Qüds, arxiv şəkli

Müsəlmanların ilk qibləsinin işğal edildiyi gün

216
(Yenilənib 04:13 07.06.2018)
Qüds həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər üçün müqəddəs sayılır

BAKI, 7 iyun — Sputnik. Qüdsün (ərəb القدس‎‎ əl-Qüds, (ivr. יְרוּשָׁלַיִם‎ Yerushalayim və ya Yerusəlim) işğal edildiyi gündür. Yaxın Şərqdə, Aralıq dənizi ilə Ölü dəniz arasında yerləşən və dünyanın ən qədim şəhərlərindən biri olan Qüdsün işğalı 1967-ci il iyunun 7-si sayılır.

Qüds həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər üçün müqəddəs sayılır. Köhnə Şəhərdə qala divarları ilə dövrələnmiş ərazidə üç səmavi dinin — islam, xristian və yəhudi dinlərinin müqəddəs məbədləri yerləşir.

Qüds üç böyük din arasındakı ortaq nöqtә kimi bәşәriyyәt tarixindә özәl bir әhәmiyyәt daşıyır. Qüdsdә olan Əl-Əqsa məscidi müsәlmanların ilk qiblәsidir. Qüds müsәlmanlar üçün Məkkə vә Mədinədәn sonra üçüncü müqәddәs şәhәrdir.

Müsəlmanlar üçün Qüds Əl-Əqsa məscidinin yerləşdiyi, xristianlar üçün İsa peyğəmbərin son günlərini yaşadığı, həvarilərlə Gizli Görüş keçirdiyi, çarmıxa çəkildiyi və zühur etdiyi, yəhudilər üçün İbrahim peyğəmbərin oğlu İsmayılı qurban kəsdiyi yer, Süleyman peyğəmbərin sarayının olduğu, Davud peyğəmbərin şöhrət qazandığı şəhərdir.

Dünyanın ən qədim şəhərlərindən biri olan Qüdsün adı qədim Mesopotamiyanın mixi yazılarında "Tanrının şəhəri" anlamına gəldiyi düşünülən "Urusalima" olaraq göstərilir. Yəhudilərin şəhər üzərində hakimiyyəti dövründə e.ə. 9-cu əsrdə (İkinci Dəmir dövrü) Qüdsdə əhəmiyyətli tikinti işləri həyata keçirilmiş və 8-ci əsrdə şəhər İudeya krallığının dini və inzibati mərkəzinə çevrilmişdir. Böyük tarixi boyunca Qüds ümumilikdə iki dəfə darmadağın edilib, 23 dəfə işğal edilib, 52 dəfə hücuma məruz qalıb, 44 dəfə ələ keçirilib və yenidən azad edilib. Qüdsün David Şəhəri adlandırılan ən qədim hissəsi e.ə. 4-cü minillikdə salınıb. 1538-ci ildə darmadağın edilmiş şəhərin divarları Sultan Süleyman Qanuninin hökmranlığı altında yenidən hörülüb. Hal-hazırda həmin divarlar müsəlman, xristian, yəhudi və erməni olmaq üzrə dörd məhəllədən ibarət Köhnə Şəhəri əhatə edir. 1981-ci ildə Köhnə Şəhər Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilib. Həmin ərazi eyni zamanda təhlükədə olan Ümumdünya irsləri siyahısına da daxil edilib.

1950-ci il yanvarın 23-də Kinesset Qüdsü İsrailin paytaxtı elan edib. 1967-ci ildə baş verən Altıgünlük müharibədə isə İsrail Qüds üzərində tam nəzarəti ələ keçirir. Şəhərin tam ələ keçirilməsi tarixi kimi iyunun 7-i götürülür.

Qüdsün statusu — qızğın müzakirələr mövzusudur. Həm İsrail, həm də Fələstin Muxtariyyəti Qüdsü öz paytaxtı sayır, lakin fələstinlilərin əksəriyyəti de-fakto buraya getmək hüququndan məhrumdur. İsrailin Şərqi Qüds üzərində suverenliyi BMT və dünyanın əksər dövlətləri tərəfindən tanınmayıb. Ayırıcı divarla və ideoloji baxışlarla iki yerə bölünmüş unikal müqəddəs şəhər olan Qüdsün taleyi hələ də qeyri-müəyyəndir.

216
Teqlər:
Qüds, Fələstin, İsrail, müsəlman, işğal
Şarl Mişel, arxiv şəkli

Şarl Mişel İlham Əliyevə zəng vurub: "Narahatıq"

24
(Yenilənib 19:47 30.09.2020)
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel təmas xəttində hərbi əməliyyatların başlamasından narahatlığını ifadə edib və münaqişənin sülh yolu ilə nizamlanmasının zəruri olduğunu bildirib.

BAKI, 30 sentyabr — Sputnik. Sentyabrın 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik Azərbaycan Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadla xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel təmas xəttində hərbi əməliyyatların başlamasından narahatlığını ifadə edib və münaqişənin sülh yolu ilə nizamlanmasının zəruri olduğunu bildirib.

Dövlətimizin başçısı Ermənistanın Azərbaycana qarşı törətdiyi və bu gün də davam edən növbəti hərbi təxribatı ilə bağlı vəziyyət barədə məlumat verərək qeyd edib ki, sentyabrın 27-də Ermənistan tərəfinin qoşunların təmas xətti boyu yaşayış məntəqələrimizi, hərbi birləşmələrimizin mövqelərini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində 14 mülki şəxsimiz və hərbi qulluqçularımız həlak olublar.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ordusu buna cavab olaraq əks-hücum əməliyyatları həyata keçirir. Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan rəhbərliyi şüurlu şəkildə danışıqlar prosesini pozur. Belə ki, Ermənistan baş nazirinin "Dağlıq Qarabağ Ermənistandır" bəyanatı danışıqlar prosesinə ciddi zərbə vurub. "Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır" bəyanatı isə danışıqlar formatının dəyişdirilməsi cəhdidir ki, bu da qəbuledilməzdir və Minsk qrupunun rəhbərliyi də bunu bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır, hərbi cinayətdir. Prezident İlham Əliyev bildirib ki, Ermənistan baş naziri hələ sentyabrın 27-si hərbi toqquşmalar baş verməzdən əvvəl on minlərlə könüllüdən ibarət hərbi birləşmələrin yaradılması barədə qərar vermişdi. Bu, Ermənistanın növbəti təcavüzə hazırlaşması mənası daşıyırdı.

Dövlətimizin başçısı Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyətin Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

24
Almaniya bayrağı Belində parlamentin binası üzərində, arxiv şəkli

Almaniya Türkiyə Rusiyanı Azərbaycan Ermənistana təsir etməyə çağırdı

24
(Yenilənib 19:14 30.09.2020)
Dağlıq Qarabağda münaqişənin dramatik şəkildə gərginləşməsi göstərir ki, dondurulmuş münaqişələri həll edilmiş münaqişələr etmək lazımdır, əks halda, onlar daima gərginləşəcək.

BAKI, 30 sentyabr — Sputnik. Almaniya Ermənistan və Azərbaycan münaqişəsinin uzunmüddətli həlli üçün Rusiya və Türkiyəni Cənubi Qafqazda öz "xüsusi" təsirindən istifadə etməyə çağırır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin Dövlət naziri Mixail Rot bildirib.

"Dağlıq Qarabağda münaqişənin dramatik şəkildə gərginləşməsi göstərir ki, dondurulmuş münaqişələri həll edilmiş münaqişələr etmək lazımdır, əks halda, onlar daima gərginləşəcək. Biz Ermənistan və Azərbaycanla, həmçinin region üzrə tərəfdaşlarla sıx əlaqədəyik", - deyə Almaniya Xarici İşlər Nazirliyinin Dövlət naziri bildirib.

O xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının təşəbbüsü ilə döyüşlərə son qoyulması üçün bir qətnamə qəbul edib.

24
Facebook, Instagram və WhatsApp

İnformasiya müharibəsi üçün bəzi sosial şəbəkələrin fəaliyyəti bərpa olunmalıdır

4
Ekspert: "Elə internet resursları var ki, onların müvəqqəti olaraq tamamilə dayandırılması anlaşılandır. Lakin müəyyən mütəxəssislərin beynəlxalq arenada iş aparması, informasiya müharibəsi üçün sosial mediada imkanların yaradılması məsələsinə baxılması doğru olardı"

Nigar İsgəndərova, Sputnik Azərbayan

BAKI, 30 sentyabr — Sputnik. Artıq bir neçə gündür ki, cəbhə xəttində vəziyyətin gərginləşməsi informasiya təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Artıq bir neçə gündür ki, ölkə ərazisində sosial şəbəkələrin fəaliyyətinin dayandırılması informasiya təhlükəsizliyini qorumaq istiqamətində müəyyən addımların atıldığını deməyə əsas verir.

Bəs, son  iki gündə informasiya təhlükəsizliyi ilə bağlı ümumi vəziyyəti necə qiymətləndirmək olar, nə kimi nöqsanlar qeydə alındı və nə kimi addımların atılmasına gərək var?

Bakı Dövlət Universitetinin "Jurnalistika" fakültəsinin dekanı, "Beynəlxalq Jurnalistika" kafedrasının müəllimi Vüqar Zifəroğlu deyib ki, indiki şəraitdə internetin qarşımızda açdığı imkanlar, sosial media alətləri informasiya müharibəsi problemini bizim üçün aktuallaşdırır: "Torpaqları işğal altında olan bir ölkə kimi informasiya müharibəsi bizim üçün çox həssas mövzudur. Lakin qeyd edim ki, bu gün hamımız informasiya müharibəsindən məlumatlı deyilik. Hələ də bu məsələyə bir qədər fərqli yanaşanlar var. Lakin unutmayaq ki, bu gün müharibə gedir və biz sadə həyatımızı yaşaya bilmərik. Hazırda ordumuz işğal altındakı ərazilərin azad olunması üçün döyüşlər aparır. İtkilərimiz, yaralılarımız var. Erməni tərəfi müxtəlif yalan məlumatlar vasitəsilə çaşqınlıq yaratmağa çalışır. Bu səbəbdən belə həssas dövrdə bəzi məhdudiyyətlərə, təhlükəsizlik qaydalarına əməl etməliyik".

Bu gün internetin məhdudlaşdırılmasının obyektiv səbəblərlə, xüsusən də dezinformasiyaların qarşısını almağa xidmət etdiyini deyən V.Zifəroğlu bildirir ki, burada əsas məqsəd xəbərin vaxtsız yayımlanmasının qarşısını almaqdır: "Müharibə ilə bağlı xəbərləri yayımlayarkən mütləq şəkildə müəyyən çərçivələri nəzərə almalı, nüanslara diqqət yetirməliyik. İndiki zamanda, ən birinci xəbəri mən verim, kimi nüanslardan imtina etmək lazımdır. Yalnız Müdafiə Nazirliyi tərəfindən təsdiqlənən məlumatları vermək lazımdır. Çünki bu gün Müdafiə Nazirliyimiz çox operativ şəkildə cəmiyyətimizi informasiya ilə təmin edir. İnsanları başa düşürəm, onlar qələbə xəbərlərinə acdırlar. Mən bunu başa düşürəm. Amma eyni zamanda da səbrli davranmalıyıq. Vaxtı gəlməyən, rəsmi olaraq təsdiqini tapmayan xəbərin paylaşılması döyüşçülərimiz üçün çətinliklər yarada bilər, hətta onların həyatını təhlükəyə ata bilər".

Ekspert deyir ki, təsdiqlənməyən məlumatı sosial şəbəkələr vasitəsi ilə yaymaq düzgün deyil:

"Jurnalistin bir nömrəli vəzifəsi cəmiyyəti dolğun, düzgün və obyektiv xəbərlə təmin etməkdir. Sual oluna bilər ki, dəqiqlik, yoxsa operativlik? Birmənalı şəkildə deyim ki, dəqiqlik meyarı digərlərindən daha öndə dayanmalıdır. Professional media məhz dəqiqlik, qərəzsizlik və obyektivlik üzərində işini qurur. Bir xəbərin düz olmasından nə qədər əmin oluruqsa olaq, o rəsmi təsdiqini tapmayıbsa, onu paylaşa bilmərik. Xüsusən də cəbhə xəbərlərinə həssas yanaşmaq lazımdır".

V.Zifəroğlunun fikrincə, insanlar dəqiq informasiya üçün daha etibarlı kanallara müraciət etməli və alternativ kanallar axtarmamalıdır: "Çünki nəticə etibarı ilə bu vəziyyət onları yanlış istiqamətə apara bilər. Peşəkar fəaliyyəti ilə inam doğuran informasiya mənbələrinə etibar etmək olar. Bu rəsmi xəbərlər müxtəlif həştəqlər vasitəsilə də yayımlana bilər. Ötən gün ermənilər tərəfindən müxtəlif sosial şəbəkələrdə yayılan xəbərləri də izləyirdim. Onlar çaşqınlıq içində idi. Bizim yerli, rəsmi məlumatlar başqa dillərdə də verilirdi. Biz yalnız xəbər yayımlayarkən yerli oxucuları deyil, dünya auditoriyalarını da nəzərə almalıyıq. Bizim yalan uydurmağa ehtiyacımız yoxdur".

Ekspertin sözlərinə görə, telekanallarımız cəbhə bölgəsinə ezam olunan müxbirlər vasitəsilə canlı yayım və reportajlar verirlər. Bundan başqa, internet saytlara girişdə heç bir məhdudiyyət yoxdur. Professional saytlar vasitəsilə də doğru-düzgün məlumat əldə etmək olar. Bununla şayiə texnologiyasının qarşısı alınmış olur.

İnformasiya və kommunikasiyalar məsələləri üzrə ekspert Osman Gündüz isə Sputnik Azərbaycan-a açıqlamasında digər nüanslara toxunub. Ümumilikdə, internetin məhdudlaşdırılması ilə informasiya təhlükəsizliyi ilə bağlı ötən günlərdəki durumu müsbət qiymətləndirən ekspert VPN-lə bağlı məsələyə də toxunub: "VPN-lə bağlı məsələyə xüsusi diqqət yetirmək lazımdır. Ümumiyyətlə, bunadək bizim ölkədə VPN texnologiyaya üstünlük verilməyib. Çünki Azərbaycanda hər zaman internet azad və sərbəst olub. Yalnız xarici şirkətlər, səfirliklər bu texnologiyanın üzərində oturmuşdular. Lakin bəlli məsələlərlə bağlı internetdə müəyyən məhdudiyyətlər tətbiq olunub və bu səbəbdən də əksəriyyət VPN üzərindən bu baryeri aşmağa çalışırlar. Lakin bu da doğru yanaşma deyil".

Ekspert qeyd edir ki, bu zaman trafik VPN üzərindən keçdiyi üçün müəyyən risklər yaranır. Biz ortada olan bəlli şirkəti tanımırıq və bizim bütün informasiya münasibətlərimiz həmin şirkətin üzərindən həyata keçirilir. Artıq belə bir üçüncü tərəf var. Bəzi məlumatlar, ad-soyad, parollar, bank kartı məlumatları VPN serverində qeyd olunduğu üçün burada müəyyən, xüsusən də, milli təhlükəsizlik baxımından risklər var. Çünki hökumət bu trafikə nəzarət etməkdə çətinlik çəkir.

O.Gündüz hesab edir ki, VPN üzərində digər servislər olduğundan, müəyyən xarici şirkətlər və səfirliklər istifadə etdiyindən onu bloklamaq problemlər yarada bilər. Belə olan halda isə əsas vəzifə elə vətəndaşın üzərinə düşür, zərurət olmadan VPN-dən istifadə etməmək tövsiyə olunur.

Məhdudlaşma ilə bağlı digər nüansa toxunan ekspertin fikrincə, beynəlxalq aləmə müəyyən məlumatları ötürmək üçün bəzi sosial media hesablarındakı məhdudiyyətlər məsələsinə yenidən baxmaq olar: "Elə internet resursları var ki, onların müvəqqəti olaraq tamamilə dayandırılması anlaşılandır. Məsələn, "Youtube", "Instagram", "Whatsapp"ın müvəqqəti olaraq ölkədəki fəaliyyətinin tamamilə dayandırılması anlaşılandır. Lakin müəyyən mütəxəssislərin beynəlxalq arenada iş aparması, informasiya müharibəsi üçün "Twitter" və digər sosial medialarda imkanların yaradılması məsələsinə baxılması doğru olardı. Çünki indiki şəraitdə sosial media hesablarından istifadə edərək xarici auditoriyaya mesajlar ötürmək düzgün olar".

Osman Gündüz vətəndaşları ehtiyac olmadan VPN-dən istifadə etməməyə səsləyib və informasiya təhlükəsizliyi ilə bağlı bu günədək atılan addımların təqdirəlayiq olduğunu deyib.

4