ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Tramp Türkiyə ilə bütün əlaqələri kəsməyi planlaşdırıb

271
(Yenilənib 12:42 15.10.2018)
Dövlət katibi prezidenti inandıra bilib ki, bu addım hər iki ölkənin münasibətlərinə bərpa olunmayacaq səviyyədə zərbə vuracaq

BAKI, 15 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp, rahib Endryu Branson azad edilənədək Türkiyədəki bütün diplomatları geri çağırmaq, bu ölkədəki səfirlik və diplomatik nümayəndəliklərini bağlamaq istəyib. Sputnik Azərbaycan xəbər verir ki, bu "ABC News" telekanalı Ağ Ev və Dövlət Departamentində olan mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Tramp Bransonla bağlı vəziyyətə görə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana bərk hirslənib. Belə ki, Tramp, hətta ABŞ səfirlik və diplomatik nümayəndəliklərinin bağlanması barədə plan hazırlamağı tapşırıb.

Lakin Trampın ətrafı bu təşəbbüsü müxtəlif formada qarşılayıb. Belə ki, Administrasiya rəhbəri Con Kelli Türkiyədən yalnız yüksək ranqlı diplomatik personalın geri çağrılmasına istəyib. Lakin Trampın təhlükəsizlik üzrə müşaviri Con Bolton prezidenti tamamilə dəstəkləyib.

Dövlət katibi Mayk Pompeo isə bu ideyaya qarşı çıxıb. O, Trampı inandıra bilib ki, bu addım hər iki ölkənin münasibətlərinə bərpa olunmayacaq səviyyədə zərbə vuracaq.

Sonradan Dövlət Departamenti yayılan məlumatı təkzib edib. Ağ Ev isə məlumatı şərh etməkdən imtina edib.

Xatırladaq ki, oktyabrın 12-də Türkiyə məhkəməsi Birləşmiş Ştatlardan olan rahib Endryu Bransona 3 il, 1 ay 15 gün həbs cəzası verib. Branson həbsdə qaldığı müddət nəzərə alınaraq, təxliyə olunub. Məhkəmə onun Türkiyəni tərk etməsinə qoyulan qadağanı da ləğv edib və keşiş ölkəsinə geri dönüb.

Qeyd edək ki, Trampın Türkiyədəki səfirlik və diplomatik nümayəndəliklərini bağlamağı qəti şəkildə dəstəkləyən ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton yaxın günlərdə Cənubi Qafqaza səfər edəcək.

"Oktyabrın 20-də təhlükəsizliklə bağlı bir sıra məsələlərdə ABŞ-ın maraqlarının təşviqi üçün həmkarlarımla və digər yüksək vəzifəli şəxslərlə görüşmək üçün Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyəm" — Bolton öz "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Prokuror Bransona 35 il cəza tələb edirdi.

Onun həbsindən sonra ABŞ Türkiyəyə qarşı bəzi sanksiyalar tətbiq edib.

271
Teqlər:
rahib Endryu Branson, Donald Tramp, diplomat, Ağ Ev, Türkiyə, ABŞ, səfirlik, prezident
Əlaqədar
ABŞ vitse-prezidenti: "Türkiyəyə gələ bilərik"
ABŞ PKK-nı qınadı, Türkiyə şoka düşdü
ABŞ Türkiyə ilə şantaj və təhdid dili ilə danışır – Ərdoğan
ABŞ-dan xüsusi dəstək alan Yunanıstan Türkiyəyə meydan oxudu
Minneapolisdə ABŞ bayrağı ilə etirazçı, arxiv şəkli

"Yenə ruslar". Amerikadakı iğtişaşlarda Moskvanı günahlandırmaq kimə lazımdır

0
(Yenilənib 22:08 02.06.2020)
Xarici düşmən axtarışı nə Rusiya-Amerika münasibətlərinə, nə də beynəlxalq təhlükəsizlik sisteminə yaxşı təsir göstərəcək

BAKI, 2 iyun — Sputnik, Qaliya İbrahimova. ABŞ-dakı iğtişaşları Moskva törədir və nümayişçilər "Rusiya təlimatına" ciddi əməl edərək polis bölmələrini darmadağın edirlər. Bu cür iddiaları ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Syuzan Rays irəli sürüb. Sübut əvəzinə o, öz təcrübəsinə və intuisiyasına güvənməyi təklif edib. Amerikalılar niyə hər yerdə "Rusiya izi"ni görürlər? Cavabı RİA Novosti-nin ekspert şərhində.

Etirazlardan qarətə

Los-Ancelesdəki ticarət mərkəzləri karantindədir. Kaliforniya rəsmiləri onları iyunda açmağı planlaşdırırdılar. Lakin bunu ilk edən qarətçilər olublar. Lüks butiklərin qapı və pəncərələri qırılıb, hər şey talan olunub. İğtişaşçılar məişət əşyalarını, paltarları, mebeli, hətta yeməkləri aparıblar. Polis helikopterləri su tökərək bu vəhşiliyi dayandırmağa çalışıb, kakin bunun xeyri olmayıb.

Polis tərəfindən saxlanılan zaman afroamerikalı Corc Floydun ölməsindən sonra Minneapolisdə başlayan etirazlar Vaşinqtonu, San-Fransiskonu, Portlendi, Mayamini, İndianapolisi, Filadelfiyanı və Atlantanı bürüyüb. Faciəli hadisənın birbaşa günahkarı Derek Şovin vəzifəsindən azad edilib və o, istintaq altındadır. Lakin nümayişçilər yalnız onun cəzalandırılmasını deyil, ABŞ-da sistemli irqçiliyə son verilməsini tələb edirlər.

Böyük şəhərlərdə komendant saatı elan edilib – lakin bu kömək etməyib. Vaşinqtonda etirazçılar Ağ Evi mühasirəyə alaraq içəri girməyə çalışıblar. Nyu-Yorkda iyirmi polis maşını daşqalaq edilib və yandırılıb. Portlenddə isə iğtişaşçılar məhkəmə binasında yanğın törədiblər.

Vətəndaş cəmiyyətinə təhdid

Əvvəlcə ABŞ-da çoxları nümayişçilərə rəğbət bəsləyirdilər. Yerli rəsmilər isə təxribatçılara reaksiya verməməyə çalışır, polisi güc tətbiq etməməyə çağırırdılar. Lakin asayiş keşikçilərinin üzərinə "Molotov kokteyli" atılanda bu vəziyyət dəyişdi.

Minnesota qubernatoru ştata Milli Qvardiyanı yeritdi. Los- Anceles də hərbçilərin köməyinə müraciət etdi. Gözyaşardıcı qaz və rezin güllələr işə salındı.

"Minneapolisdə baş verənlər artıq Floydun ölümü ilə əlaqəli deyil. Talanlar vətəndaş cəmiyyətini təhdid edir və şəhərimizdə qorxu yaradır, onun həyatına müdaxilə edir", - qubernator Tim Uoltz deyib.

Donald Tramp isə daha sərt reaksiya verib. Prezident Floydun ölümünün "dəhşət, kədər və qəzəb yaradan bir faciə" olduğunu etiraf edib. Lakin iğtişaşı vaxtında sakitləşdirməyən ştat səlahiyyətlilərini də tənqid edib. O, etirazçıları "quldur" adlandırıb və güc tətbiq edilməsini alqışlayıb.

Bazar günü təhlükəsizlik xidməti dövlət başçısını Ağ Evin yeraltı bunkerinə göndərib. Yalnız təhdid sovuşandan sonra Tramp oradan çıxa bilib.

Günahkar axtarışında

Tez bir zamanda iğtişaşlarda Rusiya izini "tapdılar".

"Mən onların (Rusiyanın – red.) iğtişaşlarda iştirakını istisna etmirəm", - Nyu-Orlean şəhərinin meri Mark Morial CNN-in efirində bildirib.

Bir neçə gündən sonra estafeti Barak Obama administrasiyasının milli təhlükəsizlik üzrə müşaviri Syuzan Rays alıb. Elə CNN-in efirindəcə o, etirazçıların "Rusiyanın təlimatına" uyğun hərəkət etdiyini iddia edib.

"Dinc nümayişçilər var. Onlar ədalətsizliyə və bərabərsizliyə qarşı çıxırlar. Ancaq etirazların gündəmini ələ keçirməyə çalışan təxribatçılar da var. Təcrübə mənə deyir ki, onlar birbaşa Rusiyanın taktiki sxemlər toplusuna uyğun hərəkət edirlər", - Rays deyib.

"Rusiya izi" axtarışına başlayan Amerika mediası Moskvaya qarşı irəli sürülən növbəti ittihamı xatırlayıb. Bir neçə il əvvəl Vaşinqtonda rusiyalı hakerlərin "Black Lives Matter" hərəkatını dəstəklədiyi iddia edilirdi. Bu hərəkatın fəalları da polis özbaşınalığına qarşı çıxırdılar.

"Rusiya izi" ilə əlaqədar müzakirələri Tramp tənqid edib. Prezident CNN-in bunu reytinq əldə etmək üçün etdiyini deyib.

Moskva da susmayıb. Prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya "heç vaxt Amerikanın işlərinə müdaxilə etməyib və indi müdaxilə etmək niyyətində deyil".

Amerikanın qütbləşməsi

"Amerika cəmiyyəti son dərəcə qütbləşib". Ali İqtisad Məktəbinin Avropa və Beynəlxalq Kompleks Tədqiqatlar Mərkəzinin direktor müavini Dmitri Suslov etirazların kütləvi xarakterini bununla izah edir.

"Bəzi amerikalılar liberal dəyərlərin tərəfdarıdır, bəziləri isə mühafizəkar olduqlarını söyləyirlər. Mühacirət tərəfdarları var, ancaq Meksika ilə sərhəddə divarın tikilməsini dəstəkləyənlər də çoxdur. Qlobalistlər və proteksionistlər arasındakı qarşıdurmanı da bura əlavə edin. Minneapolis irq problemini də xatırlatdı. "Qaynar qazan" ağdərili əhali üçün işə yarayıb, ancaq qaradərililər cəmiyyətin tam hüquqlu bir hissəsinə çevrilə bilməyiblər", - Suslov RİA Novosti-yə izah edib.

Mütəxəssisin fikrincə, koronavirus pandemiyası afroamerikalıların həssaslığını vurğulayıb.

"Qaradərili əhali arasında infeksiyadan ölüm nisbəti daha yüksəkdir. Çox güman ki, bu, dərmanlara çıxış imkanlarının məhdud olmasının nəticəsidir. Afroamerikalılar ağlara nisbətən gəlirləri az olduğuna görə bahalı müalicə ala bilmirlər", - Suslov deyir.

Qabaqdangəlmə ittihamlar

Politoloq "Rusiya izi"nin axtarışını hakimiyyətin daxili ziddiyyətləri qəbul etmək istəməməsi ilə əlaqələndirir.

"Amerika elitası cəmiyyətin sağlam olduğuna inanır. Hər şeyi guya Tramp və ruslar korlayırlar. Trampı çıxarsanız və "Rusiya izi"ni ləğv etsəniz, ölkə normala qayıdacaq. Ancaq şəhərlərdə baş verən iğtişaşlar bu normallığın çoxdan olmadığını göstərir. Heç kim ciddi islahatlara ehtiyac olduğunu qəbul etmir", - Suslov deyir.

Politoloqun fikrincə, Raysın çıxışını seçki kampaniyasına uyğun qəbul etmək lazımdır:

"Güman edə bilərik ki, keçmiş rəsmi Co Baydenin növbəti prezident olacağı təqdirdə onun komandasına qoşulmağı planlaşdırır. Moskvaya qarşı ittihamlar isə Kremllə birgə hərəkət etdiyi iddia edilən Trampa qarşı demokratların təzyiqinin davamıdır".

Suslov Baydenin qələbəsinin daha bir "Rusiya işi"nin başlamasına səbəb olacağını istisna etmir.

"Amerikalılar dərhal Moskvanı seçkiyə təsir etmək niyyətində günahlandırdılar. İndi bu daha da artıb. Demokratlar Minneapolisdəki talanlara görə sanksiya təklif edə bilərlər. Bayden ümumiyyətlə Moskvanı Amerika cəmiyyətini məhv etməkdə ittiham edə bilər və bunu seçki tezislərindən birinə çevirə bilər," - politoloq proqnozlaşdırır.

Ekspertin fikrincə, xarici düşmən axtarışı nə Rusiya-Amerika münasibətlərinə, nə də beynəlxalq təhlükəsizlik sisteminə yaxşı təsir göstərəcək. Üstəlik, adi ideoloji stereotiplərdən istifadə cəhdi Amerikanın özü üçün təhlükəlidir: nəticədə etirazlar, habelə onlara səbəb olmuş problemlər realdır. "Rusiya izi"nə eyham vurmaqla isə heç bir şeyi həll edilməyəcək.

0
Əlaqədar
Qaradərilinin ölümü ilə əlaqədar aksiyalar ABŞ-dan Kanadaya sıçradı
Etiraz aksiyaları koronavirusu yaya bilər – Minnesota qubernatoru narahatlığını bildirdi
İğtişaş paytaxta da çatdı: Mağazalar və ofislər...
"Yəqin ki, bu, ruslardır": Amerikanın "reallıq pultu" sındırılıb
Senator: Rusiyanın ABŞ-dakı etirazlarda iştirakı barədə deyilənlər feykdir
ABŞ Prezidenti Donald Tramp

"O bizim tariximizdə ən böyük təhdiddir" Trampı sərt tənqid etdilər

4
(Yenilənib 19:34 02.06.2020)
" Tramp əksini edib – öz vətəndaş hüquqlarının qorunmasını tələb edən vətəndaşlara qarşı qoşun yeritdi"

BAKI, 2 iyun — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Trampın iğtişaşların baş verdiyi şəhərlərdə ağır silahlara malik ordunu yerləşdirəcəyinə dair bəyanatları faşist bəyanatlarına bənzəyir. Sputnik Azərbaycan "The Washington Post"a istinadən xəbər verir ki, bu müqayisəni Oreqon ştatının senatoru, Demokrat partiyasının üzvü Ronald Li Uayden aparıb.

Nümayəndələr palatasının Kentukkidən olan üzvü Con Yarmut hesab edir ki, bununla da Tramp milyonlarla amerikalıya və ABŞ konstitusiyasının birinci düzəlişinə müharibə elan edib: "O, bizim tariximizdə ən böyük təhdiddir".

Demokratlar partiyasından olan konqresmen Co Nequs isə xatırladıb ki, 1957-ci ildə ABŞ-ın 34-cü prezidenti Duayt Eyzenhauer seqreqasiya ilə mübarizə və vətəndaş haqlarının qorunması üçün qoşunlar yeritmişdi. Onun sözlərinə görə, Tramp əksini edib – öz vətəndaş hüquqlarının qorunmasını tələb edən vətəndaşlara qarşı qoşunları hərəkətə gətirib.

Qeyd edək ki, ABŞ-ı sarsıdan iğtişaşlar dalğası Minneapolisdə afroamerikalı Corc Floydun polisin əli ilə öldürülməsindən sonra başlayıb.

Ümumilikdə, Los-Anceles, San-Fransisko, Beverli-Hills, Çikaqo, Orlando, Atlanta, Denver, Qərbi Hollivud və başqaları da daxil olmaqla Amerikanın 40-dan çox şəhəri öz ərazisində komendant saatı tətbiq edib.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Demokrat Partiyasından olan qubernatorları və merləri vəziyyətin nizamlanması üçün Milli Qvardiyanı cəlb etməyə çağırıb.

4
Əlaqədar
ABŞ-da polis üsyana səbəb oldu: yenə "günahkar" qaradərilidir
Senator: Rusiyanın ABŞ-dakı etirazlarda iştirakı barədə deyilənlər feykdir
ABŞ Rusiyanı Minneapolis etirazlarında əli olmaqda günahlandırır
Nyu-Yorkda talan başlayıb, polis əhalini sakitləşdirə bilmir
Maykl Ceksonun bacısından azərbaycanlı ulduza dəstək