Rəşidə Tleyb

Tarixdə ilk dəfə müsəlman qadın ABŞ Konqresinə üzv olacaq

75
(Yenilənib 19:40 08.08.2018)
Fələstin əsilli amerikalı qadın Rəşidə Tlaib ABŞ Konqresinə keçirilən ilkin seçkilərdə qalib gəlib

BAKI, 8 avgust — Sputnik. Fələstin əsilli amerikalı qadın Rəşidə Tlaib ABŞ Konqresinə keçirilən ilkin seçkilərdə (praymeriz) qəbəsini qoruyub. O, konqressmen postuna vəsiqə qazanan ilk müsəlman qadın ola bilər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Huffington Post nəşri yazıb.

Bu, Demokrat Partiyasından olan Tlaibin bu qəbildən olan ilk nailiyyəti deyil. 2008-ci ildə o, Miçiqan ştatının qanunverici orqanına seçilən ilk müsəlman qadın olub.

Dünən Miçiqan ştatında keçirilən ilkin seçkilərdə Tlaib özünün beş partiyadaşını arxada qoyub. Respublikaçıların bu seçkilərdə iştirak etmədiyi faktını nəzərə alanda, demək olar ki, Tlaibin rəqibi olmayacaq və o, faktiki olaraq noyabrda Konqressə keçiriləcək aralıq seçkilərdə öz yerini qarantiya altına alıb.

"İnsanlar yəqin düşünəcəklər ki, bu, şablon fikirdir, amma mən həqiqətən də dünyanı dəyişmək istəyirəm. İstəyirəm ki, bu stolun arxasında (ABŞ Konqresində-red.) mənim kimi adamlar otursun" — deyə Tlaib Huffington Post-a müsahibəsində bildirib.

Nəşrin qeydinə görə, Tlaib Konqressdə bir sıra ideyalar irəli sürmək niyyətindədir. Bu ideyalar arasında tibbi sığortanın hər kəs üçün əlçatan olması, minimal əməkhaqqının saatda 15 dollara qaldırılması, ABŞ immiqrasiya-gömrük polisinin (ICE) ləğvi də var.

Xatırladaq ki, Tlaib Amerika Konqressində ilk olacaq, amma heç də yeganə müsəlman qadın olmayacaq. 2018-ci ildə seçkilərdə digər ştatlardan da müsəlman qadınlar iştirak edib. Qəzet isə yazıb ki, Tlaib Fələstin əsilli ilk qadın konqressmen olacaq.

75