Conni Bobbit

Yaxşılığa yamanlıq belə olur: Cütlük misli görünməmiş fırıldaq etdi…

283
(Yenilənib 03:24 28.08.2018)
Onlar yığılan pula özlərinə lüks avtomobil alıblar, tətilə gediblər və qumar oynamağa başlayıblar

BAKI, 28 avqust — Sputnik. ABŞ-da misli görünməmiş hadisə baş verib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, evsiz şəxs üçün yardım kampaniyasına başlayan qadın yığdığı pulları sevgilisi ilə birləşərək xərcləyib.

Kampaniyanı başladan Keyt MakKlur adlı qadın keçən ilin oktyabr ayında Filadelfiyada benzini bitdiyi üçün yolda qalıb. Yolun kənarında yaşayan Conni Bobbit adlı şəxs Keytə kömək edir. Bobbit qadına qapını kilidləməyi tapşırıb və özündə olan son 20 dollara yanacaq alıb gətirib.

Keyt MakKlur Conni Bobbitlə
Keyt MakKlur Conni Bobbitlə

MaKKlur çox təsirlənib və bu yaxşılığa qarşılıq olaraq evsiz adama səhər yeməyi, yun corab və bir qədər də pul verib. Bununla yanaşı, qadın internet üzərindən Bobbit üçün ev almaq məqsədilə kampaniya başladıb. Qadının hədəfi Bobbit üçün 10 min dollar toplamaq olub. Ancaq hekayə “Waşinqton Post” daxil olmaqla, aparıcı qəzetlərdə çıxdığından, bütün ölkə kampaniyaya qoşulub.

MakKlur sevgilisi Mark Damiko ilə "Good Morning Amerika" proqramına çıxıb və bir neçə ay ərzində kompaniyaya 14 min nəfər qoşulub. Sonda Bobbit üçün 400 min dollar yığılıb. 

Ancaq cütlük pulu Bobbitə verməyib. Onlar yığılan pula özlərinə lüks avtomobil alıblar, tətilə gediblər və qumar oynamağa başlayıblar. Əslində isə yığılan pula Bobbitə ev və avtomobil alınmalı idi. Ancaq cütlük bunun əvəzinə evsiz adama daha ucuz başa gələn “ev-avtomobil” alıb.

Avtomobil cütlüyün adına sənədləşdirilib və Damikonun ailəsinə məxsus ərazidə saxlanılıb. Cütlüyün bundan başqa Bobbitə bir televizor, iki mobil telefon, geyim, qida və daha sonra çox ucuz qiymətə avtomobil aldıqları da məlum olub.

Damiko qalan 200 min dolları öz hesabına qoyub, Bobbit iş tapacağı və narkotik asılılğından qurtulduğu zaman bu pulu ona verəcəyini qeyd edib.

Amma Amerika mətbuatı oteldə çalışan Mak Klur və dülgər sevgilisinin pulları başqa yerlərə xərclədiyini müəyyən edib. Cütlük bu pula BMW markalı bir avtomobil alaraq, Florida, Kaliforniya və Las-Veqasda istirahət edib. Hətta KİV Damikonun bu hesabdan 500 dollar çıxararaq qumar oynadığını da müəyyən edib.

Damiko bu puldan bir miqdarını öz zəhmət haqqı olaraq xərclədiyini deyib. Bobbit isə 3 həftədir ki, narkotik vasitələrdən imtina etdiyini və işsiz olduğunu qeyd edərək, cütlüyü acgöz adlandırıb.

283
Teqlər:
kampaniya, fırıldaq, evsiz, mənimsəmə, yardım, ABŞ