BAKI, 14 yanvar — Sputnik. Türkiyənin Sakarya əyalətinin Arifiye rayonunda qaz xəttində böyük partlayış olub. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, partlayışın yaşayış məntəqəsinə yaxın dağlıq ərazidə baş verdiyi deyilir.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Sakarya valisi Əhməd Həmdi Nayir partlayışla bağlı açıqlama verib.
O bildirib ki, magistral qaz xəttində yanğın olub və həmin ərazidə də sürüşmə riski ilə bağlı işlərin aparıldığına dair məlumatlar var: "İlk ehtimalımız sürüşmə ilə bağlı qaz sızması və yanğın ola bilər. Ölən və yaralanan yoxdur".
BAKI, 16 yanvar - Sputnik. Transsərhəd səfərləri zamanı insanlardan COVID-19 əleyhinə peyvənd olunduqlarına dair sertifikat tələb olunması məsləhət deyil.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Vəziyyət üzrə Komitəsinin bu gün keçirilən videokonfransında deyilib. Qeyd olunub ki, bir çox ölkələrdə vaksin əlçatan deyil və ümumiyyətlə, hələlik peyvəndlərin xüsusiyyətləri öyrənilmə mərhələsindədir.
Komitə üzvləri qeyd ediblər ki, pandemiya əvvəlki kimi təhlükəli olmaqda davam edir. Bir çox ölkələrdə SARS-CoV-2 virusunun yeni ştammları aşkar olunduğundan Komitə üzv ölkələrə laborator müayinələrini artırmağı və gücləndirməyi tövsiyə edib.
BAKI, 16 yanvar — Sputnik. Yanvarın 14-də vəfat edən Rusiyanın tanınmış sənət xadimi, "Yeralaş" Uşaq Yumoristik Kinojurnalının bədii rəhbəri Boris Qraçevski ilə yanvarın 17-də vida mərasimi keçiriləcək.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, dekabrın 28-dən xəstəxanada olan 71 yaşlı rejissor koronavirusa yoluxmuşdu. Dekabrın 31-də vəziyyəti ağırlaşan Boris Qraçevskini reanimasiya şöbəsinə yerləşdirmişdilər. Yanvarın 3-də səhhətində stabilləşmə nəzərə çarpan B.Qraçevski sosial media hesabından məlumat yayaraq, vəziyyətinin düzəldiyini və yaxın zamanlarda evə yazılacağını bildirmişdi. Amma virus öz işini görmüşdü. Belə ki, yenidən vəziyyəti ağırlaşan Boris Qraçevski bir müddət əvvək komaya düşmüşdü. Yanvarın 14-də isə tanınmış rejissor vəfat etdi.
71 yaşlı mərhum Boris Qraçevski ilə vida mərasimi yanvarın 17-də Rusiyanın "Kino Evi"ndə olacaq. Vida mərasimindən sonra mərhum rejissor Troyekurov qəbristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Boris Qraçevski 1949-cu il martın 18-də Moskva vilayətinin Ramenski rayonunda anadan olub. 1974-cü ildə Aleksandr Xmeliklə birlikdə "Yeralaş" uşaq kinojurnalını yaradıb və ömrünün sonunadək jurnalının bədii rəhbəri və baş redaktoru olub.
Xatırladaq ki, bir neçə il əvvəl xərçəng xəstəliyi ilə mübarizə aparan Boris Qraçevskinin orqanizmi xərçəngə qalib gəlsə də, koronavirusla mübarizəyə davam gətirə bilmədi.