İmelda Markos

Keçmiş birinci ledi məhkəmə qarşısına çıxıb

54
Məhkəmə İmelda Markosun 7 cinayət faktının hər biri üçün 6-11 il azadlıqdan məhrum edilməsi barədə qərar verib

BAKI, 9 noyabr — Sputnik. Fillippində 1972-ci ildə sərt idarəetmə elan edərək diktatura rejimi quran Ferdinand Markosun həyat yoldaşı İmelda Markos sui-istifadə (dövlət əmlakından) cinayətində ittiham edilib.

Sputnik Türkiyə xəbər verir ki, xüsusi Sandiganbayan məhkəməsi 89 yaşlı Markosu 1970-ci illərdə Manila valisi olduğu zaman İsveçrə banklarına qanundan kənar şəkildə 200 milyon dollar köçürməkdə ittiham edib.

Məhkəmə İmelda Markosun 7 cinayət faktının hər biri üçün 6-11 il azadlıqdan məhrum edilməsi barədə qərar verib. Qeyd edək ki, Markos 1991-ci ildə 3 müxtəlif cinayətdə ittiham edilərək bəraət qazanmışdı.

Məhkəmə prosesində nə Markosun özü, nə də nümayəndəsi iştirak etməyib.

Markos məhkəmə qərarı haqqında da şərh verməyib.

Xatırladaq ki, İmelda Markos 1993-cü ildə yenə də dövlət əmlakının sui-istifadəsində ittiham edilmiş, ancaq Ali məhkəmə keçmiş birinci ledinin qanunu pozmadığına qərar vermişdi. Qeyd edək ki, 1972-ci ildə kommunist qüvvələrə qarşı diktatura rejimi quran Ferdinand Markos 20 il hakimiyyətdə olmuş və 1986-cı ildə xalq çevrilişindən sonra hakimiyyətinə son qoyulmuşdu. O, 1989-cu ildə Havay adalarında sürgün zamanı vəfat edib. Həyat yoldaşı İmelda onun mumiyalanmış cəsədini 1993-cü ildə Fillippinə gətirsə də, 2016-cı ilə qədər keçmiş diktatorun Qəhrəmanlar Qəbiristanlığında dəfn edilməsinə icazə verilməmişdi.

54