Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton

Boltonun Qafqaz səfəri Hamı İranı hədəf göstərir

5172
(Yenilənib 19:11 19.10.2018)
“Bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də müzakirə olunacaq”

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 oktyabr — Sputnik. Cənubi Qafqaz ölkələri yüksək rütbəli qonağı qəbul etməyi hazırlaşır. Belə ki, Birləşmiş Ştatlar prezidenti Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri kimi Con Bolton Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.

Məlumata əsasən Bolton bölgə ölkələrinin rəhbərləri görüşlər keçirəcək, ikitərəfli və regional məsələləri müzakirə edəcək. Bolton özü səfərini anons edərkən qeyd edib ki, təhlükəsizliklə bağlı bir sıra məsələlərdə ABŞ-ın maraqlarının təşviqi üçün həmkarları və digər yüksək vəzifəli şəxslərlə görüşmək üçün Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.

Bu arada "Daily Storm" nəşri Rusiyanın ABŞ-dakı diplomatik missiyasındakı mənbəyə istinadən məlumat yayıb ki, Boltonun xüsusilə Cənubi Qafqaz ölkələrinə səfərinin məqsədi yalnız ABŞ-ın maraqlarının təşviqi deyil. ABŞ rəsmisi Azərbaycan, Ermənistan və Gürcüstan liderlərini İranla əməkdaşlıqdan imtina etməyə, bu ölkədən neft və qaz almamağa razı salmağa çalışacaq.

Sputnik Azərbaycan məsələ ilə bağlı Vaşinqtonda yerləşən "Gulf State Analytics" şirkətinin aparıcı eksperti Teodor Karasik və İran üzrə ekspert, jurnalist Fərhad Daneşvarla həmsöhbət olub.

"Gulf State Analytics" şirkətinin aparıcı eksperti Teodor Karasik bildirib ki, Con Bolton Cənubi Qafqaz səfəri ilə bir sıra məsələləri həll etmək niyyətindədir: "Təbii ki, müzakirələrdə əsas yer İrana ayrılacaq. ABŞ rəsmi Yerevan, Bakı və Tbilisidə ölkə rəhbərlərindən rəsmi Tehranla qarşılıqlı münasibətlərin səviyyəsini aşağı salmağı və ya dayandırmağı istəyəcək. Lakin Bolton region ölkələrinin hər birinin İran İslam Respublikası ilə əlaqələrin hansı faktorlardan asılı olduğunu və bu münasibətlərin Moskva və Türkiyə ilə əlaqələrə necə təsir etdiyini yaxşı anlayır. Son nəticədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri ABŞ-ın bu yeni siyasətini yürütmək üçün ən yaxşı yolu axtarır".

Karasik Boltonun Yerevan və Bakıya səfəri zamanı digər məsələlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunulacağını da bildirib: "Hazırda Ermənistan siyasi həyatında baş verən narahatedici proseslər nəzərə alınsa, həmçinin bu görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də müzakirə olunacaq. Yerevandakı durum təbii ki narahatlıq doğurur və münaqişənin həllində növbəti addımlar həlledici ola bilər".

İran üzrə ekspert Fərhad Daneşvar isə İranın Azərbaycan, Ermənistan və Gürcüstanla heç bir ciddi neft ticarəti olmaması faktına diqqət çəkib: "Ən azından rəsmi statistika bunu belə göstərir. Boltonun Cənubi Qafqaz ölkələrinə səfərində əsas məqsəd İranın bu ölkələrlə iqtisadi əlaqələrini məhdudlaşdırmaqdır. Bu üç ölkə arasında Azərbaycan ticarət balansı nöqteyi-nəzərdən ilk pillədə qərarlaşıb. Azərbaycan və İran arasında ticarət balansı hazırda 162 milyon dollardır. Ermənistan və İran arasında ticarət balansı 63 milyon, Gürcüstanla – İran arasında ticarət balansı 43 milyon dollardır. Bu son 6 aya dair göstəricilərdir".

O, qeyd edib ki, bu rəqəmlərə baxdıqda Cənubi Qafqazda ticarəti və iqtisadi münasibətlər baxımından İran üçün ən önəmli ölkə Azərbaycandır: "Son zamanlar İran və Azərbaycan münasibətlərində kəskin yaxınlaşma müşahidə olunur. Hər iki ölkə böyük nəqliyyat layihələri həyata keçirir. Düşünürəm ki, Cənubi Qafqaz ölkələri arasında cənab Bolton üçün ən önəmli, əhəmiyyətli hədəf Azərbaycan ola bilər. 

İran və Azərbaycan arasında münasibətlərə gəldikdə hər iki ölkənin rəhbərliyi dəfələrlə bəyan ediblər ki, üçüncü qüvvələrə bu konstruktiv münasibətlərə təsir etməyə imkan verməyəcəklər. İran və Azərbaycan son vaxtlar regional əməkdaşlığa da ciddi əhəmiyyət verirlər. Hər iki ölkə yaxşı anlayır ki, inkişaf sabitlik və regional əməkdaşlığın hesabına baş tuta bilər. Məhz buna görə də düşünürəm ki, cənab Boltonun İranla münasibətlərin səviyyəsini aşağı salmaq barədə istəyi Azərbaycan tərəfindən rəğbətlə qarşılanmayacaq".

Ermənistana gəldikdə isə ekspert qeyd edib ki, bu ölkənin İranla münasibətləri ciddi olaraq Moskva ilə münasibətlərdən asılı olacaq: "Təbii ki, onlar Moskvanın istəyini yerinə yetirəcəklər. Gürcüstana gəldikdə isə deyə bilərəm ki, bu ölkənin İranla ticarət dövriyyəsi o qədər də yüksək deyil. Hətta Gürcüstan rəsmiləri Boltonun təklifləri ilə razılaşsa belə, bu İran iqtisadiyyatına o qədər də ciddi təsir etməyəcək. Son zamanlar təxminən 10-minə yaxın iranlı mühacir kimi Gürcüstanda qeydiyyatdan keçib. Ola bilsin ki, Tbilisi və Tehran arasında əlaqələrin dayandırılması məhz bu prosesə təsir etsin".

5172
Teqlər:
Dağlıq Qarabağ, İran, səfər, Cənubi Qafqaz, Donald Tramp, Con Bolton
Əlaqədar
Trampın müşaviri Bakıya gəlir
Trampdan müşavirlərinə şok sual: "Venesuelanı işğal edə bilərikmi?"
Trampın sabiq müşavirindən sensasion etiraf
Trampın keçmiş müşavirinə "Türkiyəyə işləmək" ittihamı