədri

Sputnik Azərbaycan seçkilərin nəticələri ilə bağlı Türkiyənin "Strategic Outlook" beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu həmsöhbət olub.

Öztarsu öncə vurğulayıb ki, Türkiyədə keçirilən bələdiyyə seçkiləri son dərəcə demokratik bir atmosferdə, rəqiblər arasında qarşılıqlı hörmət, ehtiram çərçivəsində gerçəkləşib: "Xüsusi ilə bundan öncəki illərdə baş tutan seçkilərlə müqayisə edildikdə bu seçkilər daha təkmil şəkildə təşkil olunub. Bu seçkilər nəticə etibarı ilə Türkiyədə önəmli dəyişikliklərin olacağının xəbərçisidir".

Ekspert qeyd edib ki, son seçkilərin nəticələri Ədalət və İnkişaf Partiyasında çatışmazlıqlarının olduğunu nümayiş etdirdi: "Partiya indiyə qədər qazanılan seçkilərin gətirdiyi inamla bu seçkilərə qatılmışdı. Bundan əlavə, Böyük Şəhər Bələdiyyələri üçün namizədlər partiyanın aparıcı şəxsləri olduğu üçün partiyada hər hansı bir məğlubiyyət narahatlığı belə yaşanmırdı".

Onun sözlərinə görə, seçki təşviqatı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xaricində heç bir şəxs lazımınca səy göstərməyib: "Uzun illər ərzində formalaşan seçkidə məğlub olmama psixologiyası ilə hərəkət edildiyindən və müxalifətin yenidən məğlub olacağına dair gözləntilərlə əlaqədar indiki mənzərə ortaya çıxıb. Rəcəb Tayyib Ərdoğan özü də seçkiləri dəyərləndirərkən öz partiyasını tənqid edib və yeniliklərə duyulan ehtiyacı dilə gətirib. AKP-də dəyişikliklər Ərdoğanın istəyi ilə ediləcək. Türkiyə prezidentin isə ciddi dəyişikliklərə gedəcəyini düşünürəm. Xüsusi ilə seçki təşviqatı zamanı passiv olan təşkilat kadrlarında dəyişikliklərin ediləcəyini düşünürəm. Ancaq konkret adlar barədə danışmaq hələ tezdir".

Mehmet Öztarsu xatırladıb ki, ötən ilin iyun ayında baş tutan prezident seçkilərində müxalifət partiyaları böyük bir xəyal qırıqlığı yaşamış və təşviqat kampaniyasını yaxşı idarə edə bilməmişdilər: "Xüsusi ilə Cümhuriyyət Xalq Partiyası (CHP) və İYİ partiyalarının həmin vaxtlarda durumu xalq tərəfindən tənqidlərə məruz qalmışdı. Hazırda yaranmış mənzərə onu göstərir ki, müxalifət partiyaları öncəki məğlubiyyətlərini analiz edib və bu dövr ərzində önəmli işlər görüb. Bu seçkilərdə müxalifət partiyaları arasındakı koordinasiya da nəzərə çarpan digər amillərdəndir".

Ekspertin fikrincə, bu seçkilərdə ən çox məğlub olan Xalqların Demokratik Partiyasıdır (HDP): "Partiyanın PKK ilə bağlarını israrla qoparmaması və terrora dəstək verən açıqlamaları onun populyarlığının itirilməsi ilə nəticələnib. Bu partiya əgər doğurdan da kürdlərin təmsilçisi olmaq istəyirsə, PKK-ya qarşı bir mövqe sərgiləməli və onunla olan bağlarını qoparmalıdır. Çünki bu seçkilərdə kürd səslərinin HDP-yə deyil, AKP-yə verildiyini görürük. Bu, olduqca önəmli bir hadisədir və HDP xal itirməkdədir".

Son olaraq ekspert vurğulayıb ki, bundan sonrakı dövrdə Türkiyədə AKP-nin yenilməzliyi anlayışı ortadan qalxır: "Artıq Türkiyə demokratiyasında yeni səslərin ortaya çıxdığını düşünə bilərik. Nəticə olaraq Türkiyə demokratiyası güclənərək yoluna davam edir".

4092