Şahzadə Məhəmməd bin Salman əl-Səud

Səudiyyə Ərəbistanında sensasion hadisə gözlənilir

432
(Yenilənib 12:48 20.11.2018)
Onlarla şahzadə vəliəhd şahzadəni devirməyə hazırlaşır

BAKI, 20 noyabr — Sputnik. Səudiyyə Ərəbistanında kral ailəsinin bəzi üzvləri jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı vəliəhd şahzadə Məhəmməd bin Salman əl-Səudun kral olmasına imkan verməyəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Reuters" kral sarayında olan mənbələrinə istinadən xəbər verir.

Mənbələrin sözlərinə görə, onlarla digər şahzadə və kral ailəsinin digər üzvləri taxta kral Salman bin Abdul Əziz əl-Səudun kiçik qardaşı Əhməd ibn Abdul Əziz bin Səudun çıxmasını istəyir. Bundan əlavə, mənbələr bildirib ki, Qərb ölkələri Səudiyyə kralının ölümündən sonra Əhmədi dəstəkləyəcək.

Daha əvvəl Səudiyyə Ərəbistanında yüksək rütbəli məmur "Reuters"-ə bildirib ki, jurnalist Camal Qaşıqçının öldürülməsi əvvəlcədən planlaşdırılmayıb. Krallıq rəhbərliyi Qaşıqçını vətənə qayıtmağa inandırmaq üçün Türkiyəyə 15 nəfər göndərib. Görüş zamanı onlar Qaşıqçını təhdid ediblər, ona narkotik vuraraq oğurlayacaqları ilə hədələyiblər.

"Jurnalist müqavimət göstərib, onların əllərindən qaçaraq, kömək çağırmağa başlayıb. Bundan sonra casuslar təlaşa düşüblər və Qaşıqçının səsini kəsmək üçün ağzını bağlamağa çalışıblar. Lakin yanlışlıqla onu boğublar" — deyə səudiyyəli yetkili vurğulayıb.

Bundan sonra onlar səhvlərini gizlətmək üçün mərhumun cəsədini xalçaya büküb, konsulluq avtomobili ilə diplomatik missiyanın ərazisindən çıxarıb və İstanbulda olan həmyerlilərinə təhvil veriblər. Cinayətin iştirakçılarından biri konsulluq ərazisindən Qaşıqçının paltarında çıxıb. O, bununla da jurnalistin guya səfirlik ərazisini tərk etməsi görüntüsünü yaratmaq istəyib.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

432
Teqlər:
vəliəhd, şahzadə, kral, qətl, jurnalist, Camal Qaşıqçı, Səudiyyə Ərəbistanı
Əlaqədar
Səudiyyə Ərəbistanına daha bir zərbə
Səudiyyə Ərəbistanı Türkiyədəki konsulluğunun yerini dəyişir
ABŞ-dan Səudiyyə Ərəbistanına gözlənilməz zərbə
Səudiyyə Ərəbistanında daha bir jurnalisti işgəncə ilə öldürdülər