Türk nazirdən ABŞ-ın yeni sanksiya siqnalı verməsinə sərt reaksiya

© Photo : Twitter / Ruhsar PekcanRuhsar Pekcan
Ruhsar Pekcan - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin ticarət naziri Ruhsar Pekcan ABŞ-ın dünən yeni sanksiya siqnalı verməsi ilə bağlı açıqlama verib

BAKI, 17 avqust — Sputnik. ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalara yenilərini əlavə edəcəyi siqnalını verməsinə Türkiyənin Ticarət Nazirliyindən sərt reaksiya verilib. Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, Türkiyənin ticarət naziri Ruhsar Pekcan ABŞ-ın dünən yeni sanksiya siqnalı ilə bağlı açıqlama verib. Nazir Pekcan sanksiyalara eyni şəkildə qarşılıq veriləcəyini deyib.

Türkiyəli nazir bildirib ki, ABŞ-ın sanksiyalarına cavablar veriləcək: "ABŞ-ın siyasi məsələlərlə iqtisadi əməkdaşlıq məsələlərini həssaslıq göstərmədən bir-birinə qarışdırdığına şahid oluruq. Bu, təkcə ABŞ iqtisadiyyatına deyil, bütün dünya iqtisadiyyatına mənfi təsir edir. Türkiyə olaraq ABŞ-ın almış olduğu tədbirlərə Dünya Ticarət Təşkilatı qaydalarına uyğun olaraq, eyni şəkildə cavab verdik və verməyə davam edəcəyik. İstehsalçının və ixracatçının haqlı mübarizələrində hər zaman onlara dəstək olacağıq".

"Ümid edirik ki, amerikalı dostlarımız da bu həqiqəti ən qısa zamanda görəcək, qlobal iqtisadiyyat və investisiya mühiti baxımından konstruktiv addımlar atacaq. Hər zaman olduğu kimi, ABŞ ilə dialoq və əməkdaşlığa açığıq" — deyə nazir qeyd edib.

Qeyd edək ki, dünən ABŞ-ın maliyyə naziri Stiven Mnuçin rahib Branson azad edilməyəcəyi təqdirdə Türkiyəyə qarşı yeni sanksiya siqnallarını verib.

Onu da bildirək ki, ABŞ prezidenti Donald Tramp Bakı vaxtı ilə 03:30-da "Twitter" üzərindən Türkiyəyə mesajlar göndərib. Tramp rahib Endryu Bransonun həbsdə qalması münasibəti ilə Türkiyə ilə münasibətlərin daha da məhdudlaşdırılacağını bildirib.

"Türkiyə uzun müddət Birləşmiş Ştatlardan yararlandı. İndi isə ölkəmizi sevən və möhtəşəm rahib olan bir şəxsi həbs ediblər. Məsum bir şəxsin azad olunması üçün heç bir şey ödəməyəcəyik. Türkiyə ilə münasibətləri məhdudlaşdırırıq", — deyə Tramp yazıb.

Xatırladaq ki, Tramp Türkiyədən idxal edilən polad və alüminium üçün rüsumların iki dəfə artırılmasına dair sənəd imzalayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə buna cavab olaraq ABŞ istehsalı olan bütün elektron avadanlıqları boykot edib və ABŞ-dan gətirilən bir sıra mallar üzrə rüsumları artırıb.

Xəbər lenti
0