Kompüter arxasında işləyən adam, arxiv şəkli

Gürcüstanda ermənilər əleyhinə status yazan gənc terrorizmdə günahlandırılır

786
(Yenilənib 19:42 05.07.2018)
Azər Süleymanov: "Ermənilər Tbilisidə Qarabağın bayrağı ilə dolaşıb separatçı çağırışlar edəndə, heç kəs onlara etiraz etmir, amma azərbaycanlılar bir status yazanda, məsuiliyyətə cəlb edilir"

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Gürcüstanda 2016-cı ilin aprel döyüşləri vaxtı sosial şəbəkələrdə Ermənistan əleyhinə status yazan virtual azərbaycanlı mühakimə edilir.

Bunu Sputnik Azərbaycan-a Gürcüstan parlamentini "Vahid Milli Hərəkat" partiyasından olan deputatı Azər Süleymanov bir sıra KİV-in bu barədə yaydığı məlumatı şərh edərkən bildirib.

KİV-in yazdığına görə, Gürcüstanın azərbaycanlı vətəndaşı, sosial şəbəkə istifadəçisi Orxan Abbasa qarşı "terrorizmə çağırış" maddəsi üzrə cinayət işi açılıb. Buna səbəb Orxan Abbasın 2016-cı ilin aprel döyüşləri zamanı "Facebook" sosial şəbəkəsində Ermənistan əleyhinə yazdığı statusdur. O, statusunda Gürcüstan azərbaycanlılarına müraciət edərək Tbilisidəki Ermənistan səfirliyinin binasına girmək və səfiri (həmin vaxt Ermənistanın Gürcüstanda səfiri Yuri Vardanyan idi) girov götürmək barədə çağırış edib.

Məlumatlara görə, işin materialları məxfi saxlanılır. Sənədlərdə qeyd olunur ki, Abbasov statusunda Gürcüstanda yaşayan azərbaycanlıları Ermənistan səfirliyi önündə etiraz aksiyası keçirərək Ermənistan bayrağını yandırmağa və səfirliyin binasına daxil olmağa çağırıb. Doğrudur, bu çağırışa heç kəs qoşulmayıb, lakin iki il sonra həmin statusun müəllifinə qarşı cinayət işi açılıb. 

Azər Süleymanovun sözlərinə görə, real həyatda heç kəs, hətta hüquq-mühafizə orqanlarının əməkdaşları belə Orxan Abbasın üzünü görməyiblər. Ola bilsin, bu, onun əsl ad-soyadı deyil.

"Biz Abbasovla əlaqə yaratmağa çalışdıq. Lakin o, telefonlara cavab vermir. Biz heç dəqiqləşdirə bilmirik ki, günahlandırılan şəxs Orxan Abbasdır. Ona qarşı cinayət işi açılıb. Lakin hələlik onun həbsindən söhbət getmir. Çünki o, virtual olaraq şübhəli sayılır" — deyə deputat bildirib.

Süleymanovun sözlərinə görə, Abbasov səfiri girov götürmək barədə çağırış etməyib. O, sadəcə Gürcüstandakı Ermənistan səfirliyinin binası önündə piket keçirməyi təklif edib.

2016-cı ilin aprel hadisələri zamanı Azər Süleymanov Gürcüstan azərbaycanlılarını könüllülər batalyonu yaradaraq tarixi vətənləri olan Azərbaycan torpaqlarını düşməndən müdafiə etmək barədə çağırış edib. 

Qəhvəyi qalxanlı böcək
© Photo : Azərbaycan Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzi

"Gürcüstan vətəndaşları olan ermənilər istəyirdilər ki, mənə qarşı da cinayət işi açılsın. Onlar məni təhriketmədə günahlandırırdılar. Lakin mən Gürcüstan hökumətinə izah etdim ki, bu, sizə Gürcüstan əleyhinə hərbi əməliyyatlarda iştirak edən İvan Baqramyan adına batalyon deyil. Bu, Azərbaycan ərazisində Ermənistan Silahlı Qüvvələrinə qarşı döyüşəcək könüllülərdir. Mən açıq şəkildə Azərbaycan prezidentinə müraciət edərək Gürcüstan azərbaycanlılarının Azərbaycan ərazilərinin işğaldan azad edilməsi uğrunda döyüşməyə hazır olduqlarını bildirdim" — Süleymanov deyib.

Deputat qeyd edib ki, onun cinayət məsuliyyətinə cəlb edilməsinin təşəbbüskarları Gürcüstanın erməni əsilli vətəndaşları olub. Lakin Gürcüstan hökuməti onların istəklərini yerinə yetirməyib.

Bununla yanaşı, deputat diqqəti hazırda Gürcüstanda bir çox paradoksların olduğuna cəlb edib: son zamanlar erməni fəalları tərəfindən törədilmiş xeyli insident baş verib. Gürcüstandakı erməni lobbisi xeyli fəallaşıb.

"Maraqlıdır ki, hər il aprel və may aylarında Qarabağ separatçılarının bayrağı Tbilisinin mərkəzində peyda olur və bu bayraqlarla Bakıya qədər getməyə çağırışlar edilir. Lakin Gürcüstanın hökumətində heç kim bunu terrorizm kimi qəbul etmir. Hər il əllərində məşəllər və separatçı şüarlarla yürüşlər keçirirlər, lakin heç kəs onların çağırışlarının fərqinə varmır. Axı terrorizm separatizmin nəticəsidir. Erməni icmasının bütün bu fəaliyyətləri cəzasız qalır. Əgər bunu azərbaycanlılar etsəydilər, indi bütün dünyaya səs salmışdılar" — deyə deputat bildirib. 

Bütün bunlarla yanaşı, iyulun 3-də məlum statusun müəllifi Orxan Abbas özünün Facebook sosial şəbəkəsindəki səhifəsində yazıb ki, "Ermənistan əlehinə status yazdığım üçün haqqımda terrora çağırış maddəsi ilə açılmış cinayət işi ilə bağlı bu gün saat 16.00-da Tiflis Şəhər Məhkəməsində üçüncü məhkəmə prosesi olacaq."

Qeyd edək ki, qiyabi həbs cəzası təcrübəsi ABŞ və Qərbi Avropa ölkələrində mövcuddur. Lakin bu qayda o zaman keçərlidir ki, törədilmiş cinayət ciddi siyasi və iqtisadi əhəmiyyət daşısın.

Ümumiyyətlə, şübhəlinin mühakimə prosesində iştirakı təkcə onun hüququ deyil, həm də vəzifəsidir. Bu, onun müdafiə hüququnu təmin etmək üçün lazımdır.

786
Əlaqədar
Həyəcan təbili çalınır: Gürcüstandakı azərbaycanlıların bədbəxtliyinin günahkarı kimdir?
Bakıda dostunu öldürdü, qaçdı, Gürcüstanda tutuldu
Gürcüstan səfiri Azərbaycanı tərk edir
Ölkəmizdə yeni təhlükəli həşərat aşkarlanıb – O, Gürcüstana "divan tutmuşdu"
Azərbaycan, Qazaxıstan və Gürcüstana vacib təklif: Tarixi imkanı qaçırmayın
Gürcüstana gedənlər üçün bəd xəbər: Ehtiyatlı olun
Aida Mahmudovanın PASTPRESENTFUTURE sərgisi

Azərbaycanlı rəssamın ABŞ-da ikinci fərdi sərgisi açılıb

7
(Yenilənib 21:11 15.01.2021)
Fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

BAKI, 15 yanvar — Sputnik. Tanınmış azərbaycanlı rəssam Aida Mahmudovanın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisi açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, fevralın 16-dək davam edəcək "Aida Mahmudova: PASTPRESENTFUTURE" sərgisi "Sapar Contemporary" inkubatorunun təşkilatçılığı ilə reallaşır.

"Sapar Contemporary" inkubatoru varlığın fraqmentar təbiətini zamanla və landşaftda təhrif olunmuş xatirələr vasitəsilə tədqiq edən yeni "Aida Mahmudova: PASTPRESENTFUTURE" seriyasını təqdim edib. Qalereyanın Mərkəzi Asiya və Qafqazda fəaliyyət göstərən nüfuzlu qadın rəssamlara dəstək istiqamətində fasiləsiz səyləri çərçivəsində təşkil edilən "PASTPRESENTFUTURE" rəssamın Amerika Birləşmiş Ştatlarında ikinci fərdi sərgisidir.

Rəssam yeni əsərində yaradıcılıq prosesinin sırf emosional və instinktiv tərəfini önə çəkmək üçün xarici məhdudiyyətlərdən (ideoloji, siyasi və ya dini) kənarda mövcud olan əsərlər yaratmaq məqsədilə keçmişi, bu günü və gələcəyi vəhdət halında birləşdirir. Nəticədə birbaşa olaraq rəssamla rəsm texnikası arasındakı əlaqədən ilhamlanan və məfhumları çılpaq şəkildə göstərən güclü əsərlər yaradılır.

Ot və quru bitkilərdən istifadə edilərək və rəssamın impressionist toxunuşları nəticəsində ərsəyə gələn "Roots" (2020) kimi əsərlər rəssamın vətəni Azərbaycanda rast gəlinən landşaftın canlandırıcı detallarını üzə çıxarır. Yer kürəsinin səthi ilə bağlı reallıqlara baş vuran Aida Mahmudovanın təsvir etdiyi bu proses təbiəti xatirələri oyadan nostalji hissi ilə doldurur. Təbəqələrin yaradılması və ya onların bir-birindən ayrılması, habelə quru bitkilər, keramika, mis də daxil olmaqla müxtəlif materialların qarışdırılması prosesi rəssam üçün fiziki olaraq böyümə və emosional şəfa tapma məqsədilə edilən məşğələyə çevrilir.

Azərbaycanın paytaxtı Bakıda yaşayıb fəaliyyət göstərən Aida Mahmudovanın rəsm əsərləri onun seçdiyi materialların fiziki təbiəti və üstünlük verdiyi dünyəvi palitrası ilə ahəngdar şəkildə uzlaşır. Onun olduqca intuitiv xarakter daşıyan axtarışları xarici sədlərdən yan keçən sevgi, itki, yaddaş və istək kimi universal insan hisslərinin bütün spektri üzrə inkişaf etməyə davam edir. Rəssamın sözlərinə görə, "cəmiyyətin bir hissəsi olaraq, biz varlığın təbiətini, başqaları ilə qarşılıqlı münasibətlərimizi müəyyən dərəcədə məhdudlaşdırırıq və bununla da ibtidai ünsiyyət kanallarını itiririk. Mənim üçün incəsənətin heç bir sərhədi yoxdur - o, ünsiyyətin istənilən forması üçün açıqdır, yaradıcılıq prosesi isə insan tərəfindən yaradılmış və buna görə də olduqca kövrək olan fundamental prinsipləri bu və ya digər dərəcədə məhv edir".

7
Şimal axını – 2 qaz kəmərinin tikintisi, arxiv şəkli

ABŞ yenə "Şimal axını-2"-yə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirdi

14
(Yenilənib 19:44 15.01.2021)
"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb.

BAKI, 15 yanvar — Sputnik. Media xəbər verir ki, "Şimal axını-2" layihəsinin iştirakçısı olan Danimarkanın "Ramboll" şirkəti Vaşinqtonun sanksiyalarından qorxaraq geri çəkilib. Həqiqətən də, 1 yanvar tarixindən etibarən ABŞ layihəyə cəlb olunan şirkətlərə qarşı tədbirləri gücləndirib. Bununla belə, kəmərin inşası davam etdirilir.

Avropada bu məsələdə yenidən ehtiraslar qızışır: almanların sanksiyalardan qorunmaq üçün fond yaratdıqları bir vaxtda, ingilislər amerikalılardan nümunə götürmək istəyirlər, isveçlilər isə "təbii qaz müharibəsi"nin başlamasından ehtiyat edirlər. Bəs bütün bunlardan sonra qaz kəmərinin taleyi necə olacaq? Bu sualın cavabı RİA Novosti-nin növbəti materialında.

Norveç də geri çəkildi

"Şimal axını-2" layihəsinin Rusiyadan kənardakı quru hissəsinin inşası uğurla başa çatdırılıb. Hazırda Almaniyanın su hövzələrində boru döşənməsi prosesi gedir, daha sonra növbə Danimarkaya çatacaq. Layihə finiş nöqtəsinə yaxınlaşmaq üzrədir. Ancaq Vaşinqton bunu görməzdən gəlir. 1 yanvar tarixindən etibarən bu ölkədə Rusiya qaz kəmərinə qarşı əlavə sanksiyaların nəzərdə tutulduğu müdafiə büdcəsi haqqında yeni qanun qüvvəyə minib.

Əsasən test, yoxlama və ya sertifikatlaşdırma xidmətləri göstərən təşkilatlardan söhbət gedir. Norveçin DNV GL şirkəti artıq boru kəmərini yoxlamaq üçün bütün fəaliyyətini dayandıracağını və layihəni sertifikatlaşdıra bilməyəcəyini bəyan edib.

Bir qədər əvvəl ABŞ Senatında respublikaçıların lideri Mitç Makkonnel əvvəllər müdafiə büdcəsi qanununun milli təhlükəsizlik üçün vacib olduğunu, "Çin və Rusiya kimi rəqib super güclərin qarşısını aldığını" bildirmişdi. Onun sözlərinə görə, bu sənəd ABŞ-ın "dənizdə, quruda, havada, kiberməkanda və kosmosda" üstünlüyünü möhkəmləndirəcək.

"Qazprom" təqribən 150 kilometr boru çəkməlidir: Danimarkada 120, Almaniyada 30 kilometrdən bir qədər çox. Qaz kəmərinin inşası 94% tamamlanıb. Vaşinqtonun Avropanın beş böyük enerji şirkəti tərəfindən maliyyələşdirilən layihənin tamamlanmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, Almaniyanın ərazi sularında iş bir illik fasilədən sonra yanvarın 11-də bərpa edilib. Yanvarın 15-dən etibarən Danimarka sularına boru döşənməsinə başlanılacaq.

Fortuna boru kəmərinə Rusiya Dəniz Xilasetmə Xidmətinin "Murman", "Baltiyskiy İssledovatel" və digər təchizat gəmiləri dəstək verəcək. Dənizdə boru döşəmə xəttinin hər iki tərəfində 200 metr enində müvəqqəti təcrid zonası yaradılacaq.

"Gazprom Export"-un baş direktoru Yelena Burmistrovanın bir qədər əvvəl qeyd etdiyi kimi, layihənin dəniz hissəsinin inşasının bitmə tarixi bir sıra amillərdən, xüsusən də hava şəraitindən asılıdır.

Müdafiə mexanizmi

Bu arada, Vaşinqton layihədə Rusiyaya kömək etdiklərini düşündüyü Avropa şirkətlərini yenidən təhdid edib. Reuters ABŞ Dövlət Departamentindəki mənbəyə istinadla bildirir: "Biz onları risk barədə xəbərdar etməyə və çox gec olmadan iş birliyindən imtina etməyə çağırırıq". Agentliyin məlumatına görə, yaxın günlərdə Ağ Ev "arzu olunmayan" şirkətlərin siyahısını açıqlayacaq.

Rusiya Xarici İşlər Nazirliyi isə vurğulayır: "Vaşinqton "Qazprom"un Qərbi Avropa tərəfdaşlarına nə qədər təzyiq göstərir-göstərsin, Moskvanın "Şimal axını-2" layihəsinin uğurla tamamlanacağına şübhəsi yoxdur".

Almaniya "Şimal axını-2"ni hələ də iqtisadi layihə hesab etdiyindən, ABŞ-dan kənar ərazilərə şamil olunan sanksiyaları qəbul etmir. Bu məsələni Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsinin müavini Ulrike Demmer da bu günlərdə yada salıb.

Üstəlik, yanvarın əvvəlində Almaniyanın Meklenburq federal əyalətinin parlamenti regional hökumətin "İqlim və Ətraf Mühitin Mühafizəsi " ətraf mühit fondunun yaradılması ilə bağlı təşəbbüsünü səs çoxluğu ilə dəstəkləyib.

Əslində bu fond ABŞ-ın sanksiyalarından yayınmaq üçün qurulub. Qurum tikinti üçün lazım olan avadanlıqları ala biləcək. İlk növbədə, boru kəmərinin ətraf mühit üçün vacib olduğunu qəbul edəcək. Almaniyanın "Bild" qəzetinin yazdığına görə, bu "Şimal axını-2" layihəsini "ətraf mühitin qorunmasının əsas elementi" kimi təsnif etməyə imkan verəcək.

Fond istisnasız olaraq "Şimal axını-2" layihəsinə cəlb olunan kommersiya şirkətlərini qeydiyyata almaq niyyətindədir. Sanksiyalarla təhdid olunan şirkətlər Rusiya tərəfi ilə həmin kommersiya qurumlarının təqdim etdiyi iqtisadi alətlər vasitəsilə qarşılıqlı əlaqədə olacaq.

Vaxt çatacaqmı?

Bəs almanlar özlərini sanksiyalardan qorumaq üçün vaxt tapacaqlarmı? Bu məsələdə ekspertlərin fikri ikiyə haçalanır. "TMT"-nin direktoru Daniil Rostovtsev bildirir ki, bir tərəfdən, fondun Vaşinqtonun sanksiyalarını nəzərə almamaq üçün kifayət qədər sərmayə və gücü var.

"Bununla belə, fondun təşəbbüsü cəmiyyətdə, xüsusən də "yaşıl siyasəti" dəstəkləyənlərdə narazılıq doğurur. Ekoloqlar belə hesab edirlər ki, layihənin bu şəkildə təbliği qeyri-etikdir və hiddət doğurur, eyni zamanda, ətraf mühit üçün təhlükəlidir", – deyə analitik vurğulayır. Onun sözlərinə görə, indi əsas məsələ "Şimal axını-2" layihəsinin tərəfdarlarının cəmiyyətlə dil tapıb-tapmayacağıdır.

Müstəqil sənaye mütəxəssisi Leonid Xazanov isə belə hesab edir ki, hər bir halda, Berlin Vaşinqtona güzəştə getməyəcək: Almaniyaya Amerikanın maye qazından xeyli ucuz olan Rusiyanın "mavi yanacağı" lazımdır. Üstəlik, Rusiya ilə iqtisadi əlaqələri qoruyub saxlamaq Almaniya üçün çox vacibdir. Çünki Rusiya bazarı alman şirkətləri üçün strateji əhəmiyyət daşıyır.

"Əlbəttə ki, fond sanksiyalara məruz qalacaq, amma bu effekt verməyəcək. Çünki onun podratçılarına qarşı yeni bir qanun layihəsi hazırlanmalı, Konqresdən keçirməli və prezidentin imzalamasını gözləməlidirlər. Bu isə ümumilkdə yarım il vaxt tələb edir ki, həmin müddətə qədər layihə tamamlanacaq", – deyə mütəxəssis qeyd edir.

Bununla belə, Xazanov kəmərin istismara verilmə ərəfəsində, özü də məhz ABŞ-ın müdafiə büdcəsində nəzərdə tutulan sanksiyalar səbəbindən.çətinliklərlə qarşılaşacağını istisna etmir.

Qorxu və nifrət

İngilislər də amerikalılardan nümunə götürmək fikrindədirlər. Britaniyanın Mühafizəkarlar Partiyasından olan parlament üzvü Deniel Koçinski bəyan edib ki, Rusiyanın qaz kəməri həddən artıq təhlükəlidir, çünki NATO ölkələri ərazisində yerləşən bütün qaz və neft şəbəkələrini adlayaraq "birbaşa Rusiyaya" aparır.

Onun sözlərinə görə, böyük britaniyalılar artıq Avropa Şurasının üzvü olmadıqlarından, "amerikalı dostlarının yolu ilə gedərək "Şimal axını-2" qaz kəmərinin inşasına cəlb olunmuş istənilən şirkətə qarşı sanskiya tətbiq etməlidirlər.

Bu arada, İsveçdə Co Baydenin prezidentliyi dövründə "qaz müharibələri"nin başlayacağından ehtiyat edirlər. Svenska Dagbladetin vurğuladığı kimi bu amerikalı demokrat məsələyə öz rəqibi Donald Trampdan da sərt yanaşa bilər.

Baydenin prezidentliyinin "Qazprom" üçün mənfi aspekti onun yaşıl enerji siyasətini dəstəkləməsidir. Demokratlar 2035-ci ilə qədər təmiz enerjiyə keçmək üçün 2 trilyon dollar xərcləməyi planlaşdırır. 2050-ci ilə kimi isə atmosferə sıfır tullantı hədəfinə nail olmaq nəzərdə tutulur. Ancaq "yaşıl enerji" siyasəti də Rusiyaya əl verir. Çünki "Şimal axını-2" kəməri ilə yalnız təbii qaz deyil, həm də hidrogen ötürmək mümkündür. Avropanın hidrogen yanacağına tələbatı isə potensial olaraq çox yüksəkdir.

Digər tərəfdən, ABŞ-ın özündə belə Ağ Evin "rus kəmərinə" vəd etdiklərini yerinə yetirə biləcəyinə şübhə ilə yanaşırlar. Virciniya ştatının keçmiş senatoru Riçard Blek əmin edir ki, Bayden tikintinin səssizcə başa çatdırılması barədə Moskva ilə razılığa gəlməyə üstünlük verəcək. Bunun müqabilində isə Rusiya ilə Vaşinqton üçün bəzi faydalı sövdələşmələrə nail olmağa çalışacaq.

14
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0