Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Rəsmi: Ərdoğan Türkiyə prezidenti seçildi

144
(Yenilənib 09:25 25.06.2018)
Son nəticələrə görə, Ərdoğan seçicilərin 52.5% səsini toplayaraq ilk turda yenidən prezident seçilib

BAKI, 25 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 24-də keçirilən növbədənkənar prezident seçkilərində səslərin mütləq əksəriyyətini qazanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu bazar ertəsi Yüksək Seçim Kurulunun rəhbəri Sədi Güvən deyib.

"Tam dəqiq olmayan nəticələrə görə, cənab Rəcəb Tayyib Ərdoğanın etibarlı səslərin əksəriyyətini qazandığı aydın olur" — deyə o bildirib.

Güvən həmçinin qeyd edib ki, seçkilərin nəticələri ilə bağlı hələ ki, heç bir etiraz daxil olmayıb. YSK sədrinin sözlərinə görə, seçkilərdə seçici sayı 56 milyon 352 min 652 nəfər təşkil edib.

Son nəticələrə görə, Ərdoğan seçicilərin 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.

Onun əsas rəqibi, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə 31% səs toplaya bilib. Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş 8,2%, keçən ilin payızında qurulan İyi Partiyanın namizədi Meral Akşener 7,4%, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9%, Vətən Partiyasının sədri Doğu Perinçek isə 0,2% səs toplayıb.

Bu seçkidən sonra Türkiyədə parlamentar sistemin sonuna gəlinib. 16 aprel 2017-ci ildə keçirilən konstitusiya dəyişikliyi referendumunda Türkiyənin prezident üsulu ilə idarə edilməsi qərarlaşdırılıb. 24 iyundakı seçkidən sonra Türkiyə  tamamilə prezident üsul-idarəsinə keçib.

Parlament mandatı  uğrunda aparılan seçki mübarizəsində də AKP-MHP-BBP-nin qurduqları "Cümhur İttifaqı"  53,6% səslə  qalib gəlib. Müxalifət partiyalarının "Millət İttifaqı" adlı  seçki bloku isə 34,1% səs toplaya bilib. 10%-lıq bariyeri dəf edən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyasın 11.5% səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb.

Millət vəkillərinin sayının 550-dən 600-dək artırılmasından sonra  keçirilən ilk seçkidə AKP  məclisdəki çoxluğunu itirərək 293 mandat qazana bilib. Ancaq seçkiyə MHP ilə ittifaqda getdiyinə görə, 49 mandat qazanan MHP-nin AKP ilə  məclisdəki ümumi mandat sayı 339-a yüksəlib ki, bu da faktiki olaraq məclis çoxluğunun təmin edilməsi deməkdir. Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (22.74%- 146 mandat), HDP-nin (11.7%- 67 mandat) və İyi Partiyanın   (10.07-45 mandat)  qurduğu ittifaq isə məclisdə çoxluğu ələ keçirə bilməyib.

Yekun nəticə iyulun 29-da elan ediləcək.

144
Teqlər:
seçkilər, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, qələbə, parlament, elan, prezident
Əlaqədar
Məhərrəm İncə etiraf etdi: "Seçkinin nəticələrini tanıyıram"
Ərdoğandan ilk mesaj: "Davam"
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərib
Səslərin 90 faizə yaxını sayılıb: Ərdoğan liderdir
Türkiyədə səsvermə başa çatdı, nəticələr tezliklə açıqlanacaq