PKK üzvləri, arxiv şəkli

PKK Əsədlə birləşir - Ərdoğana qarşı

111
(Yenilənib 20:59 13.12.2018)
"Zeytun budağı" əməliyyatı zamanı da YPG/PKK yaraqlıları Əsəd rejimi ilə əməkdaşlıq edib

BAKI, 14 dekabr — Sputnik. Suriyanın şimal-şərqinə nəzarət edən YPG/PKK terrorçuları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fərat çayının şərqində yaxın vaxtlarda əməliyyat başlamaq barədə qərarı fonunda Suriya prezidenti Bəşər Əsəd hökumətindən onlara dəstək verməsini istəyib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

YPG/PKK terrorçuları sosial şəbəkələrdə Suriya rejimindən Türkiyənin regionda mümkün əməliyyatına dair aydın mövqe sərgiləməyi tələb edib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Afrində bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatı zamanı da YPG/PKK yaraqlıları Əsəd rejimi ilə əməkdaşlıq edib.

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk ordusunun yaxın günlərdə Fərat çayının şərqində yerləşən kürd özünümüdafiə dəstələrinə qarşı əməliyyata başlamaq niyyətində olduğunu bəyan edib.

"Biz Fərat çayından şərqdə Suriyanın digər regionlarında olduğu kimi insanlara sülh və sabitlik gətirmək niyyətindəyik. Biz heç vaxt ABŞ və onun ordusuna qarşı olmamışıq, onlar həmişə bizim strateji tərəfdaşımızdır. Bizim Suriya ilə bağlı fikir ayrılıqlarımız əlaqələrimizin inkişafına təsir etməməlidir" - deyə Ərdoğan qeyd edib.

O bildirib ki, Türkiyə tərəfi baş verəcək əməliyyatla bağlı Birləşmiş Ştatları məlumatlandırıb.

Pentaqonun rəsmi nümayəndəsi Şon Robertson isə bəyan edib ki, Türkiyənin Suriyanın şimal-şərqində birtərəfli qaydada fəaliyyəti yolverilməzdir və ciddi narahatlıq doğurur.

"Suriyanın şimal şərqində istənilən tərəfin birtərəfli qaydada hərbi əməliyyat keçirməsi, xüsusilə də ABŞ hərbçilərinin bu zonada olması ehtimalı nəzərə alınmaqla ciddi narahatlıq doğurur. Biz belə bir addımın yolverilməz olduğunu düşünürük" - deyə Robertson bildirib.

Pentaqon rəsmisi əlavə edib ki, Vaşinqton Türkiyənin Suriya ilə sərhəddə təhlükəsizliyini təmin etmək ehtiyacını tanıyır.

111