Salome Zurabişvili

Gürcüstan seçkiləri bitdi: Zurabişvilinin qələbəsi Azərbaycana verəcək?

22659
(Yenilənib 18:19 30.11.2018)
Qərbə əsas qapımız olan Gürcüstanda qarışıqlıq ən çox Azərbaycanın maraqlarına uyğun deyil

BAKI, 30 noyabr — Sputnik. Gürcüstanda keçirilən prezident seçkilərində ölkə tarixində ilk dəfə olaraq qadın namizəd qalib gəldi. Namizədliyi hakim "Gürcü arzusu" Partiyasından irəli sürülən Salome Zurabişvili seçicilərin 59,52 faizinin səsini topladı.

Salome Zurabişvili tanınmış gürcü ailəsindəndir. Fransada gürcü siyasi mühacir ailəsində doğulan Salome 30 il Fransa XİN-də diplomat kimi fəaliyyət göstərib. Zurabişvili Gürcüstana ilk dəfə 2003-cü ildə Fransanın Tiflisdəki  səfiri kimi gəlib. Lakin 2004-cü ilin martında Zurabişvili artıq prezident Mixail Saakaşvilinin fərmanı ilə ölkənin xarici işlər naziri təyin edilib. Elə həmin vaxt gürcü vətəndaşlığı alan Zurabişvili bununla yanaşı fransız vətəndaşlığını da qoruyub saxlayıb. Xarici işlər naziri vəzifəsində Zurabişvili bir ildən artıq fəaliyyət göstərib. 2005-ci ildə nazirlikdən kənarlaşdırılıb və o vaxtdan da  Saakaşviliyə müxalifət mövqeyinə keçib. 2010-cu ilə qədər "Gürcüstanın yolu" müxalifət partiyasına rəhbərlik edən Zurabişvili daha sonra BMT-nin İrandakı vəziyyət üzrə monitorinqinin ekspert qrupuna daxil olub. 2016-cı ildə keçirilən parlament seçkilərində Tbilisidəki majoritar dairələrdən birində müstəqil namizəd kimi iştirak edən Zurabişvili hakim partiyanın dəstəyilə parlamentə seçilib.

Bu, onun Gürcüstan prezidenti olması üçün ilk cəhdi deyildi. 2013-cü ildə keçirilən prezident seçkilərində iştirak etmək istəyən Zurabişvilinin qeydiyyatdan keçmək barədə müraciəti ikili vətəndaşlığa görə rədd edilmişdi. Bu dəfə isə Zurabişvili prezidentliyə namizəd kimi qeydə alınana qədər fransız vətəndaşlığından imtina edib.

Çoxları hesab edir ki, Zurabişvilinin Gürcüstanın xarici işlər naziri kimi əsas missiyasından biri danışıq prosesinə kömək etməsi və Rusiya bazasının Gürcüstan ərazisindən çıxarılması barədə razılığın əldə edilməsidir.

Seçkilər bitən kimi  Zurabişvili Kreml əleyhinə bəyanatla çıxış etdi: “Rusiya özünü indiki kimi apardıqca, bizim əməkdaşlığa gedə biləcəyimizi düşünmürəm".

Onun sözlərinə görə, Gürcüstan Avropayönümlü mövqe tutduğundan, Qərb Rusiya ilə dialoqa başlayacağı təqdirdə, onlar da kənarda qalmayacaq.

Beləliklə, Zurabişvili faktiki olaraq, Saakaşvili üzərində qələbə qazandı. Bundan sonra proseslər necə inkişaf edəcək? Qarşıdan parlament seçkiləri gəlir və ehtimal etmək olar ki, müxalifət indiki məğlubiyyətin əvəzini məhz bu seçkilərdə çıxmağa çalışacaq. Təbii ki, burada Zurabişvilinin rolu böyük olacaq. Prezident daxili siyasi proseslərdə tənzimləyici rol oynayır.

Salome Zurabişvilinin qələbəsinin Gürcüstan siyasi sisteminin qurulmasına təsirinə gəlincə, hər şeyin baş nazir və prezident əlaqələrindən asılı olacağını ehtimal edə bilərik. Gürcüstan siyasi sistemində son illər İvanişvili faktoru əsas rol oynayıb. Onun pulları olmasayadı, Gürcüstan hakimiyyəti məğlub ola bilərdi. İvanişvili açıq  müstəvidə oynayan siyasətçi olmasa da, kölgədən fəaliyyət göstərirdi.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Burada bir nüansa diqqət yetirək. Zurabişvili seçki təbliğatı zamanı Türkiyə əleyhinə fikirlər səsləndirib və Cavaxetiya ermənilərinin hərəkətlərinə bəraət qazandırıb. Zurabişvili ermənilərə vəd verib  ki, “Saakaşvilinin vaxtında sizə vətəndaşlıq vermirdilər, mən gəlib bu məsələni həll edəcəm”. Elə buna görə də Gürcüstanda yaşayan azərbaycanlılar seçkidə ona az səs verib.

Bütün bunlara baxmayaraq, Zurabişvilinin qələbəsi Azərbaycan-Gürcüstan münasibətlərinə ciddi təsir göstərməyəcək. Gürcüstan üçün Azərbaycan lazımdır, Azərbaycan üçün də Gürcüstan. Gürcüstan Azərbaycanın bütün enerji layihələrində iştirak edir, bu layihələrdən maliyyə qazanır. SOCAR Gürcüstanın əsas investorlarındandır. Azərbaycan Gürcüstana ucuz qaz satır. Bütün bunları nəzərə alaraq, Gürcüstanda istənilən prezident və istənilən baş nazir Azərbaycanla strateji əməkdaşlığı qorumaq məcburiyyətindədir.

Gürcüstanda vətəndaş qarşıdurması yaşana bilərmi? Gürcüstanın birləşmiş müxalifəti noyabrın 28-də keçirilmiş prezident seçkisinin nəticələrini tanımadığını bəyan edərək, erkən parlament seçkilərinin keçirilməsini tələb edir. Bu barədə birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze tərəfdarları qarşısında çıxış edərkən bəyan edib. Birləşmiş müxalifətin prezidentliyə namizədindən öncə seçkinin nəticəsinin tanınmaması tələbi ilə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili çıxış etmişdi. Bazar günü Tbilisinin Rustaveli prospektində ilk etiraz aksiyası keçirəcəyini bəyan edən müxalifət təslim olmaq niyyətində olmadığını aydın nümayiş etdirdir. Bəzi araşdırmaçıların fikrincə, Gürcüstanda da proseslər Ermənistanda baş verən inqilab ssenarisinə uyğun baş verə bilər.

Sözsüz ki, Qərbə əsas qapımız olan Gürcüstanda qarışıqlıq ən çox Azərbaycanın maraqlarına uyğun deyil. Gürcüstandan strateji əhəmiyyətli neft-qaz kəmərləri, köhnə və yeni dəmiryolu xətləri (Bakı-Tbilisi-Qars) keçir.  Bu gün Zurabişviliyə qarşı olan şəxslər öz ətrafında narazı elektoratı birləşdirməyə cəhd edəcək. Bundan əlavə, birmənalıdır ki, müəyyən hadisələrdən sonra hələ də boş qalan müxalifət lideri postu uğrunda mübarizə başlayacaq. Gürcüstanda xeyli sayda parlaq müxalif liderlər olmasına baxmayaraq hələlik ölkədə onları birləşdirəcək lider yoxdur. Saakaşviliyə də münasibət birmənalı deyil. Həm müxalifət, həm də hakimiyyət seçkilərdən sonra parlament seçkilərinə hazırlaşacaq. Məhz parlament seçkiləri Gürcüstanın taleyini həll edəcək .  Gürcüstanda artıq "narıncı inqilab" resursunu tükənib və proseslərin küçə və meydanlarda deyil, seçki məntələrində həll ediləcəyi ehtimalı daha böyükdür. Lakin gürcülər qeyri-standart gedişləri sevirlər və nələrin yaşanacağını indidən söyləmək çətindir...

22659
Teqlər:
seçkilər, prezident, Salome Zurabişvili, Gürcüstan
Əlaqədar
Gürcüstan və Ermənistandan Azərbaycana təhlükə ixrac olunur
Gürcüstan Rusiyanı niyə məhkəməyə verib?
Azərbaycan çalarlı Gürcüstan seçkiləri: Zurabişvili bizimkilərin niyə xoşuna gəlmədi
Gürcüstan yeni prezidentini seçdi

Manas Ata Dədə Qorqudun ruhu sizə kömək olsun - Qırğız ziyalılar İlham Əliyevə dua etdi

13
(Yenilənib 01:31 27.10.2020)
Qırğız ziyalılardan İlham Əliyevə dəstək: "Azərbaycan bizə türk xalqlarının totem quşunu - havaya qalxarkən qanadından yaralanan azadlıqsevər qızıl qartalı xatırladır".

BAKI, 27 oktyabr — Sputnik. "Biz, Aytmatov Əskər Çingizoviç, Osmanaliyev Kayrat Mederbekoviç, əsas vəzifəsi qırğız və türk yazıçısı Çingiz Aytmatovun yaradıcılıq və mənəvi irsinin qorunub saxlanılması və təbliği, onun humanist ideallarının təşviqi olan “Ç.Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyinin üzvləriyik".

Sputnik Azərbaycan-ın məlumatına görə, "Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumu" İctimai Birliyinin üzvlərinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub bu sətirlə başlayır.

Məktubda daha sonra deyilir:

"Biz qürur duyuruq ki, Çingiz Aytmatovun kitabları qardaş Azərbaycanda çox oxunur və sevilir, Azərbaycan xalqı onu öz yazıçısı kimi qəbul edir.

Biz ölkənizin inkişaf edən bir dövlət qurmaq istiqamətində qazandığı uğurlara, dünya miqyasında malik olduğu nüfuza sevinirik.

Bununla yanaşı, hər zaman azərbaycanlı qardaşlarımızın uzun müddətdir sağalmayan yarası - işğal olunmuş Dağlıq Qarabağ problemi ilə bağlı ağrı-acısını bölüşmüşük.

Azərbaycan bizə türk xalqlarının totem quşunu - havaya qalxarkən qanadından yaralanan azadlıqsevər qızıl qartalı xatırladır. Qızıl qartal havada qürurla yeni üfüqlərə doğru uçur, lakin yaralı qanad ona daha yüksəklərə qalxmağa və uçmağa imkan vermir.

İndi Qarabağda müharibə gedir və bütün dünya hərbi əməliyyatların gedişini narahatlıqla izləyir.

Azərbaycan Ordusu yüksək döyüş ruhu, döyüş qabiliyyəti və qalib gəlmək əzmi nümayiş etdirir.

Böyük Lev Tolstoyun və Çingiz Aytmatovun ardınca müharibənin insan zəkasına və mahiyyətinə zidd fenomen olduğuna əminik. Ancaq bəzən xalq belə bir addım atmağa məcbur olur. Vətəninə, torpağına məhəbbət - bu müqəddəs hiss hər bir xalqa instinktiv səviyyədə xasdır.

Azərbaycanlılar üçün Qarabağ onları birləşdirən milli meqafikrə, müstəqil dövlət olaraq yetkinlik və məsuliyyət imtahanına, ölkəsinin suverenliyini və ərazi bütövlüyünü qorumaq əzminə çevrildi.

Uca Allahdan döyüş əməliyyatlarının ən qısa müddətdə bitməsini, danışıqlar prosesinin bərpa edilməsini və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu dərk edilərək problemin sülh yolu ilə həll olunmasını diləyirik.

Hər hansı müharibə, xüsusilə mülki əhaliyə qarşı bəşəriyyətin əsrlər boyu yaşadığı acı təcrübə əsasında aparılan müharibə qaydalara məhəl qoyulmadığı zaman qəddarlıq və insanlıqdan kənar nəticələrə gətirib çıxarır.

Müharibə cinayətlərinin bilərəkdən və soyuqqanlılıqla törədilməsi, Ermənistan ordusunun cəbhə xəttindən çox uzaqda yerləşən sülhsevər Azərbaycan şəhərlərini qəsdən bombalaması faciəvidir və dərindən pislənilməlidir. Uşaqlar da daxil olmaqla mülki şəxslərin qurban olması çox təəssüf doğurur.

Cənab Prezident, Sizə və bu hücumlar nəticəsində həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yerləri cənnət olsun. Bütün yaralıların tezliklə sağalmalarını arzu edirik.

Əminik ki, bu cür çirkin hərəkətlər Azərbaycan Ordusunun döyüş ruhunu qıra bilməyəcək, Azərbaycan xalqını qorxutmayacaq, müharibənin gedişini öz xeyrinə dəyişə bilməyəcək, əgər bu qeyri-insani hərəkətlərin məqsədi belə idisə.

Cənab Prezident, Siz dahi atanız və bütün Azərbaycan xalqının atası - Heydər Əliyevin işlərinin layiqli davamçısısınız.

İndi Azərbaycan xalqının qarşınıza qoyduğu tarixi vəzifənin - ölkənin ərazi bütövlüyünün bərpası üçün həlledici andır. Əminik ki, müdrik və uzaqgörən lider olaraq, bu missiyanı qardaş Azərbaycan xalqı naminə, bölgədə və dünyada sülhün və sabitliyin qorunması naminə, beynəlxalq hüquq və sivil vasitələr çərçivəsində danışıqlar yolu ilə layiqincə yerinə yetirməkdə uğur qazanacaqsınız. Ulu əcdadlarımız Manas Ata və Dədə Qorqudun ruhu bu nəcib işdə sizə kömək olsun".

13
Türkiyənin Hatay vilayətində İsgenderun rayon mərkəzində terror aktı

Türkiyədə terror aktı törədilib - partlayış anının dəhşət saçan görüntüləri

60
(Yenilənib 23:45 26.10.2020)
Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunun mərkəzində yerləşən Fənər prospektində güclü partlayış baş verib.

BAKI, 26 oktyabr — Sputnik. Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunun mərkəzində yerləşən Fənər prospektində güclü partlayış baş verib.

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat yayıb.

Vali deyib ki, İsgəndərunun mərkəzində Fənər küçəsində yerli vaxtla 20.30-da iki terrorçudan biri öz üzərinə bağladığı partlayıcı ilə birgə partlayış törədib və o, zərərsizləşdirilib. Digər terrorçunun isə axtarışı davam edir.

Hadisə yerinə çox sayda təhlükəsizlik, səhiyyə, fövqəladə hallar və hüquq-mühafizə işçiləri cəlb edilib.

Vali partlayışda ölənlərin olmadığını deyib. Hadisə zamanı biri polis olmaqla 3 nəfərin yaralandığı bildirilir.

60