Tehranda ABŞ-a qarşı etriazlar, axiv şəkli

Bizə düşmənimizin dostunun yanında durmaq sərf edir, yoxsa neytrallıq?

570
(Yenilənib 17:37 07.07.2018)
Azərbaycan İrana qarşı savaşda yer almır, İran isə işğalçı Ermənistanı dəstəkləyir...

BAKI, 7 iyul — Sputnik. Pentaqon Hörmüz boğazında gəmilərin sərbəst hərəkətini təmin etmək gücündədir. Bu barədə ABŞ ordusunun Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi Bil Urban deyib.

"ABŞ və tərəfdaşları regionda təhlükəsizlik və stabilliyi təmin edirlər. Biz beynəlxalq normalar əsasında naviqasiya və kommersiya daşımalarının sərbəstliyini təmin etməyə hazırıq", — o bildirib.

Qeyd edək ki, İran bundan öncə ölkə neftinin ixracına qadağa qoyulacağı halda Hörmüz boğazını bağlayacağını açıqlamışdı.

ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyalar tətbiq edəcəyi və onun neft ixracını məhdudlaşdıracağı təqdirdə, neftin bir barelinin qiyməti qısa bir zamanda 100 dollar həddinə çata bilər.

İranın OPEC-dəki nümayəndə heyətinin rəhbəri Hüseyn Kazimpur Ərdəbili bəyan edib ki, bütün dünya istehlakçılarının neft, xüsusilə də ABŞ-da benzinə görə artıq pul ödəmələrinə görə məsuliyyət bütövlüklə Donald Trampın üzərinə düşür.

ABŞ isə İran qarşısında konkret şərtlər irəli sürür. Tehranın bu şərtləri qəbul edəcəyi əlbəttə ki, inandırıcı görünmür. İranın bu gün Suriyada qalib mövqedə olduğu bir vaxtda, Vaşinqtonla sözügedən saziş özlüyündə İranın kapitulyasiyasına bərabər olardı. Tehranın Suriyada qələbə qazanması İranın İsrail sərhədlərinə birbaşa çıxış imkanı yaradır, bu isə Trampı idarə edən qüvvələri ciddi şəkildə narahat edir. Ona görə İranın bu kontekstdə geri çəkiləcəyini gözləməyə dəyməz.

Başlıca sual ondan ibarətdir ki, İranın düşmənləri Tehranın bu şərtləri qəbul edəcəyi təqdirdə, ona təhlükəsizlik və maraqlarının qorunması ilə bağlı qarantlar verməyə hazırdırmı? Tarix sübut edir ki, Vaşinqton heç bir vaxt zəmanət vermir. Bu baxımdan, İranda da anlayırlar ki, ABŞ-ın şərtlərini qəbul edəcəyi təqdirdə də Vaşinqton təzyiqlərindən əl çəkməyəcək. Tramp administrasiyası İranı xəritədən silmək istəyir. Birləşmiş Ştatların təzyiqi ilə Avropa ölkələri də İrandakı böyük layihələri ləğv ediblər.

Bütün bunların fonunda İran – Çin – Rusiya əməkdaşlığı cəlbedici görünür. Pekin İranla münasibətdə öz müstəqil siyasətini yürüdür. Lakin bu ABŞ-ın öz bazarlarını Çinin üzünə bağlamasına qədər davam edə bilər. Yəni hələlik İranla əməkdaşlığın faydaları ilə ABŞ-ın cavab addımlarının ziyanı arasındakı balans Çin şirkətlərinin xeyrinə işləyir. Mənfi balans yarandıqda, Çinin ABŞ-dakı biznesi ciddi diskomfort hiss edə bilər. Bu baxımdan, Avropa şirkətlərinin İrandan çıxacağı, boş qalan yerləri isə Çin şirkətlərinin tutacağı inandırıcı gəlmir.

Burada bir nüansa da toxunaq. İranın neft ixracatında ciddi ixtisar gözlənilmir. Nəticə etibarı ilə, İranın hər hansı "təhlükəsizlik yasıtığı" hazırlaması üçün müəyyən qədər vaxtı olacaq. Tehrana zaman qazanmaq lazımdır və İslam Respublikası buna çalışır.

Azərbaycan da İrana qarşı savaşda tərəf tutmaq istəmir. İran Azərbaycanın yaxın qonşusudur. Ermənistanla əlaqələri olsa da, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin onu da unutmaq olmaz ki, Azərbaycan özü də neft istehsalçısıdır. Sözsüz ki, İranın dünya bazarına neft çıxarması Azərbaycana təsirsiz ötüşmür. Üstəlik İran qaz istehsalçısı kimi də Azərbaycana müəyyən təhlükələr törədə bilər. İran hazırda öz qazını Ermənistan üzərindən keçirməklə Gürcüstana çıxarmaq istəyir. Bu isə Azərbaycanın maraqları ilə birbaşa olaraq ziddiyyət təşkil edir. Lakin Azərbaycanın təzyiqindən sonra Gürcüstan bu məsələ ilə bağlı fikrini dəyişdi.

Bakı Tehrana qarşı savaşda yer almasa da, anlayır ki, bu ölkəyə tətbiq olunan sanksiyaların aradan qaldırılması İranın qaz ixracı ilə bağlı planlarının da həyata keçirilməsinə şərait yarada bilər. Bu isə Azərbaycanın maraqlarına heç bir formada xidmət etmir. İran hakimiyyətində həmişə səmimiyyət çatışmzalığı müşahidə edilib. Digər tərəfdən isə İran hakimiyyəti müsəlmanların qanını tökən, ərazisini işğal edən Ermənistanla dostluq münasibətlərini qoruyub saxlayır. Bu gün Ermənistana elektrik enerjisi, ərzaq məhsulları verən dövlət məhz İrandır. Ermənistan bir növ İranın dəstəyi ilə varlığını qoruyub saxlayır. Azərbaycan İrana qarşı savaşda yer almır, İran isə işğalçı Ermənistanı dəstəkləyir…

570
Teqlər:
neytrallıq, Ermənistan, Azərbaycan, neft, sanksiya, qarşıdurma, İran, Hörmüz boğazı, Pentaqon
Valeri Jiskar d'Esten

Fransanın keçmiş prezidenti koronavirusdan öldü

6
(Yenilənib 11:05 03.12.2020)
Valeri Jiskar d'Estenin adını daşıyan fonddan verilən məlumata görə, dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.

BAKI, 3 dekabr — Sputnik. Fransanın keçmiş prezidenti Valeri Jiskar d'Esten 94 yaşında dünyasını dəyişib. Sputnik Azərbaycan-ın "Europe 1" kanalına istinadən yaydığı məlumata görə, onun adını daşıyan fonddan keçmiş prezidentin koronavirusdan öldüyü bildirilib. O da qeyd olunub ki, dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.

Siyasətçinin ölümü ilə əlaqədar həm Fransanın indiki prezidenti Emmanuel Makron, həm də əvvəllər bu ölkəyə rəhbərlik etmiş şəxslər - Nikolya Sarkozi və Fransua Olland başsağlığı veriblər.

Qeyd edək ki, noyabr ayının ortalarında Jiskar d'Esten Fransanın qərbindəki Luar et Şer departamentindəki iqamətgahından xəstəxanaya yerləşdirilmiş, noyabrın 20-də isə evə buraxılmışdı.

Bundan əvvəl keçmiş prezident ağciyər infeksiyası səbəbiylə xəstəxanaya yerləşdirilmişdi. Daha sonra həkimlər onda COVID-19 virusu aşkar etmişdilər.

Valeri Jiskar d'Esten 1926-cı ildə məmur ailəsində anadan olub. O, Ali Politexnik Məktəbi və Milli İdarəetmə Məktəbini bitirib. Şarl de Qoll və Jorj Pompidunun prezidentliyi dövründə maliyyə naziri vəzifəsində çalışıb, Fransız Demokratiyası Uğrunda İttifaq partiyasının lideri olub.

1974-cü ildə Pompidunun ölümündən sonra Jiskar d'Esten prezident seçkilərində qalib gəlib. Onun hakimiyyəti dövründə Fransa Şarl de Qollun xarici siyasətindən imtina edərək NATO strukturlarına qayıtmağa başlayıb. Eyni zamanda, siyasətçi Sovet İttifaqı ilə əlaqələri gücləndirmək üçün xeyli səy göstərib, on dəfədən çox SSRİ-yə və daha sonra Rusiyaya səfər edib.

Keçmiş prezident bir neçə əsərin və iki cildlik memuarlar kitabının müəllifidir.

6
Teqlər:
prezident, Fransa, COVID-19, Koronavirus
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

10
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

10
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb

Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

3
(Yenilənib 12:25 03.12.2020)
Üçtərəfli bəyanata əsasən, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

BAKI, 3 dekabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.

Görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi (Laçın şəhəri də bu dəhlizə daxildir) boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

3