Ermənistanda ixtişaşlar

Ermənistan parlamentində təhlükəli anlar yaşanır

494
(Yenilənib 13:11 17.04.2018)
Parlamenti daxili qoşunlar və hərbçilər mühafizə etməyə başlayıb

BAKI, 17 aprel — Sputnik. Ermənistan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib. Bütün giriş və çıxışlara polis nəzarət edir. Hazırda parlamentin binasında deputatlar və jurnalistlər var.

Sputnik Ermənistan-ın məlumatına görə, bu dəqiqələrdə parlamentin xüsusi iclası başlayacaq. Deputatlar Ermənistan tarixində ilk dəfə baş naziri seçəcəklər.

Ötən gün Yerevanda müxalifətçilərin küçə hücumlarından sonra hökumət binaları polis və daxili qoşunlar tərəfindən sıx əhatəyə alınıb. Parlamentə gedən bütün yollar tikanlı məftillə haşiyələnib. Yalnız parlamentin bir çıxışı deputatlar üçün açıq saxlanıb, onu da polislər mühafizə edir.

Parlamentin binasında isə hərbçilər keşik çəkirlər. Parlamentin ətrafında, Baqramyan küçəsi ilə Proşyan küçəsinin kəsişməsində, prezidentin keçmiş qərargahı yaxınlığında xeyli sayda nümayişçi toplaşıb.

Paytaxtın digər küçələri də nümayişçilər tərəfindən tutulub. Hələlik hər hansı qarşıdurma müşahidə olunmayıb. Polis nümayişçilərə çıxıb evlərinə getmək barədə sonuncu dəfə xəbərdarlıq edib. Daxili İşlər Nazirliyi nümayişçilərə könüllü dağılışmadıqları təqdirdə, güc tətbiq olunacağını bəyan edib.

Qeyd edək ki, aprelin 13-dən başlayaraq 200 km-lik məsafədən — Ermənistanın bir sıra rayon və şəhərlərindən nümayişçilər Yerevana axışıblar. Aprelin 16-da isə onlara tələbələr də qoşulub.

"Yelk" fraksiyasının lideri, deputat Nikol Paşinyanın təşəbbüsü ilə baş qaldıran vətəndaş itaətsizliyi aksiyası nəticəsində Yerevanın bütün küçə və meydanları, avtomobil yolları, ictimai radionun, universitetlərin binaları nümayişçilər tərəfindən tutulub. Paşinyan aprelin 17-də parlamentə gedən yolların tutulmasını və nümayişçilərin parlament binasına daxil olmasını tapşırıb.

Bütün bu tədbirlərə səbəb eks-prezident Serj Sarqsyanın baş nazir postuna namizədliyinin irəli sürülməsidir. Ötən gün onun namizədliyi hakim Respublika Partiyası və onun koalisiya ortağı olan "Daşnaksütyun" tərəfindən parlamentdə rəsmən irəl sürülüb, bu gün isə səsvermə keçiriləcək. Nümayişçilər Sarqsyanın baş nazir seçilməsinə mane olmağa çalışırlar.

494
Teqlər:
Ermənistan, parlament, müxalifət, baş nazir, təhlükəsizlik tədbirləri
Əlaqədar
Ermənistanda qarşıdurma güclənir: Müxalifət Yerevanı mühasirəyə alır
Ermənistan paytaxtında cəhənnəm yaşanır
Ermənistanı kütləvi iğtişaşlar bürüyüb, etirazçılar dövlət idarələrini ələ keçirirlər